Əsas Səhifə > Güney Press > "Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?"

"Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?"


1-10-2022, 11:31
"Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin 40 faizində yaşıllıqlar salınsın?"
“Bu gün nəinki Bakı şəhərində, ümumiyyətlə Azərbaycanda yaşıllıq zonaları normativ hədd səviyyəsində deyil”, – deyən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov əlavə edib ki, ətraf mühitlə öyünmək üçün bir dövlətin 3/1 hissəsində meşə zonası, yaşıllıqlar olmalıdır.

DİA.AZ-ın məlumatına görə, KONKRET.az-ın suallarını cavablandıran agentliyin sədri təəssüflə bildirib ki, Azərbaycanda vəziyyət belə deyil:

“Xüsusən də iri şəhərlərdə, o cümlədən Bakı şəhərində. Bu gün Bakı şəhərində yaşıllıq həddən artıq aşağıdır. Müəyyən addımlar atmışıq ki, Bakının istismardan çıxan ərazilərində, deyək ki, köhnə və sökülmüş binaların yerində, istifadəyə yararsız hesab olunacaq yerlərdə ancaq yaşıllıqlar salınsın. Respublikada qoruq, milli park, yasaqlıqların sayı artsın. Bakıda isə söküləcək tikililərin yerində yaşıllıqlar salınsın”.

– Sizcə, bu mümkündürmü? Çünki söküləcək binaların yerində yeni inşa layihələrini reallaşdırmaq istəyən şirkətlər var.

“İqtisadi baxımdan bunu anlayıram. Amma köhnə binalar həm də təhlükə mənbəyidir. Allah eləməsin hansısa hadisə insan tələfatına səbəb ola bilər. Bu, dövləti düşündürür və onların yerləşdirilməsi ilə bağlı sahibkarların da köməyi var. Amma ola bilməzmi ki, müəyyən tikinti üçün ayrılmış ərazinin yarı hissəsində, 40 faizində yaşıllıqlar salınsın? Düşünürəm ki, yaşıllıq problemini bu yolla aradan qaldırmaq olar”.

– Hökumət qarşısında qaldırdığınız məsələ, sizcə, nə vaxt həllini tapa bilər?

“Əgər 2 il bundan qabaq biz layihə altına düşən ərazilərdə 25 faiz yaşıllıqların landşaft kimi saxlanılması yox idi, ancaq artıq biz buna nail olmuşuqsa, düşünürəm ki, həmin ərazinin sahəsini artırmaq olar. İşlər bu istiqamətə köklənib və müəyyən nailiyyətlər var. Amma çətindir. Əlbəttə, əgər sahibkar özəl struktur olaraq işlər həyata keçirirsə, o, ilk növbədə öz qazancını fikirləşir. Onu da başa düşmək olar. Amma sağlam ətraf mühit hər şeydən vacibdir”.

Müsahibimiz sonda vurğulayıb ki, insanların ekoloji şüuru formalaşsa, maarifləndirmə işləri aparılsa və yaşıllığın bəşəriyyət üçün nə qədər vacib element olduğu izah olunsa, cəmiyyətimiz bu yöndə lazımi tədbirləri görəcək.

Geri qayıt