Əsas Səhifə > Güney Press > ERMƏNİLƏRİN "MİLLİ DİNİ" NECƏ YARANIB? - ARAŞDIRMA

ERMƏNİLƏRİN "MİLLİ DİNİ" NECƏ YARANIB? - ARAŞDIRMA


24-02-2013, 17:00
ERMƏNİLƏRİN "MİLLİ DİNİ" NECƏ YARANIB? - ARAŞDIRMA
Xristianlıq dininin qeyri-ənənəvi dini konfessiyaları - dini cərəyan və təriqətlərini çıxmaq şərtilə iki əsas qolu var: Pravoslav xristianlar və katolik xristianlar. Bu bölgünün tarixi hamıya bəlli olduğu üçün üzərində dayanmağa lüzum görmürük. Araşdırma mövzumuz rəsmi olaraq Erməni Apostol Kilsəsi adlanan, eyni zamanda Xristian, lakin ermənilərdən başqa heç bir xalqın ibadət etmədiyi Qriqoryanlıq məzhəbidir.
Qriqoryanlıq nədir? Məzhəbdirmi, dini əsasları nədir, niyə pravoslav və katoliklərdən ayrıdır, niyə yalnız ermənilər ibadət edir? Bu sualları cavablandırmağa çalışacağıq.

Erməni kilsəsinin doqmatik xüsusiyyətləri

Erməni kilsəsinin pravoslavlarla katoliklərə parçalanması İsa Peyğəmbərin iki - İlahi və insani xüsusiyyətdə birləşməsi məsələsinə görə baş verdi.
Erməni kilsəsi 451-ci ildə çağırılmış II Ümumdünya Kilsə Məclisinin dini ehkamla bağlı qərarını VI əsrin əvvəlində rəsmi şəkildə tənqid etmişdi. Bunun müqabilində də Pravoslav Kilsəsi erməni kilsəsini bidətçilikdə - Monofizitlikdə ittiham edir.
Bu səbəbdən də erməni kilsəsi Xristianlığın digər məzhəbləri tərəfindən Monofizit kilsə (bidətçi) olaraq qəbul edilir. Monofizitlik İsanın təbiətində həm insanın, həm də Allahın birləşdiyi nəzəriyyəsini müdafiə edir. Xalkedon Kilsə Məclisi isə bu nəzəriyyəni rədd edir. Erməni Apostol Kilsəsi Xalkedon Kilsə Məclisinin qərarlarını tanımayaraq Ortodoks kilsəsindən ayrılanlardan biridir. Ancaq erməni apostol kilsəsi özü də Monofizitliyi rədd edir və Monofizitliyin banisi Yevtixiyi də tənqid edir. Eyni zamanda anlaşılmazlığın İsanı Tanrı və insani təbiətinin vəhdəti məsələsində deyil, Xalkedon Məclisinin bunu anlatması metodundan yarandığını bildirir. Beləliklə, özünü Xristianlığın Qriqoryan məzhəbinə aid edən Erməni Apostol Kilsəsinin əslində Pravoslavlardan heç bir fərqi yoxdur!

Qriqoryan-pravoslav

Erməni kilsəsinin Xristianlıqla bağlı təlimi yekun olaraq Nerses Şnoralinin “Erməni Kilsəsi inancının şərhi”ndə ümumiləşdirilib. Əsər 1166-cı ildə Bizans imperatoru Manuil Komninə ünvanlanıb.
XIX əsrdə ilahiyyatçı İ. Troitskiy Nerses Şnoralinin “İnancın şərhi”-ni təhlil edərək aşağıdakı nəticəyə gəlir:

1. Nerses Şnorali Xalkedon Kilsəsi ilə razılaşaraq İlahi və insani təbiətin vəhdətdə təcəssümünü qəbul edir;
2. Pravoslav kilsəsi ilə razılaşaraq İsa peyğəmbərin cismini müqəddəs Məryəmlə eyni hesab edir və İsanın cisminin insani cism olduğu barədə Yevtixiyin fikrini qətiyyətlə rədd edir; Pravoslav kilsəsi ilə razılaşaraq etiraf edir ki, bu və ya digər təbiətin əsas xüsusiyyəti bir-biri ilə vəhdətdə qorunub saxlanıblar. Bununla da insani xüsusiyyətin İlahi mahiyyətdə itməsini və bir xüsusiyyətdən başqasına keçməsini rədd edir;
3. Pravoslav kilsəsi ilə razılaşaraq xüsusiyyətlərin əlaqəsini düşünür;
4. Pravoslav kilsəsi ilə razılaşaraq Yevtixiyi və Monofizitliyi rədd edir.

Lakin orta əsrlərdən başlayaraq son illərə qədər erməni kilsəsi Pravoslavlığı Diofizit, Pravoslav kilsəsi isə erməni kilsəsini Monofizit adlandirib.
1964-cü ildə Danimarkanın Aarqus şəhərində Pravoslav və Qədim Şərq kilsələrinin ruhaniləri arasında dialoq başlayır. Tərəflər bir neçə məsələlərdə razılığa gəlirlər:

- Pravoslav kilsələri Diofizit deyillər, çünki Diofizitlik Nestorianlıqdır ki, Pravoslav kilsələri də Nestorianlığı rədd edirlər.
- Qədim Şərq kilsələri, o cümlədən erməni kilsəsi Monofizit deyil, çünki Monofizitlik- Yevtixian bidətidir ki, o da erməni kilsəsi tərəfindən lənətlənib.

Kilsələr arasındakı dialoq bu günə qədər də davam edir.

Kilsə təşkilatı

Eçmiədzin Katalikosluğuna tabedir: Kilikiya katolikosluğu, Yerusəlim və Konstantinopol patriarxlığı, ABŞ (Kaliforniya və Şilmali Amerika), Cənubi Amerika, Qərbi Avropa (mərkəzi Paris), Yaxın və orta Şərq (İran - Güney Azərbaycan, Tehran, İsfahan; İraq, Misir), Balkan (Rumın, Bolqar, yunan) yeparxiyaları.
Türkiyədə yaşayan ermənilər Konstantinopol erməni-qriqoryan patriarxlığına; İran, Rusiyada yaşayan ermənilər isə Eçmiədzin patriarxlığına daxildirlər. Eçmiədzin patriarxı bütün erməni Qriqoryan inancına ibadət edənlərin başçısı sayılır və Katolikos titulu daşıyır. Erməni Qriqoryan Kilsəsinin iyerarxik quruluşunun əsasları və idarəetmə Pravoslav kilsəsində qəbul edilən qaydalarla eynidir.

Niyə Qriqoryan? Kimdir müqəddəs Qriqori?

Müqəddəs Qriqorinin həyatını IV əsr müəllifi Aqafanaqel qələmə alıb. Bu müəllif eyni zamanda ermənilərin Xristianlığı qəbul etməsi tarixinin də müəllifidir. Aqafanqelin kitabında müqəddəs qriqorinin həyatı ilə yanaşı, ona aid olan 23 moizənin toplusu da yer alır. Ona görə də kitabı həm də “Qriqorinin kitabı” və ya “Müqəddəsin təlimi” (erməni dilində “Vardapetutyun”) də adlandırırlar.
Ermənilər onu müqəddəs əzabkeş, “Böyük Ermənistan”ın maarifçisi adlandırırlar. O, 257-ci ildə anadan olub. Parfiya çar sülaləsinə - Arşakilərə aiddir. Qriqorun atası Anak hakimiyyətə gəlmək məqsədilə qohumu çar Kursarı öldürür. Buna görə də Anakın bütün nəsli məhv edilir. Qriqorini qohumlarından biri xilas edir və Kappadokiyanın Kesariya (İndiki Türkiyənin Kayseri) vilayətinə aparır və onu xristian kimi tərbiyə edir. Qriqori böyüdükdən sonra evlənir, onun iki oğlu olur. Orfan adlı oğlu keşiş olur, ikinci oğlu Arostan isə monaxlığı qəbul edərək səhraya çəkilir.
Qriqori atasının günahını yumaq üçün Tridatın (Tridatın atası çar Kursarı Qriqorinin atası Anak öldürmüşdü) xidmətinə daxil olur və ona sədaqətlə xidmət edir. Tridat Qriqorini dost kimi sevirdi, lakin onun xristian inancını qəbul etmirdi. Taxta çıxandan sonra isə Qriqorini məcbur edir ki, inancından əl çəksin. Qriqorinin itaətsizliyi Tridatı hiddətləndirir və o, sədaqətli xidmətçisini qəddar işgəncələrə məruz qoyur: onu boynuna daş bağlayıb başıaşağı asırlar, döyürlər, üfunətli tüstüdə boğurlar, təhqir edirlər, mismarlı dəmir ayaqqabılarda yeriməyə məcbur edirlər. İşgəncə verilərkən isə Qriqori müqəddəs surələr oxuyurdu. Qriqorini çarın yanına gətirəndə o sağ-salamat və çox şən görünürdü. Çar bunu görüb heyrətlənir və işgəncələrə davam etməyi əmr edir. Onu zəhərli həşəratlarla dolu olan xəndəyə salırlar. Burada 15 il qalır. Xeyirxah bir qadın ona hər gün yemək verirmiş.
Bu müddət ərzində Tridat xəstələnir, onu Qriqori müalicə edir. 301-ci ildə Tridat xaç suyuna salınır və nəticədə Xristianlığı dövlət dini elan edir.
325-ci ildə Qriqori Nikey Birinci Kilsə Məclisinə dəvət olunur, lakin özü ora gedə bilmədiyi üçün oğlunu göndərir. Elə həmin il də Qriqori kafedranı oğluna təhvil verir və özü tənhalığa çəkilir. Çox keçmir ki, dünyasını dəyişir (326) və Eçmiədzində dəfn olunur. Erməni arxiyepiskopluğunu uzun müddət Qriqorinin nəsli davam etdirir.
Min ilə yaxın müddətdə Müqəddəs Qriqorinin məzarı ziyarət yeri olub. Son 500 ildə Müqəddəs Qriqorinin nəşinin qalıqları Neapoldakı erməni kilsəsində saxlanırdı. 2000-ci il noyabrın 11-də Bütün Ermənilərin Patriarxı II Qareginə təhvil verilir. Hal-hazırda cəsədin qalıqları 2001-ci ildə inşa edilmiş Müqəddəs Qriqori kafedral kilsəsində saxlanır.
Qriqorinin həyatı VI əsrdə yunan dilinə tərcümə olunub. XX əsrdə Simeon Metafrast onu “Müqəddəslərin həyatı” kitabına daxil edib. Kitab yunan dilindən latın, gürcü, ərəb dillərinə tərcümə olunub.
Beləliklə, Erməni Apostol Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi mahiyyət etibarı ilə əslində Xristianlığın Pravoslav məzhəbi ilə eynilik təşkil edir. Xalkedon Kilsə Məclisinin dini ehkamlarını qəbul edən, lakin bu ehkamların təqdim olunma forması ilə razılaşmayan Erməni Kilsəsi son 50 ilə qədər bidətçilikdə ittiham olunaraq Pravoslav Kilsələrdən təcrid olunub. Görünür bu təcridolunma erməni xalqını heç də narahat etməyib. Nəticə etibarilə bir xalq olaraq vahid ad altında öz soydaşlarının dini və milli birliyinə nail olublar.

Geri qayıt