Əsas Səhifə > Güney Press > “Bu, savadsız və cahil bir toplum üçündür”

“Bu, savadsız və cahil bir toplum üçündür”


28-01-2022, 18:14
“Bu, savadsız və cahil bir toplum üçündür”
Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dini qurumlar bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”.Nəzir ölkə vətəndaşlarının dəyəridir. Demək olar ki, bütün məscidlərdə, pirlərdə, türbələrdə və s. nəzir qutusuna rast gəlmək olar. İnsanların çoxu İslamın qoyduğu qanun kimi düşünüb bunu verir. Bəzisi də, ümumiyyətlə, xeyirxah əməllər üçün həyata keçirdir. Hər situasiyada düşünülür ki, bu maddi yardımlar ehtiyac sahiblərinə çatacaq.

Bəs, nəzirin qanuniləşdirilməsi nə dərəcədə doğrudur? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Fazil Mustafa nəzirin əleyhinə olduğunu bildirib:

“Ümumiyyətlə, nəzirin İslamda olmadığını qavraya bilirəm. Çünki bununla bağlı heç bir qayda görməmişəm. Məsələn, İslamda qurban kəsmək var. Bu paydan kasıblara verirsən. Bir də zəkat verirsən. Gəlirindən məcburi olmadan bir hissəni yardım üçün verirsən. Bu mənəvi bir məsuliyyətdir”.

Millət vəkili qeyd edib ki, nəzir savadsız və cahil bir toplum üçündür:

“Adət-ənənənədən gələn din təfəkkürü var. Azərbaycanlılar özlərindən bir dənə İslam uydurublar. Filan pirə, filan ocağa nəzir verirlər. Elə bil, Allahla sövdələşiblər. Məsələn, zənn edirlər ki, Bibiheybət məscidinə nəzir verərək yolu sağ-salamat gedəcək. Maşını düzgün şəkildə idarə et, sağ-salamat get-gəl də! Bu cür qanunlarla insanların cəhalətini aradan qaldırmaqdansa, odun üstünə benzin tökürük”.

F.Mustafa hər şeyin legitimləşdirilməsini anlamadığını qeyd edib:

“Bu məsələ qanunda rituallaşdırılacaq məsələ deyil. Praktikada olmasıyla əlaqələndirirlər. İndi praktikada narkomaniya da var. Onu da leqallaşdıraq?”

Millət vəkili dinə görə məscidə ianə verilməsinin məqbul olduğunu izah edib:

“Məscid qazla, işıqla və ya başqa bir şeylə təmin oluna, təmizlənə, onun fəaliyyəti üçün işlər görülə bilər. Məscidin öz icması var. Onlar bunu həyata keçirə bilərlər. Bu, anlaşılandır.Amma nəzirin belə qanuniləşdirilməsini başa düşə bilmirəm. Qeyri-rəsmi bir cəmiyyətdə olan münasibət metodudur”.

Geri qayıt