Əsas Səhifə > Köşələr > Esmira İSMAYILOVA

Esmira İSMAYILOVA


14-11-2017, 12:30
Esmira İSMAYILOVA
Sabahın acığına...

...Sabah sabah olmaya da bilər...

Coxdankı adətimdir-hər yeni gün başlayanda təqvimə baxır, həmin tarixdə hansı hadisələrin baş verdiyini,kimlərin dünyaya gəldiyini,kimlərin köç etdiyini öyrənirəm.Bu gün də adətimcə təqvimdə, vikipediyada günün əhəmiyyətli hadisələrinə nəzər salanda diqqətimi səhifədəki ilk cümlə cəlb etdi-ilin sonuna 47 gün qalır. Bu cümlə məni elə tutdu ki,digərlərinə heç baxmadan təqvimi çevirdim.Deməli, cəmi 47 gündən sonra daha bir ilimiz tarixə qovuşacaq?Görəsən bu 47 günü yaşamaq kimimizin nəsibi olacaq,qismətimdə varmı?

...Dünən birgə işdən geri döndüyümüz qonşu qadın bu gün yoxdur artıq.Gecə yatdığı yerdə qəfil dünyasını dəyişib –ani ürək tutmasından. İran-İraq sərhədində baş verən zəlzələ səbəbindən də bir an içində yüzlərlə insan dünyasını dəyişdi.Hər gün bir anın badına gedən,terrorun,qəzanın,nahaq şərin güdazına gedən nə qədər insan var-tanıdığımız,tanımadığımız. Aqillərin”Hər anın öz hökmü var”- deyimində böyük həqiqət gizlənir.Olumla ölüm sərhədi anidir,bir göz qırpımıdır,bir andır.”Sərf edilmiş dəqiqəni hətta əbədiliyin özü də geri qaytara bilməz “-belə deyirdi Volter.”Nə keçmişə,nə gəlməmişə bağlama bel”-bu da Ömər Xəyyamın kəlamıdır.Bu yerdə Sədi Şirazinin də də bir deyimini xatırlamaq istəyirəm-Çün dünən keçmiş,sabahdan bir xəbər yoxdur hələ,Sən bu gün fikrində ol,Sədi ki,düşməz heç ələ!...Bəli, yaşadığımız bu anımızı dünənimiz boyu yığdıqlarımızın hamısını versək də nə dayandıra, nə də yenidən yaşaya bilmərik.Zaman qanadlı quşdur,uçub gedir.Sizi bilmirəm,mən hər dəfə qum saatına baxanda qəlbimdən bir sızıltı keçir,ötənlərin nisgilini hiss edirəm.Nə qazandım,nə itirdim,qədrini bildim,ya yelə verdim?Nə verdi ömrümə,nə apardı görən?...

Əzizinəm bir də mən,

Doldur,içim bir də mən.

Ömür keçdi,gün keçdi,

Cavan olmaram bir də mən!..

...Çox zaman günümüzü lazımlı,lazımsız sosial qayğılarla,məişət problemləri ilə o qədər yükləyirik ki,günün nə vaxt başlandığını,nə vaxt sona çatdığını fərqinə varmırıq. Yeni ilin gəlməyinə kəsdiyimiz tortun dadı damağımızdan getməmiş bu gün xəbərdar oluruq ki,sən demə ilin sonuna CƏMİ 47 GÜN QALIBMIŞ!

...Deyirlər ki,yunan filosofu Sokrat hər gününün sonunda özü-özünə hesabat verirmiş-nə itirdin,nə qazandın bu gün?Əgər həmin gün qazandıqları onu təmin etmirdisə, ac qalırdı həmin gün-Öl Sokrat,öl,sən bütün günü yelə vermisən!Bu deyim nə qədər doğrudur,bilmirəm.Amma mənli,sənli,bizli,sizli hamımız bilirik ki, bu günün qatili özümüzük.Sabah adı ilə özümüzü ovundurub,ümidləndirib,bu günümüzü yelə veririk.Düşünmürük ki,sabah sabah olmaya da bilər.Düşünmürük ki, kimimiz üçün ömür elə bu anımızda,günümüzdə bitə bilər.

Bu adi,ali həqiqəti zamanında dərk edək,sabahla özümüzü aldatmayaq. Hər anın dadını anında çıxaraq,sevdiklərimizlə,bizi sevənlərlə.Ağac əkək,gül becərək,tərbiyəli övlad böyüdək, imkansıza əl tutaq,yolda qalan yolçuya yardım edək, gəlişimizə intizar bir xəstənin ziyarətçisi olaq,bir körpənin başını sığallayaq,bir sözlə,yaxşı əməllərimizlə geri dönəcəyimiz haqq dünyamızın savab yükünü tutaq.Keçmiş etdiklərimizə,qeybətlərimizə tövbə deyək,ətalətə,biganəliyə nöqtə qoyaq.

Və elə bu an hər birimiz sabahın acığına soruşaq özümüzdən-SƏN BU GÜN NƏ ETMİSƏN?

Esmira İsmayılova-Lənkəran.

Geri qayıt