Əsas Səhifə > Köşələr > Sərkərdə SƏRXANOĞLU

Sərkərdə SƏRXANOĞLU


12-08-2021, 17:04
Sərkərdə SƏRXANOĞLU
Yaxşı idarəetmə və idarəçilik

İdarəetmə və ya idarəçi deyildiyində, ağıla ilk növbədə hansısa bir iş yerində rəhbər mövqeyində olan şəxslər gəlir.

Xüsusilə, ölkəmizdə idarəçidən söz düşən zaman göz önündə daha çox mənfi nümunələr, özünü inkişaf etdirməyə meyilli olmayan, özündə hər hansı bir çatışmazlıq görməyən, hər şeyi hamıdan çox bildiyini iddia edən xarakterə sahib rəhbər profili canlanır. Əslində isə idarəçilik tək iş yeri ilə məhdudlaşan bir anlayış deyildir, həyatımızın hər sahəsində və hər yaşında qarşımıza çıxan və düşünüldüyü qədər də mənfi yönləri olmayan bir fəaliyyətdir. Ailənin dolanışığını təmin etmək, evin problemlərini çözmək, övladlarımızın düzgün tərbiyə və təhsil görərək, yetişməsi üçün olan səylərimiz özü də bir idarəetmə gərəkdirir. Odur ki, işdə uğurlu olmağı hədəfləyən şəxs bilməlidir ki, bu həm də ona ailəsini də yaxşı idarə etmək fürsəti təmin edəcək. Eynilə, pis idarəçi ailəni də elə işdə olduğu kimi yarıtmaz idarə edəcəkdir. İdarəetmə, qurulmuş sistemi tarazlıqda saxlamaq, tarazlıq pozulduqda kiçik toxunuşlarla təkrar yoluna qaytarmaq və bu tarazlığı nəzarətdə saxlamaqdırsa, idarəçilik bu tarazlığın qorunmasını təmin etmək, əlindəki insan resurslarından faydalı istifadə etməklə, o işin davamlılığına nail olma bacarığıdır. Həmçinin, bu bacarıqlar siyahısına rəhbərlik etdiyi qurumun və ya komandanın yaxşı idarə olunması, iş yerində faydalılığın artırılması, işçiləri işə daha çox sahiblənməyə və həvəslə işləməyə təşviq etmə daxildir. Tarixin müəyyən dönəmlərində baş verən dəyişikliklər bütün sahələrə olduğu kimi idarəetmə anlayışına da təsirsiz qalmır, bu qavram zaman keçdikcə zamanın tələblərinə uyğun formada şəkillənir. Məsələn, keçmişdə sıx-sıx qarşılaşılan məsafəli və sərt qaydalara sahib idarəçi profilinin əksinə bu gün ünsiyyət və kommunikasiya bacarıqları yüksək, öz sahəsində yetkin olduğu qədər inkişafa meyilli idarəçilərə daha çox ehtiyac duyulur.

İdarəçi profilinin dəyişməsi ilə rəhbər və işçi münasibətləri də yeni məna qazanmaqdadır. Artıq işçilərin uğur qazanmaları və özlərini inkişaf etdirmələri qədər idarəçilərin də trendlərə ayaq uydurmaları, zamanla ayaqlaşmaları və əməkdaşları ilə qurduqları ünsiyyətdə ekstra diqqətli olmaları gözlənilir. Hər kəs idarəçi mövqeyinə gətirilə bilər. Amma o kresloya oturan hər kəs yaxşı idarəçi ola bilməz. Yaxşı bir idarəçi olmanın da tələb olunduğu məziyyətlər vardır. İdarəçi, insanların vasitəsilə iş gördürən şəxsdir demişdik. Əsl işi insanların düzgün və doğru şəkildə işləməsini təmin etmək olan bir şəxsin ən başlıcası insani münasibətlərdən anlaması tələb olunur. İşçiləri üçün rahat bir şəkildə əlçatan olan, iş yerində baş verənlərə hakim bir idarəçi mövcud problemləri böyümədən həll edərək, daha dinc bir iş mühiti təmin edir. Yaxşı bir idarəçi işçilərini dinləməyi, empatiya qura bilməli, lazım gəldiyində özünü işçisinin yerinə qoya bilməlidir. Yaxşı bir idarəçidə tənqidi düşünmə qabiliyyəti inkişaf etmiş olmalıdır. Eyni zamanda özü də tənqidə açıqdır və xətalarından dərs alaraq həm özünü, həm də məsul olduğu iş yeri və ya departamentini inkişaf etdirir. Bir qərar vermədən öncə, mövzunu yaxşıca analiz edər. Zamanın doğru idarə olunması işin faydalılığı baxımından böyük əhəmiyyət kəsb etdiyi üçün, yaxşı bir idarəçi zamanını effektiv idarə etməyi bacarmalıdır. Dürüst və ədalətli olmaq da yaxşı bir idarəçidə olması gərəkən xüsusiyyətlər sırasındadır. İşçilər rəhbərinin dürüst və ədalətli idarəçiliyinə nə qədər inanarsa, işlərin faydalılığı və işə bağlılıq da o səviyyədə artacaqdır.

Hər bir idarəçinin xətası ola bilər. Lakin onun bəzi kritik xətaları əməkdaşların şirkətindən küsməsinə səbəb olur. Araşdırmalara görə, işçilərin işdən ayrılmalarının ən önəmli səbəblərindən bir idarəçilərdir. İşdən ayrılmaq istəyən əməkdaş əslində şirkətdən yox, idarəçidən ayrılır. Mövzu insanı idarə etmək olduğu zaman, idarəçilərdə çox əksikliklərə rast gəlinə bilir. Bir idarəçinin əməkdaşlarla təsirli ünsiyyət qurmasını təmin edən dəyər vermə, həssaslıq və fərqindəlilik duyğularının əksik olması ünsiyyəti böyük ölçüdə əngəlləyir. Bacarıq, texniki bilgilər asan öyrədilə bilər.

Ancaq bir insana dəyər verməyi, inanmağı və doğru davranmağı öyrətmək çox çətindir. İnsan yönümlü çalışmağı hədəfləyən bir qurumun əməkdaşlarına dəyər verən, ünsiyyət qurmağı bacaran, dinləyən və komanda çalışmasına inanan idarəçilərə üstünlük verməsi gərəkir. Sadəcə bacarıqlarına baxılaraq işə alınan idarəçilərsə əməkdaşlarla ünsiyyətdə xətalara yol verib digər işçiləri də şirkətindən küsdürə bilirlər. Yuxarıda da qeyd etdiyim kimi, həyat davamlı bir dəyişim sisteminə tabe olmuş şəkildə dövr edir. Məsafəli davranan və tutqun sifətli idarəçi profili artıq dəbdən düşüb. Bu dəyişimlə ayaqlaşa bilmək isə özünü inkişaf etdirməkdən, yeni biliklərə və sistemələrə ayaq uydura bilməkdən keçir. Sual oluna bilər ki, bəs yeni biliklərə və yeni sistemlərə necə adaptasiya olacağıq? Sevilən, hörmət edilən, ciddi uğurlar qazanan yaxşı bir idarəçi necə olur? Cavab çox sadədi; davamlı oxuyaraq özümüzü inkişaf etdirməklə. Gəldiyimiz mövqe və yaşımız nə olursa olsun, yolumuza davam edərək özümüzü inkişaf etdirməyimiz mümkündür. İstəyən və özünü inkişaf etdirməyə meylli hər kəs yaxşı idarəçi ola bilər.



Geri qayıt