Əsas Səhifə > Güney Press > "Dövlətimizin dilimizə qayğısı bəllidir"

"Dövlətimizin dilimizə qayğısı bəllidir"


8-04-2015, 15:18
"Dövlətimizin dilimizə qayğısı bəllidir"
DİA.AZ: - “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

DİA.AZ xəbər verir ki, 8 aprel 2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan akademik Tofiq Hacıyev bildirmişdi ki, ana dili hər bir xalqın, milli –mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi vəzifələrindən, əsas milli texniki maraqlarından birdir. Qloballaşma dünyada informasiya verən onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Sonra akademik T.Hacıyev Dövlət Proqramı ilə bağlı məsələlərdən bəhs etmişdir. Bildirdi ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradılmışdır. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur.. Həmçinin Azərbaycan dilinin Dialektoloji Atlasının çapı üçün müəyyən işlər görülür.

Çıxış edən millət vəkili Bəxtiyar Sadıqov qeyd etdi ki, dövlətimizin dilimizə qayğısı bəllidir. Cənab prezident çox möhtəşəm sərancam imzalayıb. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu dilə şüurlu və məqsədyönlü təsirdir, dil quruculuğu, dil siyasətinin tərkib hissəsidir.

”Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsi vəziyyəti”ndən bəhs edərkən B.Sadıqov vurğuladı ki, bəs, dilin problemi hardan yaranır? Dili hardan, kimdən öyrənmək lazımdır? Kitabdan, alimdən öyrənmək lazımdır. Dil ilə bağlı bir çox problemlər internetdən yaranır. Jurnalist ədəbi redaktəni bilməlidir.Biz dilimizi çirklənmədən qorumalıyıq.

“Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr barədə professor Sayalı Sadıqova məlumat vermişdir. Qeyd elədi ki, Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Cünki elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur”.

Sonda çıxış edən Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli Dövlət Proqramının yerinə yetirilməsilə bağlı aparılan monitorinqlər və mövcud problemlərdən söhbət açdı. Nəzərə çatdırdı ki, Monitorinq yeni sahədir. Gündəlik dil proseslərini müşahidə edir. Biz topladığımız materialları xüsusi proqram əsasında aparırıq. Küçə adlarının monitorinqi ilə bağlı Əmlak Komitəsi ilə bağlı əməkdaşlıq yaratmışıq. Küçə adları tək Bakı şəhəri ilə məhdudlaşmır. Sumqayıt, Gəncə və digər rayonları da monitorinqə cəlb olunub.

Q.Məhərrəmli vurğuladı ki,dildə gedən proseslər mətbuatda aydın görünür. Yaxşı proseslərlə yanaşı, mənfi meyillər də var. Şifahi nitqdə bunu aydın görmək olur. Başqa dilin intonasiyası ilə danışırlar. Çalışırıq Dilçilik İnstitutunun “Qaynar xətt”ini istifadəyə verək. Qaynar xətt çox düşünülmüş və müasir sistem olmalıdır. Canlı rejimdə dialoq olmalıdır. Bununla yanaşı, biz qrup yaratmışıq. Qaynar xəttin fəaliyyətininin irəliyə aparılmasında biz mediayaya güvənirik. Azərbaycan dilinin tədrisi ilə bağlı işlər görülməlidir. Azərbaycan dili bağlı verilişlər hazırlanmalıdır. Aparıcılar üçün kurslar təşkil olunmalıdır”.

Sonda konfrans öz işini yekunlaşdırdı.

Geri qayıt