Əsas Səhifə > Güney Press > "Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə

"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə


25-09-2021, 12:27
"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə
Azərbaycanda məhkumlarla bağlı yeni qərar qəbul edilib. Belə ki, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xarici ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb. Bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, məhkumların ilk dəfə olaraq xaricdəki əmlaklarının müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılan məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib. Təqsirləndirilən şəxsin adına Türkiyənin “Yapı Kredi Bank” hesabındakı 87 740,39 ABŞ dolları, Almaniyanın “Deutche Bank” hesabındakı 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına sorğu ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, əgər şəxs korrupsiya nəticəsində gəlir əldə edibsə, o zaman həmin şəxsin əldə etdiyi gəlirlər müsadirə olunmalıdır. Ekspert qeyd edib ki, çox zaman korrupsiya nəticəsində əldə olunan vəsaitlər xaricdə yerləşdirilir:

"Belə olan halda aktivlərin də müsadirəsi mümkündür. Bilirsiniz ki, Azərbaycan korrupsiya əleyhinə BMT-nin konvensiyasına qoşulub. Həmin konvensiyaya görə, korrupsiya cinayətlərinə yol verən şəxslərin əmlakı və aktivləri müsadirə oluna bilər. Bir çox korrupsiyaya cinayətlərinə yol vermiş şəxslər əmlaklarını xaricdə yerləşdirməyə çalışırlar. Yaxud da ki, külli miqdarda əmlak alırlar, pullarını banklarda yerləşdirirlər. Əgər həmin şəxslər barəsində istintaq zamanı cinayətləri sübut olunarsa, o zaman bu əmlaklara korrupsiya cinayətlərinə görə üzərlərinə həbs qoyula bilər. Azərbaycan qanunverciliyində uzun müddətdir ki, bu norma var. Xüsusi müsadirə yalnız korrupsiya nəticəsində əldə edilmiş gəlirlərin üzərinə həbsin qoyulmasıdır. Bu gəlirlər də həm qiymətli kağız, həm də əmlak formasında ola bilər. Korrupsiya transmilli cinayət əməlidir. Ona görə də bütün dövlətlərin səylərini birləşdirmək vacibdir, yəni bu sahədə əməkdaşlıq çox mühümdür. Çünki bu, korrupsiyaya qarşı mübarizəni daha effektli, səmərəli edir. Əks halda bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı. Hər hansı bir ölkədə qazandıqları korrupsiya hesabına gedib çox rahat yaşaya bilərdilər. Ona görə də belə beynəlxalq konvensiyaların olması çox vacibdir".


Geri qayıt