Əsas Səhifə > Güney Press > Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB?

Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB?


24-01-2022, 16:50
Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB?
İmişlinin keçmiş icra başçısı, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan Vilyam Hacıyev özünü təqsirli bilmir. Sabiq icra başçısı ona qarşı irəli sürülmüş ittihamları rədd edir. DİA.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, Vilyam Hacıyev yanvarın 24-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən sifarişlə həbs olunduğunu deyib: “Özümü təqsirli bilmirəm. Heç bir sübut dəlil yoxdur. Hamısı şər-böhtandır. Həbsim sifarişlidir”. Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. Yanvarın 24-də keçirilən məhkəmə prosesində sabiq icra başçısının vəkilləri onun məhkəməsinin online keçirilməsi haqda vəsatət qaldırıblar. Vəkillər bildiriblər ki, onun durumu məhkəmədə iştirakına imkan verimir: “Vilyam Hacıyev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. İki həftə komada olub. Koronavirusa yoluxması ağır fəsadlar verib. Bir neçə ay buna görə əziyyət çəkib. Daha sonra sidik kisəsindən əməliyyat olunub. Hazırda da məhkəmədə iştirak edə bilmir. Hər on dəqiqədən bir məhkəmə zalını tərk eləmək məcburiyyətində qalır. Buna görə də xahiş edirik məhkəmənin online qaydada keçirilsin”.

Vəkillər həmçinin Vilyam Hacıyevin şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi haqda vəsatət qaldırıblar. Lakin məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

Vəkillər sabiq icra başçısının ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıblar. Onlar Vilyam Hacıyevin Birinci Qarabağ Müharibəsi veteranı olduğunu xatırladıblar. Qeyd ediblər ki, xəstəlikdən sonra reabilitasiya dövrünü evdə keçməsi zəruridir.

Vilyam Hacıyev onun əməliyyat və müalicəsi üçün şərait yaradılmasına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə media vasitəsilə minnətdarlığını çatdırmaq istədiyini deyib. O, eyni zamanda vurğulayıb ki, rüşvət almasını təsdiqləyən heç bir sübut yoxdur.

Sabiq icra başçısının ev dustaqlığına buraxılması haqda vəsatət də təmin olunmayıb.

Ardınca prokuror ittiham aktını elan edib. İttihamda torpaq sahəsinin ayrılması, ticarət obyektinin tikintisi, rayona baş həkim və s. vəzifələrə təyinat üçün rüşvət alınması, aztəminatlı vətəndaşlar, sosial layihələr üçün nəzərdə tutulan büdcə vəsaitlərinin mənimsənilməsindən bəhs olunur.

Vilyam Hacıyevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 228 (qanunsuz silah saxlama), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.

Vilyam Hacıyev ittiham aktında yazılanları qəbul etməyib.

Məhkəmə prosesi yanvarın 28-də davam edəcək.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Geri qayıt