Əsas Səhifə > Güney Press > Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs

Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs


1-10-2022, 12:33
Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs
Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik
önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin,
müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz
həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən
seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident
seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını
qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Bu həm
də onu göstərdi ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə
qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi
iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan
qaynaqlanırdı. Azərbaycan xalqı yaxşı bilirdi ki, belə ağır və böhranlı dövrə
ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə
olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız
tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar
faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə
olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin
müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər
Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz
sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə
bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk
doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə
yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq
arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-
də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları
imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin
gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya
xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada
neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi
dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu
sayəsində qazanılan uğurlar çıxarıb
Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı
ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını
almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra
bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa
başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə
mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan
Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya
malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə
bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız
nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün,
respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim
əsas vəzifəmizdir”.
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki,
şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini
düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu
yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi
qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin
əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün
əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu
sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu
yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz
müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin
təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən
qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib.
Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən
təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun
qüdrətini nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu
Öndər kimi qalıb

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli
dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman
kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət
quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya
demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan
dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və
dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident
İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş
ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu
bir daha təsdiqlədi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər
kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında,
dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət
başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də
dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər
bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və
yaşayacaq.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş "Güclü dövlət -
müstəqil siyasət" konsepti Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli
Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu
Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik
məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük
nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da
gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir.
Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında
Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi
kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan
qurtardığı respublikamızın "Güclü dövlət - müstəqil siyasət" konsepti
əsasında inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün
sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında
münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanda məqsədyönlü
tədbirlər həyata keçirilir.
Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin
parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi
müasir reallıqlardır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab
İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü
Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək
beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni "Dəmir yumruq"
əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.
Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, yeganə ağrılı
problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız
Ermənistanı cəzalandırmadı, həm də uzun onilliklər xalqımız barədə
dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə
vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə
uydurulmuş mif 44 günə darmadağın edildi.
Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün
Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda
həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın
iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda
reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz
gücünə həyata keçirir.
Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu
Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi
şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin
bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə
yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının təlimatçısı
DİA.AZ

Geri qayıt