Əsas Səhifə > Güney Press > Vatikan Erməni Kilsəsini dəfələrlə aldadıb

Vatikan Erməni Kilsəsini dəfələrlə aldadıb


16-04-2015, 08:46
Vatikan Erməni Kilsəsini dəfələrlə aldadıb
"Extra ecclesiam Romanam nulla salus” . Bu, Roma Katolik Kilsəsinin –Vatikanın önəmli şüar-prinsiplərindən biridir. Qədim latın dilindən tərcümədə “Roma Kilsəsindən kənarda qurtuluş yoxdur” anlamına gəlir. Qərb xristianlarının – katoliklərin xristianlığın Şərq -Bizans və əsasən pravoslav qanadına nifrətini səciyyələndirən digər şüar isə belədir:” "Graeca fides, nulla fides"- “Yunan inancı –kafirlikdir”. Yunan inancı dedikdə “Müqəddəs Ruhun yalnız Atadan (Allahdan) çıxmasını” iddia edən və buna görə də 1054-cü ildə Roma kilsəsindən ayrılmış qədim yunan dilində keçirilən ayinlərə əsaslanan xaçpərəst din qurumlarının məcmuyu nəzərdə tutulur. Yunan pravoslav kilsəsi Yunanısatan, Bolqarıstan, İtaliya, Livan, Rusiya, Serbiya, Rumıniya, Polşa, Ukrayna, Belorusiya, Albaniya, Kipr, İordaniya, İsrail, Misir, Suriya, və Efiopiyada yaşayan xristianları himayə edir. Roma katolik kilsəsi isə əsasən İtaliya, Fransa, İspaniya, Portuqaliya, Avstriya, Belçika, Litva, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Macarıstan, Xorvatiya, İrlandiya, Malta və s. kimi Avropa ölkələrini, eləcə də Asiya, Afrika, Şimali və Cənubi Amerikadakı xristianların böyük əksəriyyətinin himayəçisidir.

Erməni kilsəsi gah katoliklərin, gah da pravoslavların himayəsinə sığınır...

Göründüyü kimi, Ermənistanın adı istər Roma, istərsə də pravoslav kilsəsinin siyahısında yoxdur. Bəs erməni kilsəsinin yeri hardadır? Son məlumatlara görə, Ermənistan vətəndaşlarnn 94, 7 faizi Erməni Həvari Kilsəsinin mənsubları sayılır. Çar Rusiyası dövründən bu kilsə ruslar tərəfindən Erməni Qriqorian Kilsəsi adlandırılmağa başlanıb. Lakin erməni ruhaniləri özləri bu adı da düzgün hesab etmirlər. Azsaylı pravoslavlar isə Gürcüstandakı və Rusiyadakı pravoslav kilsələri tərəfindən himayə edilir. İrəvanda bu günədək pravoslav kilsəsi tikilməyib. Ancaq erməni və rus dindar və ziyalılarının bəziləri hesab edir ki, Erməni Həvari Kilsəsi də qədim pravoslav kilsəsidir.

XVII –XVIII əsrlərdə Vatikanın təbliği ilə İstanbulda və Kilikiyada sırf katolikliyə xidmət edən Erməni Katolik Kilsəsi yaradılsa da, katolik ermənilяrin də hazırda bütün dünya üzrə sayı 560 min nəfərdir. Əsas mərkəzləri isə İrəvanda yox, Livanın paytaxtı Beyrutda yerləşən Kilikiya Erməni Patriarxlığıdır.

Ermənilər hansı məzhəbə qulluq etdiklərini hələ də müəyyənəşdirməyib...

Belə nəticəyə gəlmək olar ki, ermənilər siyasi məsələlərə olduğu kimi, dinə də yalnız mənfəətçilik prinsiplərindən yanaşdıqlarından tarixən, gah katolik, gah da pravoslav kilsəsinin himayəsinə sığınıblar. Odur ki, onlar dini baxışlarını da bu günədək dəqiq müəyyənləşdirməyiblər. Hələ də Erməni Həvari Kilsəsinin dini baxışca monofizit olub-olmaması haqda mübahisələr gedir. Sırf katolik və pravoslavlardan fərqli olaraq monofizitlər İsanın “Allaha malik yalnız bir sifət və təbiətə malik olduğunu” iddia edirlər. Katoliklərlə pravoslavlar isə “Müqəddəs Ruhun həm Atadan(Allahdan), həm Oğuldan (İsadan) çıxıb-çıxmaması” məsələsində ayrılırlar. Bütün bu ziddiyyətlərə rəğmən hər iki – həm katoliklik, həm də pravoslavlığın himayəçisi olmuş imperiyalar; Roma, Bizans, Rusiya və s. zaman-zman ermənilərin dini qurumlarından da alət kimi yararlanmışlar.

Vatikan heç vaxt ermənilərə etibar etməyib...

Əslində ermənilərin “dövlətçilik” adlandırdıqaları qondarma qurumlar da- “Erməni çarlığı”ndan tutmuş bu günkü “Ermənistan” və “DQR”-dək məhz Erməni Kilsəsi vasitəsilə yönləndirilmişdir. Bu baxımdan bu günlərdə Roma papasının “erməni soyqırımı- XX əsrin ilk soyqırımıdır” kimi bəyanatı da məhz Eçmiədzin erməni dini mərkəzi başda olmaqla bütün parametrlərdə erməni xalqının potensialından bir alət kimi istifadə edilməsinə hesablanıb. Burada həm Türkiyəyə təzyiq, həm erməni-türk qarşıdurmasını daha da qızışdırmaq, eyni zamanda katolik Qərbin Ermənistanı pravoslav Rusiyanın caynağından qoparmaq ümidləri də dayanır. Digər tərəfdən, erməni kilsəsi ilə birbaşa Vatikan arasında da konkret ziddiyyətlər tarixən olub və bu gün də var. Bunun da əsasını, yuxarıda dediyimiz kimi, Roma katolik Kilsəsinin Bizansa –Yunan kilsəsinə bağlı xrisrianlığa olan patoloji nifrət təşkil edir. Elə pravoslav slavyanların hakim olduğu SSRİ-nin dağılmasında Vatikanın fəal iştirakının bir sяbəbi də, digər iqtisadi, siyasi maraqlarla bağlı həm də dini nifrətdir. Ancaq ermənilər vasitəsilə qaldırılan “Qarabağ” “problemi” Sovetlərin yıxılmasında önəmli rol oynasa da və hətta Vatikan gizli şəkildə erməni hərbi birləşmələrinə dəstək versə də, hələ də Roma Kilsəsi dini baxışlardakı ziddiyyət və Kremllə daha yaxın olmaları baxımından onlara tam etibar etmir. Halbuki tarixən ermənilər Vatikan bir-birlərinə qarşılıqlı dəstək də vermişlər.

Ermənlər Vatikanla ilk əlaqəni Səlib yürüşləri zamanı yaradıb...

Ermənilər xristianlığı eramızыn 301-ci ildə qəbul etdiklərini iddia etsələr də, Roma Katolik Kilsəsi ilə birbaşa əlaqələrə yalnız XII əsrdə -“Kilikiya Erməni çarlığı” zamanında -Vatikanın başçılığıyla müsəlman torpaqlarına Səlib(Xaçlı) Yürüşlərinin başlandığı dövrlərdə start verilmişdir. Xaçlı yürüşləri nяticəsində Yaxın Şərqdə bir neçə yeni latın knyazlığı yaradılır, patriarxlar təyin edilirdi. Katoliklərin Qüdsdəki kilsədəki yыğıncağına erməni katolikosu III Qriqori də dəvət edilmişdi. Onunla həm də Roma və Erməni kilsələri arasındakı ruhani və ayin fərqləri müzakirə edilmişdi. Papanın elçisi Romaya döndükdə Papa İnnokentiyə erməni katolikosu haqda xoş fikirlər söyləmiş və bundan sonra katoliklərin başçısı III Qriqoriyə məktub göndərmişdi. Məktubda Papa ermənilərin pravoslav olmasını qəbul etdiyini söyləmiş, lakin kilsələrin birliyi naminə erməni kilsə başçısından bəzi katolik ayinlərini qəbul etməyi və İsanın Mövludunu dekabrın 25-də keçirməyi təklif etmişdi. Erməni kilsəsi ayinləri qəbul etməsə də, Papanın göndərdiyi keşiş çubuğu və mitranı(yepiskop baş geyimini) qəbul edir.

1145-ci ildə III Qriqori Papadan qonşu dövlətlərin təcavüzündən müdafiə olunmaq üçün siyasi kömək istəməyə məcbur olur. Papa yenə də qarşılığında eyni təklifləri qoyur.

Erməni kilsəsi Xaçlı yürüşlərində həvəslə iştirak edir

Tezliklə III Xaçlı yürüşü başlayır və bu dəfə artıq Roma papası III Kliment erməni kilsəsindən və Kilikiya çarı Levondan Xaç yürüşünə dəstək vermələrini istəyir. Doğrudan da ermənilər müsəlmanlara qarşı yürüşə həvəslə qoşulurlar. 1195-ci ildə Almaniya imperatoru IV Henrix Levonu Kilikiya çarı kimi tanıyır. 1196-cı ildə isə Levon Bizans imperatoru III Alekseydən tac alır. Lakin ermənilərin çoxüzlülüyündən tacqoyma mərasimi hər vasitə ilə gecikdirilir. Çünki Levon Qərbin - Romanın tacını istəyirdi. Nəhayət, Papa kardinal Kornardı bunun üçün Kilikiyaya yollayır. Lakin Papanın Roma ilə tam eyni inancda olmayanlara tac qoymaq ixtiyarı yox idi. Odur ki, yuxarda qeyd edilənlər də daxil olmaqla ermənilərə kilsədə bir sıra dəyişikliklər aparmağı təklif edir. Amma Levonun topladığı kilsə yığıncağı bunu qəbul etmir. Buna rəğmən Kilikiyanın dövlət maraqlarını müdafiə edən 12 yepiskop Papanın nümayəndəsi ilə müəyyən razılığa gələ bilir. Və 1198-ci ildə kardinal Konrad Levonun başına tac qoyur. Bundan sonra Bizans və Roma ilə münasibətlərdə çoxbaşlı hiyləgər oyunlar aparan erməni çar və katolikosları öz dinlərini tam olaraq siyasət alətinə çevirdiklərini təsdiqlяyirlər.

Roma kilsəsi ermənilərə vəd etdiyi köməyi vermir...

1307-ci ildə növbəti Kilikiya çarı Levon Sis şəhərində 43 yepiskopun iştirаkıyla tarixdə “VII Sis yığıncağı” kimi qalmış yığıncaq keçirdir və Roma Kilsəsinin demək olar ki, bütün tələblərini qəbul edir. O cümlədən Miladın dekabrın 25-də keçirilməsinə də razılıq verir. Bunun əvəzində Vatikan erməni çarlığına böyük hərbi və iqtisadi kömək vəd edir. Lakin illər keçsə də həmin vəd yerinə yetirilmir. Bundan hiddətlənən katolikos I Mesrop 1361-ci ildə VIII Sis yığıncağını çağıraraq qəbul edilimiş bütün Roma ayin və qaydalarını rədd edir. Və Kilikiya çarlığı qonşu dövlətlərlə düşmənçilik siyasəti ucbatından təzyiq və hücumlar nəticəsində dağılır...

Ermənilər Vatikanın mövqeyini sürüşkən hesab edirlər

Bunlar Roma kilsəsi ilə ermənilər arasındakı tarixi ziddiyyətlərin cəmi bir neçə nümunəsi idi. Son 3 onillikdə də Vatikanla Erməni Kilsəsi arasında soyuq münasibətlər davam edir. Bunu erməni mətbuatı da təsdiləyir. Ermənilər hesab edir ki, sonuncu bəyanatadək Vatikan yalnız bir dəfə -1992-ci il aprelin 19-da II İohan Pavelin Pasxa təbriki ilə ermənilərə Qarabağ savaşında dolayısıyla dəstək verib. Erməni ruhani və siyastçiləri Roma Kilsəsinin daim ermənilərə qarşı prozelitizm( başqalarına öz dinini qəbul etdirmə cəhdi) siyasəti aparıb, yəni, həmişə erməni kilsəsinə öz ağalığını qəbul etdirməyə çalışıb. Onlar Papa II İohan Pavelin 2002-ci ilin mayında Azərbaycana səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməsini də “Vatikanın mövqeyinin sürüşkən olmasının sübutu” kimi təqdim edirlər.

Deyilənlər bir daha təsdiqləyir ki, Papanın “erməni soyqırımı” haqqındakı özünün “həqiqəti demək ehtiyacından doğan xristian cəsarətinin nümunəsi” adlandırdığı son bəyanatı heç də xristian fundamentalistlərinin birliyinin göstəricisi kimi qəbul edilməməli və xüsusi ajioatajla qarşılanmamalıdır. Sadəcə, hər bir müsəlman öz dövlətinin varlığı və müstəqilliyi üçün əlindən gələni etməli, gerisini isə Allahın ixtiyarına buraxmalıdır.

Geri qayıt