Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..."

"Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..."


5-10-2022, 09:07
"Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..."
“Yanvar ayından bugünə kimi ünvanlı sosial yardım almaq üçün müraciət edirik. Hər dəfə də imtina cavabı alırıq. Səbəb isə olmayan maşınımdır”.

Bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Ağamalıoğlu kənd sakini Hüseyn Hüseynov yazıb. Şikayətçinin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün həyat yoldaşı Elnurə Hüseynovanın adından müraciət ediblər. Ancaq maşını olmadığı halda adına maşın olduğu göstərilərək imtina cavabı gəlib.

“Ünvanlı sosial yardımdan nümayəndələr gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirdi. Bir müddətdən sonra isə imtina cavabı gəldi. Səbəb isə adıma maşının olması göstərildi. Maşınımın olmadığını bildirdikdə isə “get qeydiyyatında maşın olmaması ilə bağlı sənəd al, yenidən müraciət et” dedilər. Sənədləri düzəldib yenidən müraciət etdik. Ancaq yenə də eyni səbəblə imtina gəldi. Bu dəfə isə dedilər, istifadəndə və qeydiyyatında maşının olmaması ilə bağlı sənəd al”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik.

Bizim müraciətimizdən sonra Hüseynovlar ailəsinin evinə ünvanlı sosial yardımdan nümayəndə gələrək baxış keçirib və ünvanlı sosial yardım təyin edilib. Bu haqda şikayətçi H. Hüseynov özü Toplum TV-yə bildirib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili isə bu haqda Toplum TV-nin sorğusuna yazılı olaraq ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyini qeyd edib: “Goranboy rayon sakini Hüseynova Elnurə İlqar qızının ünvanlı dövlət sosial yardımla bağlı 27.09.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı hər hansı bir uyğunsuzluq aşkarlanmayıb. Ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin olunub”.
//Toplum TV//
Geri qayıt