Əsas Səhifə > Güney Press > Deputatlar nəyi və kimi oxuyur?

Deputatlar nəyi və kimi oxuyur?


14-10-2021, 10:58
Deputatlar nəyi və kimi oxuyur?
Oktyabr ayında Azərbaycanda iki kitab sərgi-yarmarkası keçirilib.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Mədəniyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində oktyabrın 6-dan 10-dək baş tutub. “Qanun” Nəşrlər Evinin düzənlədiyi Milli Kitab Satış-Sərgisi isə Əl Oyunları Sarayında 1-10 oktyabrda keçirilib. Hər iki sərgi kitabsevərlər tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə sərgilərdə iştirak edən tanınmış insanların, siyasətçilərin fotolarını və buna dair fikirlərini görürük.

Maraqlıdır, siyasətçilər sonuncu dəfə nə vaxt və hansı kitabları oxuyublar?

Cebhe.info mövzuyla bağlı sorğunu təqdim edir:

*Sonuncu dəfə Lourens Lokkartın “Nadir şah” əsərini bitirən millət vəkili Razi Nurullayev hazırda Corc Cordaqın “İmam Əli” kitabını oxuduğunu deyib.

Paralel kitab oxuma vərdişinə malik millət vəkili hazırda A.Çexovun hekayələrini də oxuduğunu qeyd edib.

*Ölkədə keçirilən kitab sərgi-yarmarkalarında iştirak edən millət vəkili Fazil Mustafa bu yaxınlarda oxuyub bitirdiyi və bitirmək üzrə olan kitabların adlarını çəkib.

Millət vəkili Güntay Gəncalpın “Qaranlıqda çaxan ildırımlar” əsərini bitirdiyini və hazırda Qərb fəlsəfəsinin görkəmli nümayəndəsi Karl Yaspersin “Tarixin mənası və təyinatı” kitabını oxuduğunu deyib. Yaspersin adı çəkilən kitabına “Tarixin mənbələri və məqsədi”, “Dövrün mənəvi durumu”, “Fəlsəfi inam” adlı 3 əsəri daxil edilib. Qeyd edək ki, Fazil Mustafa Milli Məclisin son iclasında Azərbaycanda kitablara qoyulan əlavə dəyər vergisinin götürülməsi təklifi ilə çıxış edib.

*Millət vəkili Musa Quliyev hazırda Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Həmkarlarıma məktublar” kitabını oxuduğunu deyib.

Özünün də iki kitab üzərində işlədiyini deyən millət vəkili vaxt məhdudiyyətindən gileylənib.

*Yazıçı və millət vəkili Aqil Abbas həm Milli Kitab Sərgisində iştirak etdiyini, həm də həmişə oxuduğu Kəramət Böyükçöl, Aysel Əlizadə, Cəlil Cavanşir və digər gənc yazarların kitablarını aldığını qeyd edib.

Aqil Abbas, ümumiyyətlə, son zamanlar çox kitab oxuduğunu bildirib.

*Millət vəkili Elman Nəsirov son dönəmlər analitik yazı və məqalələr oxuduğunu deyib.

Daha çox 3 dildə -Azərbaycan, rus və ingilis dilində siyasi ədəbiyyat, təhlillər oxuyan deputat müxtəlif beyin mərkəzlərinin analitik hesabatlarını mütaliə etdiyini bildirib. Elman Nəsirov şeiriyyatı sevdiyini, boş vaxtlarında poeziya oxuduğunu da gizlətməyib.

*Kitabı yaxşı dost, müəllim, yol yoldaşı adlandıran millət vəkili Zahid Oruc oxuduğu son iki kitabın siyasətlə bağlı olduğunu deyib.

Oxuduğu kitabların adlarını söyləməyi sevmədiyini bildirən Zahid Oruc keçmişdə maraq göstərdiyi, oxuduğu müəlliflərin adlarını qeyd edib. Bunların içərisində Ernest Heminquey, Qabriel Qarsiya Markes və Şoloxov var. Milli Kitab Sərgisinə dəvət alan Zahid Oruc millət yüzlərlə kitabın oxunma növbəsini gözlədiyini səmimi etiraf edib.


Geri qayıt