Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir"

"Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir"


17-05-2022, 17:17
"Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir"
Nehrəmin orta məktəb binasında 4 nəfərin ölümünə səbəb olan qəzanın ört-basdır edildiyi bildirilir.
DİA.AZ xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a qəzada həlak olanların yaxınları məlumat verib.
Şikayətçilər deyir ki, bu hadisəyə görə açılan cinayət işinin gedişatı onları qane etmir. Qəzada həlak olanlardan birinin yaxını Vəfa Eyvazov deyir ki, cinayət işinin gedişi ilə bağlı ailələrə heç bir məlumat verilmir:
"Guya ki, cinayət işi açıblar, istintaq getdiyi deyilir. Heç kimə heç bir məlumat verilmir. Bu hadisə təbii fəlakət nəticəsində baş verməyib, səhlənkarlıq üzündən olub. Tikinti rəhbərliyi əvvəldən bilirdi ki, uçacaq. Bunu vəfat edən fəhlələr də hadisədən bir neçə gün öncə həm rəhbərliyə, həm də öz ailə üzvlərinə bildirmişdilər".
Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, indiyə kimi zərərçəkənlərdən heç kim istintaqa çağrılmayıb:
“Deyirlər ki, guya cinayət işi açılıb. Əslində deyəsən heç cinayət işi də açılmayıb. Camaatı yalandan aldadırlar. Arada kimlərinsə səhlənkarlığından yazıq kasıbların canı qurban getdi, balaları yetim qaldı. Burada günah birbaşa tikinti rəhbərliyinin üzərindədir. Fəhlələr qəza vəziyyəti ilə onları xəbərdar edib. Rəhbərlik isə, tədbir görmək əvəzinə, onları işdən çıxarmaqla hədələyib. Deyiblər yuxarıdan tapşırıq var, təmir tezliklə bitməlidir. Bu səbəbdən də qəza baş verib. Buna görə də qəzanın baş verməsinə səbəb olanlar mütləq cəzalandırılmalıdır. Görünən odur ki, əksinə işin üstünü ört-basdır edirlər. Ölənlərin qanı batıb getməməlidir".
Məsələyə münasibət öyrənmək üçün Babək rayon Prokurorluğu ilə əlaqə saxlamaq mümkün olmadı.
Xatırladaq ki, martın 31-də Babək rayon Nehrəm kəndində təmirə dayanan 3 saylı orta məktəb uçub. Hadisə baş verən zaman, məktəbdə təmir işləri ilə məşğul olan çoxlu sayda fəhlə olub. Uçqun altında qalanlardan 4 nəfər yerindəcə həlak olub, bir neçə nəfər isə yaralanmışdı. Təmit-tikini işini Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi aparıb. Hadisə ilə bağlı Babək rayon Prokurorluğunda cinayət işinin açıldığı bildirilirdi.

Geri qayıt