Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Vətəndaşları halal haqlarından məhrum etməyin”

“Vətəndaşları halal haqlarından məhrum etməyin”


14-10-2021, 10:47
“Vətəndaşları halal haqlarından məhrum etməyin”
Ötən əsrin 90-cı illərinin ortalarında mərhum Prezident Heydər Əliyevin fərmanı ilə əvəzsiz özəlləşdirmə çeklərinin verilməsi ölkə vətəndaşlarının mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Bəzi vətəndaşlar həmin dövrdə “qara bazar”da vauçerlərini satışa çıxarsalar da, gələcəkdə bundan faydalana biləcəyini düşünən insanlar onu qoruyub saxladılar.

2011-ci ildən çeklərin tədavül müddəti dayandırıldı. Bununla da yüzminlərlə vətəndaşın mülkiyyət hüquqları pozuldu. Halbuki, fərmanda deyilirdi ki, sovetlər dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşlar pay sahibi olacaqlar.

AYNA özəlləşdirmə çeklərinin gələcək taleyi ilə bağlı araşdırmalarını davam etdirir. Bu dəfə ölkəmizin tanınmış ziyalıları, elm adamları bu barədə münasibətlərini bildiriblər.

1992-ci ildə Prezidentin səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədovun sözlərinə görə, 1997-ci ildən bu günədək özünə və ailə üzvlərinə məxsus özəlləşdirmə çeklərini qoruyub saxlayırlar: “Bilirsiniz ki, bir müddət yüksək dövlət vəzifələrində çalışmışam, qısa müddət isə ölkəyə rəhbərlik etmişəm. Bu səbəbdən özəlləşdirmə çeklərinin mahiyyəti barədə xəbərdar idim. Əslində bu çeklər keçid dövründə vətəndaşların ölkənin gələcək iqtisadi taleyində iştirakını təmin etməli idi. Lakin göründüyü kimi, bu, baş vermədi. Çeklər çox aşağı qiymətə “qara bazar”da toplandı və bundan yalnız bir qrup işbaz qazandı”.

Akademik bu prosesin faktiki olaraq unutdurulduğunu deyib: “İlk növbədə müvafiq dövlət qurumları bununla bağlı maarifləndirmə, təbliğat işləri aparmalı idi, amma olmadı. Vauçerlər üçün tədavül müddəti nəzərdə tutulmamalı idi. Bu da olmadı. Nəticədə yüzminlərlə vətəndaşın birbaşa, milyonlarla vətəndaşın isə faktiki olaraq mülkiyyət hüquqları pozuldu. Özəlləşdirməyə çıxarılan müəssisələrin pay sahibləri kimlər idi və onlar bu prosesi necə həyata keçirdilər, bu barədə də ictimaiyyətə heç bir məlumat verilmədi. Təbii ki, baş verənlərin fonunda mən və ailə üzvlərim vauçerlərimizi saxladıq. Onlar bu gün də bizdə durur”.

“Düşünürəm ki, bu məsələyə yenidən baxıla bilər. Əslində baxılmalıdır da. Lakin bu, baş verəcəkmi – onun üzərində dayanmaq lazımdır”, - deyə Məmmədov bildirib.

Milli Məclisin keçmiş üzvü, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli də o fikirdədir ki, özəlləşdirmə prosesində vətəndaşların hüquqları pozulub: “Fərman mahiyyət etibarilə mütərəqqi addım idi. Lakin bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də icra mexanizmi olmadı. Özəlləşdirməni həyata keçirməli olan dövlət qurumları düzgün işləmədi. Sonrakı dövrdə müəyyən fırıldaqlar həyata keçirildi. Ən dəhşətlisi odur ki, bu prosesin icrasına başlanan andan bütün bunlar həyata keçirilməyə başladı. Bir hüquqşünas və o zaman millət vəkili olan biri olaraq bunları görürdüm. Bu səbəbdən ümumiyyətlə, vauçerləri götürmədim”.

Porfessorun bildirdiyinə görə, bu məsələ məqsədli şəkildə unutduruldu: “Bu gün yüzminlərlə vətəndaş hələ də öz çeklərini özündə saxlayır. Milyonlarla vətəndaş isə onu dəyər-dəyməzinə satıb. Özəlləşdirmə prosesi necə və hansı formada həyata keçirilib, bundan da kimsənin xəbəri olmayıb. Heç hesabat verən də olmadı. Yenidən bu məsələyə qayıtmaq labüddür”.

Əlibəyli qeyd edib ki, təkcə bu məsələdə deyil, digər məsələlərdə də vətəndaşların hüquqları pozulur: “Çox təəssüf ki, vətəndaşların sosial problemlərinə də laqeyd yanaşılır. Sanki hər kəs taleyin ümidinə buraxılıb. Bu, qətiyyən yolverilməzdir”.

Filoloq alim, yazıçı-publisist Vaqif Bəhmənli də eyni fikirdədir. O, hesab edir ki, kimlər vauçerlərini saxlayıblarsa, onlar ağıllı insanlardır: “Çünki Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı ölkə vətəndaşlarının qarşısında böyük imkanlar açırdı. O, çox uzaqgörən və zəngin siyasi təcrübəyə malik siyasətçi idi. Bilirdi ki, vətəndaşlara verilən mülkiyyət hüququ onların dədə-babasının zəhmətinə verilən qarşılıqdır. Çünki hər bir şəxsin ətrafında, ailəsində Sovetlər Birliyinin inkişafına təkan verən insanlar olub. Bir halda ki, ölkə yeni sistemə keçidi təmin edirdi, mütləq şəkildə hər kəsin haqqı ödənilməli idi. Doğrusu, gözləntilər yüksək olsa da, proses yarımçıq aparıldı. Bizlər də məcbuq qalıb, vauçerlərimizi satdıq”.

“Kimlərin vauçerləri əllərində qalıbsa, onların hüquqları bərpa edilməlidir” deyən həmsöhbətimiz təklif edir ki, qarşıdakı dövrdə dövlət qurumları özəlləşdirməyə çıxarılarsa, bu məsələyə xüsusi diqqət ayrılmalıdır: “Proses o zaman yekunlaşmış sayıla bilər ki, hər kəs bundan bəhrələnsin. Əgər bu, baş verməyibsə, demək proses bitməyib. Nə zamansa bu məsələyə yenidən qayıdılmalıdır. İnanıram ki, belə olacaq. Lakin nə zaman - bu barədə qəti söz deyə bilmərəm. Belə bir addımın atılması çox yaxşı olardı”.

Geri qayıt