Əsas Səhifə > Güney Press > Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR

Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR


1-10-2022, 10:09
Səs yazısı yayılan direktor İŞƏ ÇIXMIR
Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

***

19 sentyabrda yayılan XƏBƏR:

N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında redaksiyamıza şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

Redaksiyamıza edilən şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.


Geri qayıt