Əsas Səhifə > Güney Press > "Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir"

"Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir"


5-10-2022, 16:48
"Şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir"
Bu gün bir qrup ailə Milli Məclisin qarşısında aksiya keçirərək, həlak olmuş övladların şəhidlik statusunun verilməsi ilə bağlı tələblərini irəli sürüblər. Milli Məclisin sədr müavini Adil Əliyev onlarla görüşüb və yaxın zamanlarda onların fərdi şəkildə qəbul ediləcəyini və müraciətlərinin araşdırılacağını bildirib.
Şəhidlik zirvəsi o qədər uca bir zirvədir ki, hər kəs bu zirvəyə ucala bilmir. Zirvəyə ucalan hər şəhid də şəhidlik statusu ala bilmir. Şəhidlik statusu hansı halda və kimə verilir?
DİA.AZ bildirir ki, Bizimyol.info bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanovla danışıb. O, qeyd edib ki, şəhidlik statusu döyüşən, döyüşlərdə iştirak edən, döyüş tapşırıqları zamanı həlak olan insanlara, hərbçilərə şəhidlik statusu verilir. Qanunda da belə deyilir. Polkovnik bildirib ki, baxmayaraq ki, Birinci Qarabağ müharibəsi olub, amma bu qanun Azərbaycan üçün yeni qanun hesab edilə bilər.

“Əvvəllər şəhid ailəsi status böyük imtiyazlara malik deyildi. Həmin dövrlərdə sanki qanun bir qədər kölgədə qalmışdı və ya üzərində işlənilməmişdi. Sonra 11 min manat qan pulu və prezidentin şəhid ailələrinə ayırdığı aylıq təqaüd şamil edildi və Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə müəyyən bir sosial paketin hazırlanması tapşırıldı. Vətən müharibəsindən sonra cənab prezidentin sərəncamı ilə yaranan “YAŞAT” fondunun müəyyən sosial proseslərə qatılması şəhidlik statusuna olan marağı artırdı. Qanunu tərtib edən zaman qanunun ilkin variantında hər şeyi nəzərə almaq olmurdu. Müharibə var idi, müharibədə həlak olanlar var idi. Onlara avtomatik şəhidlik statusu verilirdi. Sonradan isə, səngərdə həlak olanlar, digər tapşırıqları yerinə hyetirərkən, təlimlər zamanı həlak olanlar və təlimə gedən helikopterin qəzası zamanı həlak olanlara şəhidlik statusu verildi. Sonra Gəncədə raket atəşinə tutulmuş mülki şəxslərə şəhidlik statusu verildi. Daha sonra qərar qəbul olundu ki, azad olunmuş torpaqlarda hansısa işlər apararaq minaya düşərək və s. həyatını itirirsə, ona da şəhidlik statusu verilsin. Həmin vəziyyətdə xəsarət alırsa, ona Qarabağ əlillik dərəcəsi verilsin. Mən buna çox müsbət baxıram. Döyüş hazırlıqları, təlimlər döyüşə aparan yoldur” - deyən Şair Ramaldanov bildirib ki, artıq şəhidlik statusu ilə bağlı müəyyən məsələlər üçün komissiya yaradılıb və bu komissiya müraciətləri qəbul edir. Şəhidlik statusunu ucuzlaşdırmaq da olmaz. Bu səbəbdən komissiya yaradılır və o komissiya konkret olaraq, hər bir müraciəti araşdırır. Şəxs həqiqətən xidməti vəzifəsini yerinə yetirərkən həlak olubsa, o zaman ona şəhidlik statusu verilməsi barədə qərar qəbul edilir. Şəhidlik bir zirvədir, hər kəsə bunun üçün status verilə bilməz. Hərbi xidmətdə olsa belə, bəzi məqamlar var ki, şəhidlik statusu verilmir.

“Məsələn əsgər özünü vurursa və ya ehtiyatsızlıqdan həlak olursa ona şəhidlik statusu düşmür. Və yaxud sükan arxasında hansısa bir qəza baş verirsə, daşınan hərbçilər həlak olursa, onlara şəhidlik statusu düşür, amma sürücü araşdırılır. Əgər o şəxsi keyfiyyətlərinə görə, idarə etməni itirib, qəza törədibsə, ona şəhidlik statusu verilmir. Məsul komissiya bu məsələri araşdırır” - deyə ehtiyyatda olan polkovnik əlavə edib.

Şair Ramaldanov qeyd edib ki, hazırda komissiyada 200-yə yaxın müraciət var. Komissiya mütəmadi olaraq bu müraciətləri araşdırır. O, qeyd edir ki, əgər şəxs xidməti vəzifəsini yerinə yetirən zaman dünyasını dəyişirsə, bu şəxslər başqa sosial paketə şamil edilir.

Polkovnikin sözlərinə görə, İkinci Qarabağ savaşından sonra şəhidlik statusu elə yüksək şərəfli bir yer tutub ki, bu madiyyatdan çox mənəviyyata arxalanır. Övladlarını, yaxınlarını, hərbi xidmət zamanı və yaxud təlimlərdə və yaxud müəyyən özlərindən asılı olmayan səbəblərə görə itirən şəxslər onların dövlət tərəfindən ucaldılmasını istəyirlər. O qeyd edib ki, bu məsələdə mənəviyyat böyük rol oynayır.

“Siz görürsünüz ki, yollarda şəhidlərin fotoları vurulur. Küçəyə adı verilibsə və ya onun yaşadığı küçədirsə, orada şəhid şəkillərini görürüsünüz. Bu şəkillər, bu davranışlar yaxınlarlı üçün sadəcə, bir təsəllidir” - deyə polkovnik qeyd edib ki, bu gün şəhidlərə xalq və dövlət tərəfindən böyük hörmət var. Onun sözlərinə görə, şəhidlik statusu üçün İkinci Qarabağ müharibəsindən sonra daha çox müraciət edilib.

“Yəqin siz də görməmisiniz ki, Birinci Qarabağ savaşından sonra aksiya keçirilsin. İndi cəmiyyətdə bu ailələrə münasibət dəyişib. Onlar böyük hörmətlə qarşılanır. Mənə elə gəlir ki, valideynlər şəhid statusunu adlarının əbədiləşdirilməsini istəyirlər. Çünki şəhid statusu yoxdursa, onların adı əbədiləşdirilmir. Burada madiyyatdan çox mənəvi yanaşma var. Maddi yanaşma da var. Ola bilsin ki, ailəsi var və ya yaşlı ata-anası var. Ancaq piket keçirmək doğru yol deyil. Dövlət orqanları, komissiya bunun üzərində işləyir. Bu, sadə proses deyil. Müəyyən məlumatlar toplanmalı, o məlumatlar təhlil edilməlidir. Bundan sonra fərdi şəkildə qərar qəbul edilir. Artıq bir çox müraciətlərə baxılıb və müsbət qərarlar verilib” - deyə qeyd edən polkovnik bildirib ki, bu məsələdə səbrli olmaq lazımdır. Onun sözlərinə görə, komisisyanın başqa mövqedə olması maraqları çərçivəsində deyil. Hər şey qanun və vicdan çərçivəsində və şəhidlik statusunu ucuzlaşdırmamaq şərti ilə həyata keçirilir.

Geri qayıt