Əsas Səhifə > Güney Press > Rayonlarda UN QITLIĞI yarandı

Rayonlarda UN QITLIĞI yarandı


8-08-2022, 13:02
Rayonlarda UN QITLIĞI yarandı
Son günlər regionlarda un qıtlığı və çörəyin qiymətinin artımı müşahidə olunur. Bu barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir.

Bu ilin məhsulu üçün ötən il 1 milyon hektara yaxın ərazidə taxıl əkilmişdi. Kənd Təsərrüfatı naziri İnam Kərimov bu günlərdə bildirdi ki, quraqlıq səbəbindən 100 min hektarda taxıl əkinləri zay olub. Bu isə proqnozlaşdırılan məhsulun 10 faiz itirilməsi deməkdir. Bundan əlavə bizim ən böyük partnyorumuz Rusiya bu il taxıl ixracını 50 faiz məhdudlaşdırmaq fikrindədir.

Yəni əvvəllər Rusiya 20 milyon ton buğda ixrac edirdisə, indi 10 milyon ton ixrac edəcək. Nəzərə alaq ki, ötən il ölkəmizə idxal olunan ərzaqlıq buğdanın 90 faizindən çoxu Rusiyanın payına düşür. Ona görə də həm daxili, həm də ki, xarici amillər səbəbindən Azərbaycanda ərzaqlıq buğdanın və unun qiymətinin artması reallıqdır. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış ekspert Akif Nəsirli yaxın vaxtlarda qiymət artımının qaçılmaz olduğunu söylədi:

“Qiymət artımını şərtləndirən bir neçə səbəb var.

Birincisi, Azərbaycanda istehsal olunan taxıl ÜST-nın standartlarına cavab vermir. Ona görə də un istehsalçıları ərzaqlıq buğdanı xaricdən alır. Yəni yerli istehsal nə qədər artsa da bu qiymətlərə elə bir ciddi təsir göstərmir.

İkincisi, xarici bazarda ərzaqlıq buğdanın qiyməti durmadan artır. Bu da bizim idxal edəcəyimiz ərzaqlıq buğdaya öz təsirini göstərəcək. Baxmayaraq ki, hökümət ərzaqlıq buğdanın idxalında ƏDV və digər rüsumları ləğv edib. Amma beynəlxalq amil bu məsələdə həll edicidir”.

Qiymət artımından qaçmaq üçün ekspertin fikrincə yeganə çıxış yolu yerli istehsalın artırılmasıdır:

“Bu istiqamətdə də ciddi addımlar atılmalıdır. İndi hökumət elan edib ki, taxılın tonu 580 manata, yəni kiloqramını 58 qəpiyə alacaq. Bu gün bazarda buğdanın qiyməti 55-60 qəpikdir. Hökumət 58 qəpiyə aldığı taxıla standartlar, ən azı buğdanın II-III sinif olmasını tələb edəcək. Çünki buğda III sinifdən sonrakı siniflərə aiddirsə, o artıq ərzaq buğdası sayılmır, yem buğdası sayılır.

Sahibkara heç bir standart tələbi olmadan 55-60 qəpiyə bazarda satmaq sərfəlidir, yoxsa 58 qəpiklə standart tələbi ilə hökumətə satmaq səmərəli olar? Yəni hökumətin bu təklifi cəlbedici deyil.

Hökumət əslində bazar qiymətlərindən ən azı 30-40 faiz yüksək qiymət təklif etməli idi ki, sahibkarlar ona satmaqda maraqlı olsunlar. Subsidiyalaşmanın da həcmində də ciddi artım yoxdur. Bu baxımdan belə qanaətə gəlmək olar ki, oktyabr ayından başlayaraq ərzaq bahalaşması və qıtlığı hiss olunacaq. 2023-cü ilin əvvəlində isə qıtlıq özünü kəskin biruzə verəcək”.

Geri qayıt