Əsas Səhifə > Güney Press > Təpədən-dırnağa Azərbaycan sevdalı şəxsiyyət

Təpədən-dırnağa Azərbaycan sevdalı şəxsiyyət


1-10-2015, 08:45
Təpədən-dırnağa Azərbaycan sevdalı şəxsiyyət
Azərbaycana tez-tez gəlir. Türkiyədə doğulub, şöhrəti dünyaya qardaş diyardan yayılsa da bütün varlığı ilə Azərbaycana bağlıdır. Hər gəlişində dədə-baba yurdunu gəzib dolaşır, ölkəmizin adına işlər görməyə çalışır...
Dünya şöhrətli cərrah, Prof. Dr. İbrahım Yıldırım Azərbaycana – vətəninə budəfəki gəlişində “Kaspi”nin qonağı oldu. Qonağımızın tibb elmindən savayı tarix, mədəniyyət, dillə bağlı - qalın-qalın kitablara mövzu ola biləcək söhbətlərinə siz də yaxın olun.

- İbrahim bəy, siz plastik cərrahsınız, amma Azərbaycan ədəbiyyatını, tarixini və milli mətbuat tariximizi gözəl bilirsiniz. Siz həmçinin Türk Folklor Qurumunun qurucususunuz. Cərrahlıq hara, folklor hara?
- Türk Folklor Qurumunun dövlət səviyyəsində çalışması üçün biz çox çalışmışıq. O zaman hər kəsin xarici ölkəyə getməsi bir möcüzə idi. Biz tələbə olaraq beynəlxalq yarışlara getmək üçün imkan qazandıq - Fransaya, Almaniyaya getdik. Biz beynəlxalq yarışlarda da böyük təcrübə əldə etdik. Folklorda idman, şeir, ədəbiyyat, musiqi, sənət var. Türkiyə folklor sahəsində çox zəngin ölkədir. Biz hər bir ölkənin bu sahədə fəaliyyəti ilə tanış olduq. O zaman tələbə idik və cibimizdə pul da yox idi, amma həvəsimiz böyük idi. Avtobusla günlərlə yol gedib hansısa ölkəyə çatırdıq. Yol boyunca konserv-çörək yeyirdik. Mən o zaman Azərbaycan folkloru ilə də maraqlanmağa başladım. Azərbaycan folklorunun, xüsusən Şimali Qafqazda xalq oyunlarının çox gözəl olduğunu müşahidə etdim. Öyrəndikcə gördüm ki, Şimali Qafqazda musiqi zəifdir, geyimlər də çeşidli deyil. Aşağı doğru endikcə gürcülər rəqsləri inkişaf etdirməyə çalışıblar. Onlar bu işə uşaqlarla başlayıblar və bu sahədə müəyyən uğurlar qazanıblar. Ancaq Azərbaycan musiqisi daha zəngindir. Sonra Azərbaycan universitetlərinin birində geyimlərlə bağlı araşdırma aparan bir xanımla tanış oldum və ona bir kitab da hədiyyə etdim. Bütün bunların fonunda «Necə gəlib, necə gediblər» deyə bəlli bir nöqtəyə gəldik. 2006-cı ildə Azərbaycandan mühacirətə gedən şirvanlılar haqqında 80 səhifəlik kitab hazırladım. «Baş üstündə bir kitabın olması» babamın vəsiyyəti idi. Azərbaycan oxucuları üçün uzun illər boyu araşdıraraq «Azərbaycandan Amasiyaya daşınan türk kültürü və şirvanlılar» əsərini yazdım. Bu əsərdə orta yüzillərdən üzü bəri Türkiyəyə köç etmiş yurddaşlarımızın mədəni irsini ortaya qoydum. Bu, məni həvəsləndirdi. Bundan sonra Azərbaycan haqqında çox oxumağa başladım.

- Sizin ailəniz 1898-ci ildə Azərbaycandan gedib. Babanız Qaçaq Kərəmi müalicə etdiyi üçün sürgün olunub. Bu tarixçə oxucular üçün də maraqlı olar...
- Azərbaycandan getməyimizin səbəbi babamla bağlı olub. O, cərrah idi. Qaçaq Kərəm yaralı vəziyyətdə babamın evinə gəlib. O da Kərəmi müalicə edib və rusların əlinə verməyərək qaçırıb. Sonra babamdan şikayət ediblər. Əvvəlcə babam Sibirə sürgün olunub. Sonra Sibirdə komandanın qızı xəstə olduğu üçün onu müalicə edib və ona «buradan qaç» deyiblər. O da Zəngəzura gəlib və bir müddət orada yaşadıqdan sonra Tiflisdə həbsxanaya salınıb. Daha sonra isə Batum, Trabzon və Samsundan keçərək Amasiyada yerləşib. Mən də orada doğulmuşam.

- Azərbaycana ilk dəfə nə zaman gəldiniz?
- İlk dəfə sovetlər dövründə – 1990-cı ildə Türk-sovet kültür anlaşması çərçivəsində Azərbaycana gələ bildim. O zaman qapılar bağlı idi. Qohum-əqrəbamı tapdım. Yadımdadır, 1961-ci ildə – mən tələbə olanda Azərbaycandan ilk dəfə olaraq Türkiyəyə bir müğənninin gəldiyini dedilər. Hamımız onun kimliyi ilə maraqlandıq və onun Rəşid Behbudov olduğunu bilincə çox sevindik. O, Ankarada konsert verdi. Daha sonra İstanbulda «Atlas» kinoteatrında «Ah, ədalət, ədalət» deyə-deyə «Kor ərəbin mahnısı»nı oxudu. Rəşid o konsertdə ilk dəfə muğamat da oxudu. Daha sonra tələbə festivalına Lütfiyar İmanovla, Zeynəb Xanlarova gəldi. Biz Zeynəbə “xalq mahnısı oxuyun, burada hamısı xalq mahnısına susayıb” dedik. Zeynəb ikinci gəlişində xalq mahnıları oxumağa başladı. Zaman keçə-keçə Azərbaycan sənətçiləri Türkiyəyə gəlməyə başladılar. Ancaq fikir və kültür adamları gec gəldi...

- Sizin araşdırmalarınız Azərbaycan xalqının xəzinəsidir. Biz Azərbaycandan Türkiyəyə mühacirətə getmiş ziyalılar haqqında məlumat almaq istərkən ilk növbədə həmin məlumatın sizin vasitənizlə əldə edəcəyimizi düşünürük. Siz Azərbaycan ziyalılarının tarixini yazmısınız. Məsələn, biz Həsən bəy Zərdabinin oglu Səffət bəy Məlik-Zərdabi haqqında məlumat əldə etmək istərdik. Midhət bəy 37-ci ildə güllələnib. O, Lənkəran Su dəryaçasının layihəsini verən mühəndis olub. Almaniyada təhsil almışdı və Türkiyədə kültür dərnəyi yaratmışdı. Bilirsiniz, Həsən bəy Zərdabi təkcə «Əkinçi» qəzetini yaratmayıb. Onun həm də 1896-cı ildən bəri «Kaspi»də müstəsna rolu olub.
- Məndə Səffət bəyin ev ünvanı var. Dərnəklər masasından isə Müdhət bəyin yaratdığı həmin kültür dərnəyi haqqında məlumat əldə etmək olar. Qurucular arasında Çingiz Göygöl adlı insan da var. Onun Gəncədən gedərkən əsl ismi İslam olub. Onların Rəfibəylilərin də qohumu olduğunu zənn edirəm. Çingiz Göygölün iki qızı var: Aliyə xanım Amerika-Türk dərnəyinin rəhbəridir. Kiçik qızı da Ankarada oxuyurdu. Mən Çingiz Göygölü ziyarət etdim. Sonra Azərbaycandan Türkiyəyə gələn Saleh Gəncə burada yerləşən mühacir azərbaycanlılarla görüşməyə başladı. O, 1967-ci ildə Türkiyəyə Niyazinin yardımı ilə gələn azərbaycanlılardan idi. Kimya mühəndisi idi. 3 ay burada qaldı və bir sıra mühacirləri tapdı. Elə insanlar vardı ki, hərbə gedərkən ailələri qalıb, elələri var ki, başqa ölkələrin vətəndaşları ilə evlənsələr də eyni adları qoyublar. Mühacirətin gətirdiyi bir sıra çətinliklər var. Biz onları yaşadıq. Bir şansım da atamın qohumu Yasin bəylə görüşməyim idi. O, Mirvari Dilbazinin dayısı idi və Qori Seminariyasını bitirmişdi. Mən Demokratik Cümhuriyyəti quranların bir qisminin konfranslarına gedərdim. Məmməd Sadıq Aran tez-tez konfranslar keçirirdi. Dərnək qurucuları arasında Səffət bəylə yanaşı Məmməd Sadıq Aranın da, Şeyxzamanlının da ismi var. Sonra mən Zeynalabdin Tağıyevin qızı Sara xanımın bacısı qızı Gülnar xanımı tanıdım. Evinə getdim. Zeynalabdin Tağıyevin şəklini böyüdüb divara vurmuşdu. Onun Zərifə adlı bacısı da Amerikada yaşayır. İstanbulda Azərbaycan baş konsulluğu açılanda mən və xanımımla birlikdə ziyafətdə iştirak etdik və orada Gülnar xanımı Abas Abdulla ilə tanış etdik. Mənim şansım bütün əski azərbaycanlıları tanımaq oldu. İkinci Dünya müharibəsindən sonra gələn insanlarla, mühacirətin ad dəyişkənliyinə uğrayan adamlarla tanış oldum. Mən bir kitab hazırlayıram, inanıram ki sizin də işinizə faydası olacaq. Bilirsinizmi, Türkiyədə heç kəs “azərbaycanlı” deyə ayrılmır, orda hər kəs türkdür. Digər tərəfdən, bütün ölkələrdə diaspor qura bilərsiniz. Amma Türkiyə öz məmləkətinizdir. O ölkədə böyüyən bir insan kimi deyirəm ki, orada diaspor üçün heç bir pul xərcləmək lazım deyil. Mən kitabı hazırlayarkən nəşrə “Azərbaycan doğumlu olub türk kültürünə böyük xidməti olan azərbaycanlılar” başlığı qoydum. Hüseyn Caviddən tutmuş Əlibəy Hüseynzadəyə qədər hamısının siyahısını çıxardım. Hafizəm məni yanıltmırsa, təxminən 60 insanın adı siyahıda yer aldı. Onların içərisində Aşurbəylilər də daxil olmaqla çox məşhur insanlar var. Aliyə Aşurbəyli Trabzon liseyində tarixdən bizə dərs deyirdi. 6 dil bilirdi. Milyonçuların yaxşı yetişdirilmiş övladlarından biri idi. Bu gəlişimdə Mərdəkana gedərək onların yaşadıqları evlərin fotolarını çəkdim. Ancaq onların özləri haqqında məlumatları yoxdur. Bilənləri də həvəsləndirirəm ki, özləri haqqında məlumatları araşdırsınlar. O zaman Sara xanım və qardaşları Türkiyəyə gələk fransız liseyində təhsil alıblar. Onlardan heç kəs yadigar qalmayıb. Çünki çoxu evlənməmişdi. Ancaq bir səhvim oldu ki, Sara xanım sağ ikən onunla görüşmədim. İlin sonuna kimi Trabzona gedəcəyəm və orada öz buraxılışımızın ildönümünü qeyd edəcəyik. Məzunlardan hər biri müəllimlərimizdən birinin həyatını araşdırırıq. Mən müəlliməm Aliyə Aşurbəylinin həyatı ilə məşğulam. Onunla bağlı çox şeylər əldə etmişəm, hətta, kitab halına gətirilə bilər.

Feyzavər xanım...

- Siz Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın həm həkimi, həm də dostusunuz. Bildiyimiz qədər siz məsləhət görməsəniz o, “azərbaycanlıyam” deyən hər insanla görüşmür. Türkiyədə Hüseyn Cavidin kitablarının təqdimatı olarkən siz onu ziyafətə gətirdiniz. Çox maraqlı söhbətimiz oldu. «Mən Azərbaycana gəlsəm bəlkə İbrahim bəylə gələrəm» də - dedi. Bu, sizə qarşı böyük bir etibardır.
- Feyzavər xanım 96 yaşındadır. Biz onunla hər gün internetdə yazışırıq. O, özü üçün müəllim tutub və kompyuteri öyrənib. Həftədə iki dəfə sərgi açır və çəkdiyi rəsmləri nümayiş etdirir. Onun əsərlərini bir çox kültür qurumları istəyir. Feyzavər xanım həmçinin əsərlərin saxlanma şəraitinin necə olacağı ilə bağlı çox narahatlıq keçirir. Onun qardaşı Səlim Turan bütün əsərlərini İstanbul Universitetinə bağışladı. Orada böyük bir qalereya var. Əli bəy Hüseynzadə özü də vaxtilə gözəl rəsmlər çəkib. Bakıdakı İncəsənət Muzeyində Əli bəy Hüseynzadəyə aid bir otaq var. O, burada “Bibiheybət” rəsmini çəkib. Bibiheybət məscidi dağıldığı üçün bərpa zamanı onu Əli bəy Hüseynzadənin əsərindən görüb yenidən çəkdilər. Səlim Turan həmçinin öz babasının rəsmini çəkib.
Mən Feyzavər xanıma dedim ki, Azərbaycandan sənə bir təyyarə yollasınlar, Salyana get atanın məzarını və abidəsini ziyarət et. Ancaq qadını ürküdüblər. Bir qadın Əli bəy Hüseynzadə ilə bağlı yazdığı kitabı ona apararaq «Oğlum bu kitabın çapına min dollar xərcləyib» - deyə həmin xərci ondan istəyib.
Əli bəy Hüseynzadə türk dünyasının yetişdirdiyi ən böyük insanlardan biri idi. O, nə uşaqlarına, nə xanımına özünü heç vaxt tərifləməyib, nə də gördüyü işləri anladıb. O, hər səhər yuxudan durub soyuq su ilə yuyunan bir insan olub. Dünya malına maraq göstərməyib. Sankt-Peterburqda fizika-riyaziyyat fakültəsini bitirəndən sonra, 20-ci əsrin milliyətçi dalğalanmasında «Öz millətimə gedəcəyəm» - deyib. Gəlib İstanbul Universitetinin hərbi tibb fakültəsinə daxil olub. Mustafa Kamal ona millət vəkilliyi təklif etdiyi zaman «Tək partiya dövründə millət vəkili ola bilmərəm, bu, demokratik olmaz» - deyə bildirib. Mustafa Kamal da «o zaman mənim yanımdan ayrılma» - deyərək onu Türk Tarixi və Dil Qurumuna rəhbər təyin edib.
Əli bəy Hüseynzadənin çap olunmayan çoxlu məqalələri var. Onlara yaxın bir ailə Əli bəyin çoxlu əsərlərini saxlayır. Ancaq həmin məqalələri əldə etmək olmur. Əli bəy «Tibb sözü» lüğəti hazırlayırdı. O da yarımçıq qaldı. O, Şamaxı zəlzələsində dağılan evlərin qələmlə rəsmlərini də çəkib. Feyzavər xanım həmin əsərləri görüncə dərhal tanıdı. O, Osmanlı-rus və Balkan hərbində də iştirak edib. 1903-cü ildə isə onlar padşaha qarşı çıxıblar. O zaman Yusif bəy Akçuralı Misirə qaçıb. Sonra Sarbonada oxuyub və təkrar Türkiyəyə dönüb. Əli bəy Hüseynzadə də 6 aya qədər bir paşanın evində qalıb. Həmin ərazidə gəncəli Məmmədzadələr ailəsinin ticarətxanası var. Hazırda orada onların nəvələri yaşayır. Onlar Əli bəyə bir otaq verirlər. Orada rəsmlər çəkir. Feyzəbər xanım «Mənim babamın belə əsərləri olsa mən bilərəm. Babam heç vaxt bu barədə danışmayıb» - dedi. Mən Feyzavər xanımı həmin evə apardım. O, babasının çəkdiyi rəsmləri görüb ağlamağa başladı.
Əli bəy Hüseynzadənin ən yaxın dostu Əhməd Ağaoğlu olub. Feyzavər xanım hələ də onun nəvələri ilə görüşür. Əhməd Ağaoğlunun bir gözü protez olub. Zahirən də yaraşıqlı deyildi. Deyilənə görə Ərzurumdan Qarabağa gələn bir ailə olublar. O, Mustafa Kamalın sağ əli olub.

Atamın vəsiyyəti

- Həyat yoldaşınız Molla Vəli Vidadinin nəvəsidir. Yəni hər iki tərəfdən Azərbaycana bağlısınız. Xanımınızla necə tanış olmusunuz?
- Mən öz qarşıma «mütləq azərbaycanlı ilə evlənim» - deyə bir məqsəd qoymamışdım. Türk türkdür. Əsas odur ki, yaxşı adam olsun. Xanımımın atasının öz dostu ilə açdığı özəl kolleci vardı. Anası da həmin məktəbdə müəllimə işləyirdi. Biz də o zaman folklor qurumunda xalq oyunları oynayırdıq. Həmçinin Amasiyada həmişə Azərbaycan günləri təşkil olunurdu. Biz orda «Məşədi İbad», «Arşın mal alan»ı oynayırdıq. Bir gün bizi həmin məktəbdə şagirdlərə xalq oyunlarından dərs verməyə dəvət etdilər. Mən xanımımla həmin məktəbdə tanış oldum.

- Siz 1991-ci ildə Azərbaycandan bir qrup tələbəni oxumaq üçün İstanbula aparmısınız. Həmin tələbələr sizin etimadınızı doğrultdularmı?
- Atam vaxtilə mənə «Sənin görəcəyin iş Azərbaycana lazımdır» deyə vəsiyyət etmişdi. 1991-ci ildə “Semaşko” xəstəxanasında kimsəsizlər üçün əməliyyatlar həyata keçirdik. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Səhiyyə naziri də Əli İnsanov idi. Cəbhədən yaralılar gəlmişdi: «Gəlin əməliyyat edin» - deyə bizə müraciət edirdilər. Biz burada 62 mikrocərrahiyyə həyata keçirdik. O zaman Azərbaycanın çətin dövrü idi. Bir milyonluq dava-dərman gətirsək də, onları qoymaq üçün yer tapa bilmirdik. Çox çətin zaman yaşadıq. Heydər Əliyev saat yarım bizimlə söhbət etdi. Görüçə gedəndə Vaqif İbrahimov adlı uroloqu və bizə yaxından kömək edən tibb bacısını da özümlə apardım. Dedim ki, tibb bacısı Todor Jivkovun ad dəyişməsindən qaçaraq Türkiyəyə gələn 400 min türkdən biridir. Ocağı, evi yox... “Qızım, sən gəlmə, desəm də” “mən mütləq getməliyəm. Çünki onları- komuunist ölkəni mənim qədər kimsə tanımaz” dedi. Bizə yardım edənlərin hamısına təşəkkür etdim və “nəhayət, son anda aramıza qatılan səhiyyə nazirinə də təşəkkür edirəm!” dedim. Heydər Əliyev əlini qızın çiyninə qoydu: “Qızım, mən Politbüroda işləyəndə Todor Jivkovu çağırmışdım. Xeyli danladım. Bir də gördüm ki, 15 nəfərlik büroda məndən başqa hamı onun tərəfindədir. O zaman başa düşdüm ki onlar orada bir laboratoriya yaradırlar. Bacarsalar, ondan sonra bizə gələcəklər”.
Get-gedə Azərbaycana gəlişim sıxlaşdı. Sonra Tibb Universitetinin rektoru Yaqub Məmmədovla tələbə mübadiləsi ilə bağlı anlaşma imzaladıq. İstanbula dönüb çalışdığım universitetin rəhbərliyi ilə razılaşdırdıqdan sonra Bakıda tibb fakültəsinin 10 tələbəsini seçib İstanbul Universitetində oxumalarına nail oldum. Yenidən Bakıya gəlib ən çox çalışan tələbələrin dosyeləri ilə tanış oldum. Artıq o zaman Əhliman Əmiraslanov rektor idi. 1 qız və 9 oğlan tələbə seçdim. Sonradan həmin tələbələrdən biri xəstə olduğu üçün geri döndü. Mən həmin tələbələr üçün təqaüd tapdım. Onlardan 6-sı təhsilini başa vurub Azərbaycana qayıtdı. Biri ailə qurub Türkiyədə qaldı. Qalanlar isə özəl xəstəxanalarda işləməyə başladılar. Ancaq mən onların geri qayıdıb öz vətənlərinə xidmət etmələrini istəyirdim. Onların idealist olmasının tərəfdarı idim. Onlar nə üçün Azərbaycana dönməsinlər?
Ancaq cərrah Vaqif Qələndər, kardioloq-cərrah Kamran Musayev, uroloq Vasif və Rasim adlı həkimlər Azərbaycana döndülər. 2 il sonra 20 tələbənin İstanbul Universitetində oxumasına nail oldum. Ümumilikdə 97 tələbənin İstanbul Universitetinin tibb fakültəsində yerləşdirmişəm. Onların təqaüd almasını, yataqxanalara yerləşməsini təmin etdim. Onlardan ikisi uzmanlıq imtahanlarında birinci oldu. Hazırda həmin tələbələrin içərisində çox gözəl həkimlər var.

«Bilim film olmamalıdır»

- Sovet dövründə siz Azərbaycan musiqilərini dinləyə bilirdinizmi?
- Qarsda sübh tezdən – saat 6.00-da yuxudan durub radioda oyun havalarına qulaq asmaq olurdu. Orada oyun havalarını çox sevirlər. Biz o mahnıları «Danışır Bakı» - deyən radio dalğasında tuturduq. Azərbaycanla heç kimin əlaqəsi yox idi.

- Ancaq aşıq yaradıcılığı Qars bölgəsində daha çox inkişaf edib?
- Aşıq Şənlik Aşıq Ələsgərdən də əvvəl yaşayıb. Türkiyə aşıqları ilə azərbaycanlı aşıqlar arasında fərqlər var. Türkiyədə aşıq səs aramaz. Aşıq Veysəlin heç vaxt səsi olmayıb, onun gözləri də görməyib. Ancaq o elə bir şeir yaradıb ki, onu heç kim inkar edə bilməz. O, Yunis Əmrə kimi bir insan olub. Qarsda – bir az dəyişik abı-havada Murad Çobanoğlu kimi bir sıra aşıqlar var. Aşıq Bəyləri heç dinləmisinizmi? O, çox gözəl oxuyur. Türkiyədə belə bir aşıq yoxdur. Azərbaycan aşıqlarının Türkiyədəkilərdən üstünlüyü odur ki, burada romanslar itməyib.

- Türkiyəyə gedəndə «Azərimisən?» - deyə bizə sual olunur. Bu sual necə formalaşıb?
- 1828-ci ildə bağlanan “Türkmənçay” müqaviləsinə əsasən ruslar Azərbaycanı ikiyə böldülər. Yuxarı Azərbaycan dilini çox işlətmir. Səməd Vurğun Stalinə «Bakının ağ biləkli qızlarından salam gətirmişəm» - deyə bir şeir yazmışdı. O andan etibarən bütün türk sözlərini qaldırırlar. Cəmiyyətə Azərbaycan sözügətirildi. Bir ölkənin ismi olacaq Azərbaycan sözü olmalıdır, buna etirazım yoxdur. Amma millət “Azərbaycan” deyil. “Azəri” deyə bir millət yoxdur. Bu, Türkiyədəki yanlışlardan biridir. Türkiyə türkcəsi dünyanın 5-ci ən çox danışılan dilidir. Buna rəğmən Azərbaycan və digər ağızlardan qopmayıb. Coğrafiyanın dili olmaz, insanın dili olur. Türk dili təkcə Türkiyə dili demək deyil. Bütün türkdilli ölkələrin dilidir. Ancaq elm adamının televiziyada danışarkən, milyonlara səslənərkən dili düşünməsi lazımdır. Türkiyədə belə bir məsəl var: «Bilim film olmamalıdır». Dili çox yaxşı işlədənlər də, bərbad hala salanlar da var. Yazılan kitablar qısa cümlələrlə və anlaşılan səviyyədə olmalıdır. Ümumi auditoriya üçün yazılan kitablar elmi əsərlərdən fərqlənməlidir. İnanıram ki, zaman keçdikcə bütün bunlar düzələcək. Dünyagörüş çox önəmlidir. «Mən böyüyəm» - desəniz, heç nə əldə etməzsiniz. «Mən böyüyün bir parçasıyam» - desəniz, irəli gedərsiniz. Ona görə sizin görəcəyiniz iş mədəniyyətdir, bilimdir, bunu film olmaya qoymayın.

Geri qayıt