Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ və Fransa bölgədə xaos yaratmağa çalışır!

ABŞ və Fransa bölgədə xaos yaratmağa çalışır!


1-10-2022, 08:34
ABŞ və Fransa bölgədə xaos yaratmağa çalışır!
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib. Zaxarova Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini xatırladıb. Bəyan edib ki, həmin razılaşmalarda nəzəriyyə və praktika, baş verənlərin konstatasiyası və gələcək planlar var: “Bu sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzun sürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb. Buna görə də həmin sənədlər qiymətsizdir və əsl yol xəritəsidir”. Rusiya XİN rəsmisi həm daxildən, həm də xaricdən əldə olunan razılaşmaları dəyişmək istəyənlərin olduğunu da diqqətə çatdırıb: “Onlar çox şey vəd verirlər. Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla dəyişmək olmaz. Bu, yəqin ki, ümumi qaydadır”. Məlumat üçün bildirək ki, son günlər Ermənistan rəhbərliyi ilə Fransa və ABŞ rəsmiləri arasında təmaslar reallaşmaqdadır. Maraqlıdır ki, məhz bu görüşlərdən sonra Ermənistan atəşkəsi pozaraq Azərbaycanla sərhəddə təxribatlara əl atıb.
DİA.AZ-ın məlumatına görə, politoloq Tofiq Abbasov "Şərq"ə bildirib ki, Qərb ölkələri Rusiyanın bölgədəki bütün təsir imkanlarını, rıçaqlarını aradan qaldırmaq istəyirlər. Analitik qeyd edib ki, Qərb dedikdə iki cəbhə - Avropa ölkələri və ABŞ nəzərdə tutulur: "İstisnasız bütün Qərb dövlətlərinin Qafqaz bölgəsində öz maraqları var. Ona görə də regionun gələcək nizamının formalaşmasında iştirak etmək təşəbbüsü göstərirlər. Əlbəttə, bölgə dövlətlərinin mövcud problemləri ilk növbədə öz aralarında çözməsi hər baxımdan daha məqbul sayılır. Xatırladım ki, Xəzər dənizi ətrafında gedən proseslərdə beş dövlət Astanada yekun sənədə imza atarkən, orada xüsusi qeyd olunmuşdu ki, regiondakı proseslərdə, sadəcə, bölgə ölkələrinin iştirakı faydalıdır. Çünki dəfələrlə müşahidə olunub ki, kənar qüvvələrin regional proseslərə müdaxiləsi ancaq gərginliyi artırmağa xidmət edib. Cənubi Qafqazdakı hadisələrdə də digər güclərin rolu danılmazdır. Əfsuslar olsun ki, kənar müdaxilələrin heç biri xoş niyyət daşımır. Əgər ABŞ və Avropa ölkələri səmimi olsalar, Ermənistana təzyiq göstərərək, Azərbaycanın təklif etdiyi prinsiplər çərçivəsində sülh prosesini dəstəkləsələr, bunu normal qarşılamaq olar. Ancaq biz görürük ki, indiki halda Qərb dövlətləri, xüsusən ABŞ və Fransa Ermənistanı məsuliyyətdən yayındırırlar. Ermənistan vasitəsi ilə bölgədə xaos yaratmağa cəhd edirlər. Bu da bir məqsədə xidmət edir ki, Azərbaycan və Ermənistan arasında anlaşma şəraiti formalaşmasın".
T.Abbasov vurğulayıb ki, Cənubi Qafqazla bağlı məsələlərdə ən önəmli rolu Türkiyə və Rusiya oynayır: "Qardaş Türkiyədən daimi, o cümlədən Rusiyadan zaman-zaman mesaj və xəbərdarlıqlar gəlir ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatına uyğun addımlar atmalı, öhdəliklərinə əməl etməlidir. Həqiqətən də Ermənistanın xilası bölgədən kənar güclərdə yox, Azərbaycanla normal münasibətlərin, əməkdaşlığın qurulmasından keçir. Əfsuslar olsun ki, İrəvan sülhə hazır olduğunu qətiyyən nümayiş etdirmir. Kənar güclərin təhriki fonunda Ermənistan özünün dağıdıcı rolunu getdikcə daha da artırır. Rusiya XİN rəsmisi açıq formada ad çəkməsə də, biz söhbətin hansı ölkələrdən getdiyini bilirik. Məsələ ondadır ki, Qərb özü olmadığı platformaları məqbul saymır. Bunların hamısı böyük güc mərkəzlərinin özünəməxsus oyunlarıdır. Hazırda Qərb ölkələri qızışdırıcı mövqedən çıxış edirlər. Ermənistanın pozucu siyasətinə mümkün qədər dəstək verirlər. Türkiyə yanımızdadır, Rusiya da indiki halda bizim maraqlarımıza uyğun hərəkət edir. Bu dövlətlər Zəngəzur dəhlizinin tezliklə reallaşmasına təkan verməyə çalışırlar".

Geri qayıt