Əsas Səhifə > Güney Press > Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib?

Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib?


24-01-2022, 19:02
Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib?
“Ermənistan prezidenti Armen Sarkisyanın istefası siyasi oyunların nəticəsidir. Bu adam az qala batan gəmini tərk edən ekipaj üzvünə bənzəyir. Amma demək lazımdır ki, onun istefası çoxdan yetişirdi. Uzun müddətdir Nikol Paşinyan deyir ki, ölkə yenidən prezident üsul-idarəsinə qayıtmalıdır. Müharibənin ağır nəticələri ilə baş-başa qalan ölkədə parlamentar sistem özünü doğrultmur. Paşinyan açıq deyirdi ki, əsas hədəfi prezidentlik hakimiyyətidir. Belə bir atmosferdə Armen Sarkisyan istefa ərizəsini yazıb”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a politoloq Qabil Hüseynli Ermənistan prezidentinin istefasının səbəblərinə toxunarkən deyib.

Professor xatırladıb ki, A. Sarkisyan istefa ərizəsini İrəvanda deyil, xaricdə yazıb:

“Birləşmiş Ərəb Əmirliyinə səfəri zamanı külək və istilik enerjisinin elektrik enerjisinə çevrilməsi ilə bağlı normal müqavilələr bağlayıb ölkəsinə qayıtmaq istəyən Armen Sarkisyan hansısa səbəbdən ölkəyə qayıtmamaq qərarı verib. Ola bilsin ki, hansısa siqnallar alıb”.

Q. Hüseynli bildirib ki, A. Sarkisyan prezident seçilməzdən əvvəl İngiltərə vətəndaşı olub: “Yəqin ki, yenidən vətəndaşlığını bərpa etmək istəyəcək. Onun İngiltərədə mal-mülkü var və üzünü də oraya çevirəcək. Ən başlıcası isə bilir ki, prezidenti olduğu ölkə ciddi kompromislərə hazırlaşmalıdır. Yeni konstitusiyanın üzərində iş gedir, bu sənəd ümumxalq səsverməsinə çıxarılacaq. Bu konstitusiyada həm ölkənin siyasi sistemində dəyişiklik, həm də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək və ya bunu daha yumşaq formada ifadə etmək zərurəti var. Bir sözlə, Armen Sarkisyan çətinliklər dövrünün adamı deyildi”.

Politoloq əlavə edib ki, A. Sarkisyanın həm də “Qarabağ klan”ı ilə ciddi əlaqələri var: “Onu prezident postuna bu klan gətirmişdi. Bu səbəbdən də onun Nikol Paşinyanla yol gedə bilməyəcəyi aydın idi”.

Geri qayıt