Əsas Səhifə > Güney Press > “ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək”

“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək”


5-10-2022, 16:39
“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək”
“ABŞ ilk öncə Ermənistan üzərindən bölgəyə proyeksiya etməyə başladı. Bu məqsədlə hətta özünün müxtəlif ranqlı nümayəndələrini ard-arda bölgəyə göndərdi. Burada əsas məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır”.

DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında aktiv iştirakını şərh edən politoloq qeyd edib ki, rəsmi Bakının xarici siyasətdəki dəyişməz mövqeyi ABŞ-ı bu məsələlərdə Azərbaycanla da hesablaşmağa vadar etdi:

“İlkin olaraq hər iki ölkənin xarici işlər nazirlərinin görüşü təşkil olundu, dünənsə dövlət katibi Blinken yenidən hər iki nazirlə telefon əlaqəsi saxladı. Bu gün də Azərbaycan rəsmi olaraq daha 17 nəfər erməni əsirin geri qaytarılmasını planlaşdırır. Bunun da ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Sallivanın Ankara səfərindən sonra baş tutduğunu desək yanılmarıq.

Görünən odur ki, okeanın o biri tayında da Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi vaxtının çatdığını yaxşı anlayırlar. Son təxribatlar zamanı Ermənistanın ardıcıl məğlubiyyətləri və yeni strateji ərazilərin Azərbaycan ordusunun nəzarətinə keçməsi ABŞ siyasilərini əməli hərəkətə keçirib.

Bunu da çox gözəl anlayırlar ki, əgər Ermənistan son şansları da əldən versə Azərbaycan məcburetmə əməliyyatı ilə istəyinə nail olacaq. Bu zaman onsuz da II Qarabağ müharibəsindən sonra bölgədən əli çıxan ABŞ yeni sülh gündəliyi müstəvisindən də kənarda qalmaq istəmir. Eyni zamanda bu məsələdə aktivlik Rusiyaya qarşı yönəlmiş xarici siyasət manevri kimi də qiymətləndirilə bilər”.

Amid Əliyevin fikrincə, ABŞ sülh gündəliyində moderatorluğu ələ keçirməklə rəsmi qaydada Moskva və Brüssel vasitəçilik tandeminə qarşı çıxmış olur:

“Burada da əsas məqsəd siyasi dividendlər əldə etmək və bölgədə nüfuz dairəsini bərqərar etməkdir. Praqa sammiti ərəfəsində ABŞ aktivliyinin artması heç də təsadüfi sayıla bilməz. ABŞ bu məsələdə dominantlıq əldə etmək üçün həm Azərbaycan, həm də Ermənistanı razı sala biləcək məqamları axtarıb tapmalıdır. Əks halda digər oyunçular Aİ və Rusiya fürsəti əldən vermək barədə düşünmürlər.

ABŞ tərəfindən Qafqaz üzrə sərgilənən yeni siyasət fonunda Azərbaycanın qalib mövqeyinə neqativ təsirlərə hesablana bilməz. Çünki, ABŞ da yaxşı başa düşür ki, regionun güc, enerji və nəqliyyat mərkəzi məhz Azərbaycandır. Ermənistan isə yalnız bölgədəki qlobal güclər arasında baş verən mübarizədə predmetdir.

Buna görə də əsas tərəf kimi Azərbaycanın beynəlxalq hüquqa əsaslan mövqeyi ABŞ tərəfindən dəstəklənəcək. Son enerji diplomatiyasının uğurları Azərbaycanın Avropa iqtisadi və siyasi institutlarında mövqeyini daha da gücləndirib. Enerji təhlükəsizliyinin təminatçısı olduğumuz bir şəraitdə ABŞ-ın bölgədə bu siyasətə kölgə sala biləcək xarici siyasət yeridəcəyini demək bir qədər məntiqsiz olar”.

Geri qayıt