
İranda iki il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin apellyasiya şikayətinə yaxın vaxtlarda cavab veriləcək. DİA.AZ bildirir ki, bunu Cebhe.info-ya Fəridin anası Dilarə Əsgərova deyib.
Həbsdə olan oğlu ilə danışan ana Fərid Səfərlinin vəziyyətinin yaxşı olduğunu bildirib:
"Fərid özünü yaxşı hiss edir, yaxşıyam deyir. Amma Apellyasiya Məhkəməsindən cavab gözləyirik. Apellyasiya Məhkəməsinin nə vaxt olacağı haqqında dəqiq məlumat verməyiblər, vəkili yaxın günlərdə olacağını deyir".
Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib.
Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib.
Onun ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.