Əsas Səhifə > Güney Press > Maksim Musayev VƏFAT EDİB

Maksim Musayev VƏFAT EDİB


28-10-2021, 09:28
Maksim Musayev VƏFAT EDİB
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayev oktyabrın 27-i axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu haqda mərhumun oğlu Emin Musayev məlumat çatdırıb.

Allah rəhmət eləsin!

Zəruri xatırlatma:

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956-1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960-1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961-1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991-1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991-1992" və bir neçə başqa siyasi kitabların müəllifidir. "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktoru olub.

Maksim Musayev - 12 dən çox kitabın müəllifi olub:

Heydər Əliyevin qayıdışı parlamentdə"
"Milli Şura Parlamenti 1991-1992"
"Parlamentlər və Kəndlilər 100 ildə (1905-2005)". Bakı-2008
"Azərbaycanları Deputatlar SSRİ Parlametində (1938-1988)"
"Mediada Düşüncələrim"
"Xızı XX əsrdə"
"Parlament fəsilləri və Bəxtiyar Vahabzadə"
"Atam Talıb Musayev"
"Ermənilər Amerikada"
"Parlament tribunası və Bülbülün səsi"
"Deputatın deduksiyası"
"Zahid Qaralov bələdiyyə qanunlarının yaradıcısıdır"

Ömrünün son günlərinədək Azərbaycanın yaxın tarixindəki ictimai-siyasi proseslər, Rusiya və Ermənistanın Qərbi Azərbaycan, Qarabağ məsələlərinə dair haqsız iddialarıyla bağlı araşdırma məqalələr işləyir, mütəmadi olaraq Milli Məclisin kitabxanasında çalışır, mediaya müsahibələr verirdi.

Ailəli idi, 3 övladı vardı.

Mərhumun doğma və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Geri qayıt