Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Separatçılar Qarabağın statusunu cəhənnəmdə axtarsın”

“Separatçılar Qarabağın statusunu cəhənnəmdə axtarsın”


5-10-2022, 09:39
“Separatçılar Qarabağın statusunu cəhənnəmdə axtarsın”
“Qarabağın dağlıq hissəsində yaşayan separatçılar aqoniyadadır. Çünki Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, Azərbaycan-Ermənistan danışıqlarında Qarabağ məsələsi müzakirə edilmir. Buna baxmayaraq, həm Ermənistanda, həm də Xankəndi şəhərində sərsəm bəyanatlar səslənir, ortaya hansısa əsassız fikirlər atılır. Rəsmi Bakı bunu da rədd edir”.

DİA.AZ xəbər verir ki, bu fikirləri Reyting.az-a professor Cümşüd Nuriyev Xankəndi şəhərindəki separatçıların ötən gün yaydığı bəyanatı şərh edərkən deyib.

Professor xatırladıb ki, 30 ildir Azərbaycanla müharibə aparan Ermənistan da dövlət kimi Xankəndi şəhərindəki separatçıları tanımayıb.

C. Nuriyev diqqətə çatdırıb ki, Azərbaycan ərazisində cəmləşmiş separatçı ermənilərin sərsəm bəyanatları nəyisə həll etməyəcək.

Professorun fikrincə, separatçıların təcili bəyanat verməsi əslində aqoniyadan irəli gəlir:

“Hazırda Qarabağ erməniləri çətin vəziyyətdə qalıb, Paşinyandan umduqlarını ala bilmirlər. Ona görə də, əsassız fikirlər səsləndirirlər. Amma onlara qulaq asan, eşidən yoxdur. Ermənistan üçün də, Azərbaycan üçün də Qarabağ məsələsi bitib. Azərbaycan prezidentinin dediyi kimi, Qarabağın statusu cəhənnəmə gedib, tapmaq istəyirlərsə, cəhənnəmdə axtarsınlar”.

C. Nuriyev qeyd edib ki, separatçıların Rusiya sülhməramlılarına doğru referans etməsi də anlaşılandır: “Ermənistanda da bəzən buna oxşar fikirlər səsləndirilir. Bunlar da mənasız cəhdlərdir. Paşinyan ordusunu Xankəndi şəhərindən çıxarmaq, İran sərhədinə də fransızları gətirmək istəyir. Separatçıların hansısa qanunsuz tələbinin isə mənası yoxdur. Çünki Qarabağ Azərbaycanın ərazisidir və ermənilərin tələbləri əsassızdır. Odur ki, Xankəndi şəhərinə cəmləşmiş separatçıların tələblərinə əhəmiyyət verən olmayacaq”.

Geri qayıt