Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Putin-Paşinyan görüşü: bağlı qapılar arxasında nə danışıldı?

Putin-Paşinyan görüşü: bağlı qapılar arxasında nə danışıldı?


14-10-2021, 10:27
Putin-Paşinyan görüşü: bağlı qapılar arxasında nə danışıldı?
Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Nikol Paşinyan görüşdə bildirib ki, regionda hələlik vəziyyətin stabilləşməsindən danışmaq mümkün deyil, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır. Ermənistanın baş naziri Rusiyanın bu münaqişənin həllində, ümumiyyətlə, regionun təhlükəsizliyində açar rolunu oynadığını diqqətə çatdırıb.

Vladimir Putin isə bildirib ki, şəxsi görüşlər istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur: “Ümid edirəm ki, bu dəfə də belə olacaq. Təbii ki, əsas məsələ bölgədəki münaqişənin nizamlanmasıdır”.

Rusiya lideri MDB-nin qarşıdan gələn sammitini də xatırladıb və bu istiqamətdə təkliflərini səsləndirib.

Paşinyan isə öz növbəsində bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır.

Görüşdən sonra Paşinyan bildirib ki, Putinlə görüş “olduqca məhsuldar” olub.

Bəs görüşdən gözləntilər doğrulurmu? Paşinyanın “Dağlıq Qarabağ münaqişəsi həll edilməyib, yarımçıq qalıb” fikri nədən xəbər verir? Bunun ardınca Əliyev-Putin görüşü və ya Əliyev-Putin-Paşinyan üçlü təması necə, mümkünmü?

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hər gün bir az daha çox dərk edir ki, Rusiyanın iştirak etmədiyi və yaxud bu iştirakçılığın nəzərdə tutulmadığı hər hansı təşəbbüs Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Ancaq buna baxmayaraq, Paşinyan yenə də fürsət düşdükcə özü üçün başqa hami də axtarmağı unutmur. Bu isə əsla Rusiyanın gözündən yayınmır. Yəni bu iki ölkə arasında qarşılıqlı etimad artıq demək olar ki, yox dərəcəsindədir. Oktyabr ayının 12-də Moskvada baş tutan Putin-Paşinyan görüşü də elə bu əhval-ruhiyyədə keçdi. Hər nə qədər Putun saatları birgə düzəltməyi təklif etsə və Paşinyan da bunu təsdiq etsə də danışıqların məzmununda bu ”sinxronluq" öz əksini tapmadı. Ona görə də 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsində nəzərdə tutulan maddələrin tələblərini yerinə yetirməkdən başqa Ermənistanın çarəsi yoxdur. Lakin buna baxmayaraq, Paşinyan yenə də Qarabağ probleminin tam həll edilmədiyini dilə gətirirsə, bu həm öz imzasından imtina, həm də qalib ölkə Azərbaycan və təminatçı ölkə Rusiya qarşısında götürdüyü öhdəliklərdən imtina mənasına gəlir. Hazırkı geostrateji reallıqda isə bu mümkün deyil. Ona görə də regionumuzda qütbləşməyə doğru meyllərin artması tendensiyası yolverilməzdir və Rusiya da bunu əsla istəmir. Çünki hər hansı kənar müdaxilə cəhdləri Rusiyanın regionda sıxışdırılması anlamına gəlir. Elə bu səbəbdən də Paşinyanın manevr imkanları olduqca məhduddur və o, hazırkı oyun qaydaları ilə hesablaşmağa məhkumdur".

Bunun ardınca Əliyev-Putin görüşü və ya Əliyev-Putin- Paşinyan üçlü təmasının mümkün olub-olmadığına gəlincə, deputat hesab edir ki, belə bir görüşün reallaşması mümkündür və bu istiqamətdə ilkin addım kimi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü qeyd etmək olar: “Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın və üçtərəfli bəyannamədə əksini tapan maddələrin tələblərini özündə əks etdirməyən və konkret nəticələrə gətirib çıxarmayacaq görüş məqbul hesab edilə bilməz. Ona görə də Ermənistan vaxt itirmədən real addımlar atmaq üçün tələsməlidir”.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyanın arasında keçirilən görüş barədə detallı məlumat yoxdur, olması da mümkün deyil: “Çünki müzakirə olunan məsələlərin siyahısı həddindən artıq geniş və əsasən də məxfidir. Məhz bu baxımdan, Nikol Paşinyanın görüşü məhsuldar adlandırması mümkündür. Amma məhsuldarlıq kəmiyyət anlayışına aid olan ifadədədir və bu baxımdan görüşün keyfiyyət göstəriciləri ilə, qənaətimə görə, Ermənistanın yaxın 1-2 ay ərzində sərgiləyəcəyi davranışlardan tanış ola biləcəyik. Bu görüşdən sonra, Əliyev-Putin-Paşinyan görüşünün baş tutacağı ehtimalına gəldikdə isə nəzərə almaq lazımdır ki, bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Yalnız bu görüşün nəticəsi bəlli olduqdan sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında hər hansı bir formatda görüşün keçirilməsi ilə bağlı ehtimal irəli sürmək olar. Paşinyanın ”Dağlıq Qarabağ münaqişəsi həll edilməyib, yarımçıq qalıb" fikirlərinə gəldikdə isə, bunun Ermənistan tərəfinin yeni yanaşması olmadığı bəllidir. Bu yanaşma ilk növbədə Ermənistan cəmiyyətinə, həmçinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə yönəlib və əsasən təsəlli xarakteri daşıyır. Başqa bir səbəb isə ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərinin mövqeyidir. Hər iki həmsədr “münaqişənin bitmədiyi”ni təkrarlamaqla sülh danışıqları prosesinin davam etdirilməsini diqqətə çatdırmaq istəyirlər. Çünki münaqişənin bitməsi onların missiyasına son qoyulması və bölgəyə təsir imkanlarının əllərindən çıxması deməkdir".

“Yeni Müsavat”

Geri qayıt