Əsas Səhifə > Köşələr > İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV


14-11-2020, 08:29
İsrafil KƏRİMOV
44 gün və Azərbaycanın tam qələbəsi

Müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində Qarabağda həyata keçirdiyi misli-bərabəri olmayan döyüşlər bütün dünyanı heyrətləndirdi. Məhz bu qətiyyətli döyüşlərin nəticəsi idi ki, qısa müddətdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad edildi. Ən başlıcası isə alınmaz qala olan və Azərbaycanın qeyrət simvolu kimi dəyərləndirilən Şuşa şəhəri noyabrın 8-də azad edildi.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın təslimçilik aktıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, yalnız Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq.

Qeyd edək ki, noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə eyni qaydada aparılacaq.

Bəyanatda digər çəkən önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın qəti və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur və artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 5 il müəyyənləşdirilir.

Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında, o cümlədən sülhyaratma mərkəzində fəal iştirak edəcək. Bu isə o deməkdir ki, Qarabağda Azərbaycanın milli mənafeyinə zidd olan addımların atılmasına icazə verilməyəcək.

Bəyanatda açıq şəkildə bildirilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan etnik təmizləmə həyata keçirmək istəyindən uzaqdır. Necə ki, Şuşanın işğaldan azad edilməsi ilə hərbi üstünlüyünü daha da yüksəldən Azərbaycan Ordusu üçün Xankəndi və ətraf məntəqələrin də işğaldan azad edilməsi bir neçə günün işi idi. Məhz erməni təbliğatı bu məqamı gözləyirdi ki, ölkəmizi etnik təmizləmə törətməkdə günahlandırsın.

Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləyib.

Ermənistanın kapituliyasiya sənədində yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Qeyd edək ki, hələ bir neçə həftə əvvəl işğalçı ölkənin himayədarları tərəfindən Azərbaycan Ordusunun zəfər döyüşlərini dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran Prezident İlham Əliyev dönməzliyi və yenilməz sərkərdə qətiyyətliliyi ilə ölkəmizin milli mənafeyini uca tutdu.

Qeyd edək ki, kapitulasiyadan sonra Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla

bağlı heç bir qərar qəbul edilə bilməz. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Bir sözlə, Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diqtə edir.

Geri qayıt