Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qərbin keşiyində dayanan DEMOKRATİYA HOQQABAZLIĞI...

Qərbin keşiyində dayanan DEMOKRATİYA HOQQABAZLIĞI...


30-11-2021, 08:39
Qərbin keşiyində dayanan DEMOKRATİYA HOQQABAZLIĞI...
Qərb Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib. İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, Qərb nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi.

Əslində Qərb faktoru azərbaycanlılar üçün 44 günlük Vətən müharibəsində bitdi. Fransa başqa olmaqla, əksər Avropa ölkələrinin, Qərb təşkilatlarının Ermənistanı müdafiə etməsi gözümüzü açdı. Cəmiyyətimizdə Rusiyanın Azərbaycana qarşı Avropadan daha ədalətli mövqe ortaya qoyması rəyi belə yarandı. Azərbaycan bu savaşda gerçək dostunun, müttəfiqinin kim(lər) olduğunu gördü, anladı. İnsanlar maşınlarının şüşələrində, dükanlarının önünə, evinin darvazasında, məhləsində Azərbaycanın, Türkiyənin, İsrailin və Pakistanın bayraqlarını dalğalandırırdı. Bir sözlə, ortaya o gerçəklik çıxdı ki, xalqı aldatmaq və zorla yönəltmək olmaz...

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli riyakarlığın da bir həddinin olduğunu söylədi: “Brüssel görüşünə də Qərb ”demokratiya" ilə yanaşacaq. Azərbaycana xüsusi hörmət nümayiş etdirəcək. Hətta prezidentimizin qəbulu çox yüksək, maraqlı formada həyata keçiriləcək. Amma bütün bunların hamısı son 30 il ərzində göstərdi ki, demokratiya pərdəsi altında riyakarlıqdan başqa bir şey deyil. Çünki Qərbin marağında olan bölgədə qlobal toqquşmalar baş verirsə, bu, çox mətləblərdən xəbər verir. Bir sözlə, həmin dairələr məlum ərazilərin xarabalığa çevrilməsinə xeyir-dua verən mərkəzlərdir. Təəssüf ki, demokratiyanı bir alət kimi istifadə etdilər, insan haqlarını da o cümlədən. Mitinqlərin dağıdılmasından tutmuş siyasi iradənin nümayiş etdirilməsinə qədər Avropada hansı proseslərin yaşandığını çox yaxşı görürük. “Sarı jiletlilər” hərəkatında fransız polisinin hansı qəddarlıqlara əl atdığını yaxşı gördük. Alman polisinin də etirazçılara qarşı hansı zorakılıqlar etdiyini vaxtaşırı görürük. Bakıda Türkiyə, Pakistan, İsrail, hətta Ukraynanın bayraqlarının dalğalanmasından bir çox mərkəzlər ciddi şəkildə narahat olurlar. Bunlar ictimai düşüncənin, normal şəkildə prosesləri təhlil edə bilən insanların mövqelərinin nəticəsidir. Vətən savaşı verirdik, ölüm-dirim qarşısında qalmışdıq. O zaman biz Qərbdən nəyi gördük? Fransa, Belçika, Lüksemburq və Mərkəzi Avropa ölkələri hansı dəstəyi verdilər? Müharibədən sonra informasiya savaşında Qərb təşkilatlarının davamlı olaraq ölkəmizə qarşı aparılan kampaniyada yer almaları bir daha hansı mövqedə olduqlarını göstərdi. Bir sözlə, hansı proseslərin arxasında dayandıqlarını, məqsədlərinin nə olduğunu göstərdilər. Azərbaycan müharibəni qazanıb. İndi əməkdaşlıq platforması yaratmaqdayıq. Problemin Rusiyanın da iştirakı ilə başa çatması an məsələsinə çevrilib. Brüssel oyunun içərisində qalmağa çalışır. Yenə də demokratiya, insan haqları adı ilə Gürcüstan və Ermənistana daxil olduğu kimi, Azərbaycanın da başını qatmağa çalışır. Dünyanın faktiki bölünməsini həyata keçirməyə çalışır. Bu bölünmədə də öz maraqlarını güdürlər. Başqa məsələlər onlar üçün maraqlı deyil".

ALDP rəhbəri Fuad Əliyev Qərbin demokratiyasından imtina etməyi doğru sayır: “Qərb ölkələri bu illər ərzində Azərbaycanla münasibətdə qeyri-səmimi oldular. Azərbaycana qarşı ikili standart siyasətini apardılar. Bizim torpaqlarımız işğalda olan dövrdə Azərbaycana qarşı düzəlişlər, qərarlar və digər sənədlər qəbul olunmuşdu. Misal üçün, ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib? Fransa da eyni ilə. Bu ölkələr ATƏT-in həmsədr ölkələridir. Bunlar problemin həll olunmasına dair bir təklif verməsələr də, ən azından neytrallığı qorumalıydılar. Bunu biz görmədik. Əksinə, erməni mövqeyindən çıxış etdilər. Fransa, ümumiyyətlə, Vətən müharibəsində açıq şəkildə Ermənistanı müdafiə etdi. Və bu günə qədər erməniləri dəstəkləyir. Qərb demokratiya və insan haqları məsələsində də qeyri-səmimidir. Dəfələrlə seçkilərdə iştirak etmişik və mənim, partiya üzvlərinin hüquqları pozulanda niyə müdafiə etmədilər, niyə bir bəyanat vermədilər? Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası? Şəxsən mənə belə demokratiya lazım deyil".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov “Demokratiya sammiti” adlanan oyuna diqqət çəkdi: “Təəssüflə qeyd etməliyəm ki, müasir dünya siyasətində demokratiya təkcə azad söz, azad mətbuat, azad seçki, insan hüquqları və sair kimi mütərəqqi ideyalar deyil. Müasir siyasi proseslərdə demokratiya və insan haqları həm də bəzi Qərb dövlətlərinin ayrı-ayrı dövlətlərə qarşı istifadə etdiyi geosiyasi təzyiq alətidir. Başqa sözlə, Qərb üçün demokratiya və insan haqları anlayışı digər dövlətlər üzərində həyata keçirmək istədikləri total nəzarət mexanizmidir. Bunu təsdiq etmək üçün uzağa getməyə də ehtiyac yoxdur. Elə ABŞ-ın təşkilatçılığı ilə dekabr ayının 9-10-u tarixlərində keçirilməsi planlaşdırılan ”Demokratiya Sammiti"nə dəvət olunan dövlətlərin siyahısına baxmaq kifayətdir ki, ABŞ başda olmaqla, Qərbin “demoktariya” anlayışı haqqında tam təsəvvürə malik olaq. Məlum olduğu kimi, nə Azərbaycan, nə Türkiyə, nə də Avropanın göbəyində yerləşən və bizimlə yaxşı münasibətlərdə olan Macarıstan, Bosniya-Hersoqovina həmin sammitə dəvət almayıblar. Əvəzində isə Afrika qitəsindən Qana, Liberiya, Malavi, Mauritius, Namibiya, Niger, Nigeriya, Yaxın Şərqdən İraq, Hind Okeanı dövlətlərindən Keniya, Hindistan, Cənubi Qafqazdan Ermənistan və s. dövlətlər “Demokratiya Sammiti”nə dəvət olunanlar siyahısındadır. Başqa sözlə, Qərb üçün məsələn, 100 il ərzində oturuşmuş demokratik quruluşa malik Türkiyə deyil, işğalçı və terror ölkəsi olan Ermənistan, seçkilər, hətta hakimiyyət bölgüsü belə, xalqın iradəsinə yox, xarici qüvvələrin təlqin etdikləri etnik-dini ayrımçılğa əsaslan İraq, 70 ilə yaxındır ki, mövcud olan və keçirilən heç biri seçkisi müxalifət tərəfindən tanınmayan Keniya kimi “demokratik” dövlətlər, Hindistan və Filippinin ən avtoritar liderləri sayılan Narendra Modi və Rodrigo Duterte isə demokratik liderlər hesab olunur. Beynəlxalq güclərin və Qərb dairələrinin 44 günlük Vətən savaşındakı davranışı, sərgilədiyi mövqe və ümumiyyətlə, Qərbin demokratik dəyərlərə bu şəkildə baxışı, tətbiq etdiyi ikili standartlar istər-istəməz təkcə bizdə deyil, bir çox dünya insanında demokratik dəyərlərə olan inamın azalmasına gətirib çıxarır".

“Yeni Müsavat”

Geri qayıt