Əsas Səhifə > Güney Press > Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir

Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir


6-12-2022, 15:03
Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir
Bir qrup azərbaycanlı ekoloq-mütəxəssis öncədən planlaşdırılmış şəkildə Laçın dəhlizinə çıxaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, həmçinin Şuşa şəhəri yaxınlığında araşdırma aparıblar. Nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət olub. Vurğulanıb ki, Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssisləri həmin ərazilərə göndərilib.

Mütəxəssis heyəti onları müşayiət edən Rusiya sülhməramlı kontingentin rəhbərliyi ilə müzakirələr də aparıb. Erməni tərəfi bu prosesdən ciddi narahat olmaqla yanaşı, həm də isterikaya düşüb. Şübhə yox ki, ermənilərin belə isterik vəziyyətə düşməsi məqsədlidir.

Onlar Azərbaycan ərazilərində qanunsuz şəkildə təbii sərvətlərin talanması faktını ört-basdır etməklə yanaşı, baş verənləri hərbi-siyasi olay kimi təqdim etməyə cəhd göstəriblər. Özünü “deputat” elan etmiş Metaxe Akopyan Qarabağdan Ermənistana və əksinə hərəkət etməyin mümkün olmadığını bildirib. Deyib ki, Azərbaycan tərəfi Laçın dəhlizini bağlayıb: "Həyatı vacib yol bağlanıb və biz bu barədə danışıqlar aparmalıyıq, bu, dəhşətlidir.

Onlar mülki geyimli azərbaycanlıdırlar, guya, ekoloji problemə görə yolu bağlayıblar. Amma əsas məsələ daha dərindədir. Azərbaycanlıların tələbi daha da uzağa, Sünix (Zəngəzur) dəhlizinə gedəcək”. Deputat Arman Abovyan isə "Facebook" səhifəsində yazıb ki, Laçın dəhlizinin bağlanması ilə əlaqədar rus sülhməramlıları ilə Azərbaycan nümayəndələri arasında uzun danışıqlar gedib:

"Görünən odur ki, yolu mülki geyimdə Azərbaycan əsgərləri kəsib. Sabah eyni şəxslərin Tavuş və ya Yerasxın yollarını bağlayacaqlarına təəccüblənməyin”. Ekspert Anjela Alibekova isə fikirlərini belə ifadə edib: "Bakının çox sadə planı var. Birincisi, Laçın dəhlizini təhlükəsizlik zonası olmayan birbaşa yola çevirməkdir. Ardından sülhməramlıları oradan çıxarmaqdır. Daha sonra öz nəzarət-buraxılış məntəqələrini qurmaq fikrindədirlər. Ən yekunda isə dəhlizi istədikləri zaman bağlamaqdır. Bu gün Laçın dəhlizinə çıxmış ekoloqları sabah Azərbaycan əsgərləri əvəzləyəcək”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq. Ekspertə görə, bunu ermənilər də yaxşı dərk edirlər: "Yolun təxminən 3 saat bağlı qalması və məmurlarımızın Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi. Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışsınlar. Maraqlıdır ki, Ermənistan hakimiyyəti baş verənləri soyuqqanlı qarşılayıb, kəskin reaksiya verməyib. Qarabağdakı separatçılar isə haray-həşir salıblar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları suallar bunlardır. - Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq? Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklər?".

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bildirib ki, Azərbaycan təmsilçilərinin Rusiya "sülhməramlı"ları ilə 3 saatlıq müzakirələr nəticəsində Laçın dəhlizində "tıxac" yaratması separatçılarda qorxu yaratmaqla bərabər, həm də onlara havadarlıq edən ölkələrə, o cümlədən Fransa, Rusiya və İrana da yaxşı düşünülmüş bir mesajdır.

Partiya rəhbərinin sözlərinə görə, məsələ təkcə ermənilərin qızıl yataqlarımızı qeyri-qanuni şəkildə istismar etməsi və ekologiyamıza vurduqları ziyandan ibarət deyil: "Əsas mesaj budur ki, Azərbaycan dövləti bu ərazilərdə öz yurisdiksiyasını bərqərar etməyə, suverenliyini bərpa etməyə, dövlət institutlarının işləkliyini təmin etməyə başlayır. Bunun ardınca isə vaxtilə Xankəndi, Xocalı və digər ərazilərimizdən didərgin salınmış azərbaycanlıların öz evlərinə qayıdışına start veriləcək. Həmçinin Laçın yolunun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsi və sərhəd-gömrük postlarımızın qurulması da yaxın hədəflərimiz sırasındadır.

Hələlik bütün bu proseslərə Ağdərə rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən Qızılbulaq yataqlarının ekoloqlarımız və dağ-mədən mütəxəssislərimiz tərəfindən monitorinq edilməsi ilə start verilib. Bu isə bizə sözügedən yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni separatçı rejimin iqtisadi əsaslarını sarsıtmaq imkanı verəcək. Əla başlanğıcdır.

Rəsmi Bakı Rusiya "sülhməramlı"larının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizi separatçılardan və Ermənistan ordusunun qalıqlarından antiterror əməliyyatı keçirmədən də təmizləyə bilər.

Bunun üçün "yumşaq güc" metodlarının tətbiqi də kifayət edir. "Ekologiya" əməliyyatı məhz "yumşaq güc" metodlarından biri kimi dəyərləndirilə bilər".

Geri qayıt