Əsas Səhifə > Köşələr > Məhəmməd ƏRSOY

Məhəmməd ƏRSOY


7-11-2019, 09:08
Məhəmməd ƏRSOY
Anamın Əziz Ruhuna...


Bu gün onun doğum günüdür... O isə yoxdur... Əbədi Var olan dünyadadır... Əslində O var... Biz yoxuq... Onun yaxınları... övladları...

Onu uca Tanrımız bizdən tez aldı... Bəlkə də vaxtı idi... Elə vaxtı idi... Bizə görə tez getdi... Amma biz bu dünyada Ona nə yaxşılıq qismət etdik ki, hələ Bizimlə olmağa da maraqlı olaydı...

Şeytana min lənət...

Amma Onsuz çətindir. İnsanın hər yaşda Anaya ehtiyacı var... Mənim isə daha çox...

Onsuz da doyunca nəvazişini görmədim... Yəqin o dünyada bağrıma basa biləcəm... Doyunca... Əbədi... Hər gün arzuladığım da budur... Anamın qoxusu... Anamın istisi... Anamın nəfəsi... Anamın özü...

Bu istədiklərimə görə bütün mənim olanları və olmayanları qurban verməyə hazır olduğumu mənim qədərində ANA İTKİSİ yükünün altında olanlar bilər...

Onu çox istəyirdim... Adı Lalə idi... Lalə ömrü də yaşadı...

***

Lalə ömrü yaşadın...
Sən var idin... Bahardı!
Əcəl küləyi əsdi...
Səni bizdən qopardı...

59 nə yaşdı?
Buna ömür deməzlər...
Bir yanlışlıq olubdu
Bu ölümü yeməzlər...

Yaşanası illər var
De, hara tələsirdin?
Qayıtginən, qayıt... Gəl!
Bəlkə mən öləsiydim...

Ehtiyacım var sənə...
Vaxt ver, vaxt ver sən mənə
Çox demirdim... Bircə ay...
Heç olmasa ay üzün
Bir görəydi Altunay...

Səndən sonra gələn var
De, hara tələsirdin?
Qayıtginən, qayıt... Gəl!
Bəlkə mən öləsiydim...


***

Deyirdim SƏNDƏN SONRA
Dünya tərsinə dönər...
Ağlıma da gəlməzdi...
Mənim də ANAM ÖLƏR...

Ağlıma da gəlməzdi
SƏNDƏN SONRA olaram...
Bunu kimsə bilməzdi
Anam yoxdur, mən varam...

Buna varlıq deməzlər
Mən də elə ÖLÜYƏM
Ölümümü bilməzlər
Mən də belə ÖLÜYƏM...

Aldığın o SON NƏFƏS
Mənə də son oldu bil...
O nəfəsi indi də
Oğlun buraxan deyil...

Sənsiz çətindir ANA...
Ürəyim hey göynəyir...
Uzanaydım yanına...
Görüm anam neynəyir...

Deyirdim SƏNDƏN SONRA
Dünya tərsinə dönər...
Ağlıma da gəlməzdi...
Mənim də ANAM ÖLƏR...

Məhəmməd ƏRSOY
Geri qayıt