Əsas Səhifə > Güney Press > "İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik"

"İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik"


27-11-2021, 11:21
"İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik"
Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu gizlətmir. Çünki Ermənistanla Rusiyanın quru yolu sadəcə Gürcüstan üzərindəndir. Həmin yollar isə köhnədir və daha çox hava durumundan, Moskva-Tbilisi arasındakı münasibətlərin gərginliyindən asılıdır.

O baxımdan Azərbaycan üzərindən Ermənistana rahat və ucuz avtomobil, eyni zamanda dəmir yolu Moskva üçün daha əlverişlidir.

Ermənistan Zəngəzur yoluna “koridor” deyilməsinin, özəl status verilməsinin əleyhinə olsa da, yolların açılmasını istəyir. Azərbaycan üçün isə Zəngəzur koridorunun açılması strateji maraqlarımız çərçivəsindədir. Lakin ekspertlər hesab edirlər ki, Zəngəzur yolu ilə bağlı status olmayacaqsa, “Laçın koridoru” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalıdır. Həmçinin, Laçın yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır.

ReAL Partiyasının sədr müavini Natiq Cəfərli vurğulayıb ki, Rusiya üçün Zəngəzur dəhlizinin necə adlandırılmasının o qədər də əhəmiyyəti yoxdur.

Çünki onsuz da Azərbaycandan Ermənistan ərazisinə keçidə, bütün yola və Naxçıvana girişə Moskva özü nəzarət edəcək: “Rusiyanın sərhədçiləri yolla bağlı bütün qərarların verilməsində son söz sahibi olacaq.

Beləliklə, ağır, qəliz, çoxyönümlü diplomatik və siyasi qərarlar dönəmi başlayır. Biz birdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq. Bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş marağımıza tam uyğundur. Amma obyektiv reallıqlar da var.

Böyük sülh sazişi yolunda addım-addım irəliləməliyik. Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalararası dialoq məsələsi önə çıxmalıdır. Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalamalıdır ki, Rusiyanın təkbaşına moderator olmasını mümkün qədər neytrallaşdıra bilək. Ermənistan da Moskvanın təkbaşına moderator olmasından məmnun deyil.

Qəribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik”.

Geri qayıt