Əsas Səhifə > Güney Press > 7 marşrut xəttinə sahib şirkətin adı

7 marşrut xəttinə sahib şirkətin adı


14-10-2021, 09:55
7 marşrut xəttinə sahib şirkətin adı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Cabbarov məhkəmə qarşısına çıxarılıb. Onun idarə etdiyi avtomobil avtobusa çırpılıb.
Bizimyol.info xəbər verir ki, Rəşad Cabbarovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır. Oktyabrın 13-də keçirilən məhkəmə iclasında Rəşad Cabbarov ifadə verərək bildirib ki, qəza törətdiyi avtomobil özünə məxsus olmayıb. O, avtoyuma məntəqəsində işləyib. Maşın da yuyulmaq üçün məntəqəyə təhvil verilib: “Maşın “Rent a car”ın (avtomobil icarəsi) idi. Götürüb sürdüm, bu hadisə oldu”.

Təqsirləndirilən şəxs hadisə yerindən qaçmasını isə həmin vaxt qorxmasıyla izah edib. Qəza nəticəsində dünyasını dəyişən Taleh Aslanovun qardaşı zərərçəkmişin hüquqi varisi qismində ifadə verərək deyib ki, Rəşad Cabbarovdan şikayətçidir. Onun sözlərinə görə, Rəşad Cabbarov istintaq dövründə bir neçə ay həbsdə olmayıb, lakin o müddətdə nə özü, nə də yaxınları gəlib onlara üzrxahlıq edib: “Onu kənd uşağı kimi tanımışıq. Biz də bilirik ki, bu, qəsd deyil. Məni yandıran odur ki, bu qədər vaxtda nə özü gəlib dedi ki, başınıza belə iş gəldi, nə də bir adamı. Heç olmasa, qadınlar gələydi, bir üzrxahlıq edəydilər. Anamın 76 yaşı var, onun üçün çox ağır faciədir. Özünün üç körpə uşağı qalıb. Mən o uşaqlara nə cavab verim?”

Zərərçəkmişi narazı salan məqamlardan biri də Rəşad Cabbarovun hadisə yerindən qaçması, yaralıya yardım göstərilməsi üçün heç bir addım atmamasıdır.

Hadisə ilə bağlı məhkəmə araşdırmaları davam edir.

“Ayşən LTD” MMC və Qurban Məmmədov da bu işdə zərərçəkmiş qismində tanınıb.

“Ayşən LTD” şirkətinin Bakıda 7 marşrut xətti üzrə 119 avtobusa sahib olduğu bildirilir. Bu şirkətə məxsus avtobuslarda son iki il ərzində ölümlə nəticələnən bir neçə qəza baş verib. Elə oktyabrın 13-də aeroport yolunun Suraxanı dairəsi hissəsində yük avtomobilinin çırpıldığı avtobus da “Ayşən LTD” şirkətinə məxsus olub. Bu qəzada 5 nəfər həlak olub, xeyli insan yaralanıb.

Zərərçəkmiş qismində tanınan Qurban Məmmədovun adı isə Bakıda torpaqların zəbt olunmasında hallanır.


Geri qayıt