Əsas Səhifə > Güney Press > Futbol millimiz niyə bu gündədir?

Futbol millimiz niyə bu gündədir?


14-10-2021, 10:22
Futbol millimiz niyə bu gündədir?
Dünən hər iki millimiz, həm U-21, həm də Canni De Byazinin komandası növbəti dəfə azərbaycanlı futbolsevərləri üzdü. Əsas Serbiya millisi qarşısında 1:3 hesablı yenilgi aldısa, Milan Obradoviçin rəhbərlik etdiyi U-21 Sumqayıtda Xorvatiya qarşısında 0:5 hesablı məğlubiyyətlə rəzil oldu. Deyəcək bir söz olmasa da, millilərimizin oyunu ilə bağlı mütəxəssis fikirləri öyrəndik.

Müəxəssislər Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

Novruz Əzimov: "Yığma haqqında öz fikirlərimi mətbuatda demişdim. Baş məşqçi təyin olunan zaman bir faktor vardı. Həmin vaxt İcraiyyə Komitəsində yer alan keçmiş futbolçular İsgəndər Cavadov, Vaqif Sadıqov, Kazbek Tuayev xarici məşqçinin gətirilməsinə etiraz etmişdilər. Hətta Rövnəq Abdullayev də əcnəbi məşqçinin təyinatının əleyhinə səs vermişdi. Amma buna baxmayaraq, öz istədiklərini etdilər. Yığmanın bu vəziyyədə olmasına görə günah hamımızdadır. Bilirsiz niyə? Çünki qərarı özləri veriblər. Yurçeviç millimizə baş məşqçi təyin olunanda demişdim ki, onu gətirənlər cavab verməlidir. De Byazi də eynən. Evdə 0:3 hesabı ilə uduzurlar, baş məşqçi deyir ki, "razıyam”. Nəticə yoxdursa, necə razı ola bilər? Maraqlıdır, bu, məntiqə söykənmir. Futbol hesaba oynanılan oyundur. Kim çox qol vurursa, qələbə qazanır. Sən uduzursan, amma deyirsən ki, hər şey yaxşıdır. Bilmirəm De Byazini milliyə kim gətirib. Amma həmin insanlar məsuliyyət daşıyır. Heç kim yayınmasın. Sonuncu dəfə hətta "CBC Sport”un şərhçisi də De Byazidən razı qlamadığımızı, ona inanmadığımızı dedi. Baş məşqçi ötən oyunların birindən sonra demişdi ki, AFFA onunla müqavilə barədə danışmalıdır, çünki başqa təklifləri var. Ancaq dünənki oyundan sonra bildirdi ki, yeni müqavilə bağlamağa hazırdır. Bu fikirlər bir-birini tamamlamır. Yəqin ki, AFFA "sənə təklif göndərənlərlə danış” deyəndən sonra De Byazi "valı fırlatdı”. Qurban Qurbanov 9 xal yığmışdı, ili tamam olmamış çıxardılar. Əlbəttə, bu nəticədən heç kim razı qala bilməz. De Byazi mərhələni tamamlasın, daha sonra getsin. O, Azərbaycanda futbolun durumundan sui-istifadə edir. İnkişaf gözləyirik. Analizlər aparmaq, inkişaf üçün addımlar atmaq lazımdır. Ancaq mən bu gün inkişaf görmürəm. U-21-in baş məşqçisi Obradoviç çoxdan göndərilməli idi. O, ümumiyyətlə, baş məşqçi təyin olunmamalı idi. Nə Obradoviç, nə De Byazi... Futbolun inkişafı üçün strategiya düzgün qurulmayıb. De Byazi olmasın, yerinə başqası gələcəkdi. Eyni nəticə alınacaqdı, tənqid edəcəkdik. Sistem düzgün işləmir. Ümumiyyətlə, sistem yoxdur”.

Şahin Diniyev: "Həmişə insanda gördüyü yaxşı şeylərdən sonra ümid yaranır. Səfərdə İrlandiya ilə oyun bizə ümid vermişdi. Haradasa düşünürdük ki, evdə xal qazanmaq olar. Hətta Serbiyaya evdə məğlub olduğumuz oyun da bizə ümid verirdi. Bir şey var ki, həmişə yuxarıdan gedirik. Digər millilər bizdən güclüdür. İstəyimiz reallığı üstələyir. Əslində, hər birimiz problemlərin nə olduğunu bilirik, görürük. Əfsuslar olsun ki, problemin necə həll edilməsi yollarını deyə bilmirik. Problemi demək, ələlxüsus da uğursuz oyundan sonra çox asandı. Siz sadaladığınız amillərin hər hansı birini yerinə yetirsəydilər və bu, uğur gətirsəydi, razı olardım. Bu, kompleks şəkildə olan sistemdir. Sistemdə kiçik bir nüansın işləməməsi problem yaradar. Futbol böyük bir dünyadır. Millimizin oyunlarından sonra tənqidlərə, problemdən çıxış yolları axtarmağa köklənirik. Bu şəxsi fikrimdir, əgər çıxış yolunu millinin özündə axtaracağıqsa, heç vaxt həll yollarını tapmayacağıq. Yığma piramidanın zirvəsidir. Hamımızın dərdidir. Klublar öz aralarında oynayanda, yaxud avrokuboklarda uğursuz olanda bir neçə gündən sonra unudulur. Ancaq milli məsələsində hamı birləşir. Əsas yığmaya qədər olan problemləri həll etməsək, düzəlməyəcək. Bu gün milliyə yaxın olan klublardır, onların problemləri yoluna qoyulmalıdır. Daha sonra klubların aşağı yaş qrupları, məşqçilərdir, texniki baza məsələləri gəlir. Bunlar hamısı həll olunmalıdır. Millinin heyətinə baxıram, Rüstəmi də nəzərə alsaq, 7 legioner var. Bir il bundan əvvəl belə deyildi. Yəni müəyyən işıq var. Legionerlər yığmanı gücləndirə bilər. Amma bu bütün problemlərin həlli demək deyil. İnkişaf görünmür. De Byazini tənqid edirik, çünki indi ən asan, əlimiz çatan yer odur. Bilirsiniz, hər komandanın ənənəsi var. Məsələn, deyə bilərik ki, "Barselona”ya Luis Enrike gəlsə, çempion olacaq. Eynilə "Real”da da vəziyyət bu cürdür. Onlar 1-4-cü yerlər uğrunda oynayırlar. Bizim futbolumuz o səviyyədə deyil ki, hansısa məşqçi gəlib burdakı "materiallar”la millini 180 dərəcə çevirsin. Mümkün deyil, uzağı 1 yox, 4 xal toplaya bilərik. Millimizdə alman, xorvat, braziliyalı, çempion olan, azərbaycanlı məşqçilər də gəlib. De Byazini deyil, onun tutduğu yeri müdafiə etmək istəyirəm. Demirəm, onun günahı yoxdur. Sadəcə, faiz məsələsi var. Neçə faiz günahkardır? Tənqid etmək asandır. Bəs ona qədər olan problemləri kim həll edəcək. Təməlimiz yoxdursa, bu gün nə qazanmaq olar. Baxın U-21 millimizə. Hazırda əsas komanda üçün ən yaxın ehtiyat qüvvədir. Gözünüzü yumun, fikirləşin, 3-4 ildən sonra yığma hansı vəziyyətdə olacaq? Tənqidlər haqlıdır. Mən hələ çox uzağa, U-19, U-17-nin, klublarımızın durumuna toxunmadım. İki akademiyamız vardı – "Bakı” və "Qəbələ”. Biri fəaliyyətini dayandırdı, digəri də 30 faiz işləyir. Bəlkə də yüksək səviyyəli akademiya deyildilər. Amma bu gün bütün klublarımızda o akademiyaların yetirmələri oynayır”.

Geri qayıt