Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qarabağda beynəlxalq idarəçilik?

Qarabağda beynəlxalq idarəçilik?


27-11-2021, 09:00
Qarabağda beynəlxalq idarəçilik?
Ataların yaxşı misalı var - ac toyuq yuxusunda darı görər. Deyəsən, ermənilər artıq beynəlxalq sülhməramlı missiya eşqinə düşüblər.

“Yeni Müsavat” bildirir ki, erməni politoloq Andrias Qukasyan belə iddia ilə çıxış edib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, ABŞ və Fransa arasında razılaşdırılmış BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi hazırdır. Qukasyan bildirir ki, söhbət BMT mandatı altında “artsax”da, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” hüdudlarında, yəni Şuşa və Hadrut da daxil olmaqla “beynəlxalq idarəçiliyin” yaradılmasını nəzərdə tutan qətnamə layihəsindən gedir.

Onun fikrincə, digər şərt keçmiş DQMV-nin “sərhədləri” ətrafında beynəlxalq sülhməramlı qüvvələrin nəzarəti altında “təhlükəsizlik zonası”nın yaradılması ilə bağlıdır. Maraqlıdır, bu bir erməni ekspertin iddiasıdır, yoxsa Minsk Qrupuna münasibəti neqativ olan Bakını fakt qarşısında qoymaq və ya ona təzyiq rıçaqı yaratmaq üçün Azərbaycandan gizli ortaq təşəbbüs həyata keçirilir? BMT TŞ-nin 5 daimi üzvündən ikisi, 44 günlük müharibədə veto hüququndan istifadə eləmiş Böyük Britaniyanın və eləcə də Çinin bu məsələyə mövqeyi necə ola bilər?

Başqa yandan, BMT TŞ yaxşı olmazmı ki, öncə Qarabağa dair 4 qətnaməsinin niyə 27-28 il kağız üzərində qalmasını müzakirə etsin? Amma nəzərə alanda ki, hər üç dövlət, xüsusən də Fransa BMT TŞ-nin 5 daimi üzvündən 3-dür və bizə heç də isti münasibətləri ilə tanınmırlar, daima ayağımızın altını qazımaqla məşğuldurlar, o zaman bu iddianı nə dərəcədə ciddi saymaq olar?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ermənilər vəziyyəti gərginləşdirmək üçün bu sayaq əsassız iddialar irəli sürməyə davam edəcəklər. “Azərbaycanın 10 noyabr sənədinin mahiyyətinə zidd addım atmasını gözləyirlər ki, bəhanə gətirsinlər və ermənilər əldə bayraq edib prosesi pozsunlar. Ona görə Ermənistanda bu qəbildən iddialar tez-tez səslənir. Bakının diplomatiyası imkan vermir ki, İrəvanın əlində tutarlı arqument olsun. Sadəcə, Fransanın ermənipərəst siyasətini söyləmək olar. Bu da erməni lobbisinin təsirindən irəli gəlir”, - deyə ekspert vurğuladı.

Siyasi şərhçi Türkiyənin Minsk Qrupunun üzvü olduğunu xatırlatdı: “Bu məsələdə qətnamə olacaqsa, Ankaranın konkret mövqeyi olacaq. BMT-nin 4 qətnaməsi var idi, əvvəlcə onun niyə icra edilmədiyini, kağız parçasına çevrilməsinin izahını versinlər. Ona görə yeni qətnamə qəbul olunsa belə, onun icra ediləcəyi indidən şübhə altına düşür. Sadəcə, bu, erməni tərəfinin yeni təbliğati gedişidir. Ermənistan hansısa qətnamələrlə deyil, 10 noyabr sənədində götürdüyü öhdəliklərlə hərəkət etməlidir”.

X.Bəşirovun sözlərinə görə, Rusiyanın da beynəlxalq idarəçiliyə razı olacağını gözləmir: “Ümumiyyətlə, bu qətnamə layihəsinin qəbul ediləcəyi ehtimalı azdır. Biz Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla münasibətlərimizi yaxşı səviyyədə qurmuşuq, çalışmışıq ki, keçmiş münaqişənin həlli istiqamətində bu imkanlardan istifadə edək”.

Siyasi təhlilçi Ramiyə Məmmədova erməni politoloqun dediklərinə blef kimi baxmağı təklif edir. Onun sözlərinə görə, ayrı-ayrı erməni analitiklərin ağzından bir söz eşidilir: “Əvvəla, Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşib və ortada 5 illik müqavilə var. Doğrudur, onların mandatı yoxdur, hansısa status verilməyib, amma gələcəkdə hüquqi bir mexanizmin olması istisna deyil. İkincisi, rus sülhməramlıları erməniləri kifayət qədər qane edir, BMT mandatı altında sülhməramlıya lüzum yoxdur. Eyni zamanda, Moskvanın bu məsələyə birmənalı qarşı çıxacağı şəkk-şübhə doğurmur. Rusiya əlindən gələni edir ki, danışıqlar prosesində şərik olmasın, həmsədr ölkələri kənara sıxışdırır, elə Soçi görüşü də digər vasitəçilərə bir cavab idi. Bundan sonra siyasi masada dominantlığı qoruyub saxlayan Kreml öz sülhməramlı güclərinin çıxarılıb regiona BMT mandatı altında sülhməramlılar gəlməsinə razılaşarmı? Ona görə nəzəri olaraq hazırlanmış olduğu iddia edilən qətnamənin qəbul olunması hələ icra ediləcəyi anlamına gələ bilməz”.

Siyasi şərhçi deyir ki, Azərbaycan üçün “dqr” yoxdur və məsələ erməni politoloqun iddia etdiyi kimi qoyula bilməz: “Biz Qarabağın içində yaranmış anklavı ayrıca müstəqil ölkə kimi tanımırıq, heç Ermənistan da ”artsax"ın müstəqilliyini qəbul etməyib. Biz Qarabağdakı ermənilərə status və muxtariyyət vermirik, Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Ona görə həmin ərazilərdə suverenliyin təmin olunması üçün siyasət aparırıq, hansısa beynəlxalq idarəçilik planımızda yoxdur. Əlbəttə, Fransa və ABŞ bunu arzulaya bilər, amma Rusiya status məsələsini dilə gətirmir. Biz Türkiyə və Rusiya ilə birgə məsələləri həll edirik".

Geri qayıt