Əsas Səhifə > Güney Press > Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir

Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir


25-09-2021, 12:19
Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir
Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır: “Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Burada məqsəd dəhlizə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.

80 dəqiqəlik dərs təklifinə münasibət bildirən fəlsəfə doktoru Əhməd Qəşəmoğlu “Şərq” açıqlamasında qeyd etdi ki, bu, əsaslandırılmamış təklifdir:

- Bu təklifin irəli sürülməsində əsas məqsəd nədir? Məqsəd yoluxma sayının azaldılmasıdırsa, bu absurddur. Təhsil Nazirliyi auditoriyaların 70 faiz dolmasını təklif edir. 70 faiz o deməkdir ki, tələbələr parta arxasında 2-2 əyləşəcək. Bir parta arxasında bir tələbənin - tələbələrin tək-tək əyləşməsini istəyiriksə, o zaman auditoriya 50 faiz dolur. Bir halda ki, auditoriyada tələbələr parta arxasında 2-2 əyləşəcək, dəhlizə çıxmaqla təmasları azaltmağın nə mənası var. Əksinə, dəhlizə çıxanda auditoriyanın havası dəyişir, tələbələr pərakəndə olur, hamı bir yerə toplaşmır ki! Mən pandemiyanın ilk dövründən yoluxma sayının azalması, insanlarımızın bu xəstəlikdən maksimum qorunması üçün konkret təkliflərlə çıxış etmişəm. Hələ də söyləməkdə davam edirəm. Amma görürəm ki, bunlara diqqət edən yoxdur. Əvəzində, əsassız, heç bir məntiqə söykənməyən qərarlar qəbul edir, təkliflər irəli sürürlər. Ali məktəb tələbəsindən COVİD pasportunun tələb edilməsi hansı məntiqə sığır? COVİD pasportuna malik olmaq vətəndaşa hansı üstünlüyü verir? Yoluxmur, ya yoluxdurmur? COVİD pasportunun belə bir fövqəlgücü yoxdur. Peyvəndin də yoluxmanın qarşısını almasını heç bir alim təsdiq etmir. Peyvənd xəstəliklə mübarizə üçündür, yoluxduqda xəstəliyi yüngül keçirmək, ölüm riskini azaltmaq üçündür. Bunu insanlara, əhaliyə bu şəkildə başa salsalar və bu istiqamətdə təbliğat aparsaydılar, əhalinin 90 faizi artıq çoxdan peyvənd vurdurmuş olacaqdı. COVİD pasportuna malik tələbə də auditoriyaya gəlib başqa tələbələri yoluxdura bilər. Eləcə də ali məktəbə girişdə hərarət ölçənlərin qoyulması, əsaslı nəticəyə gətirib çıxarmayacaq. Elə insan var, xəstəliyi simptomsuz keçirir, hərarəti olmur. Ali məktəbə daxil olub-çıxan tələbənin yoluxmuş və ya xəstə olduğunu müəyyənləşdirəcək bir mexanizm, üsul yoxdur.

Ə.Qəşəmoğlu dərslərin fasiləsiz 80 dəqiqə davam etməsi məsələsininsə mümkün olduğunu bildirdi:

- Pandemiyanı bir kənara qoysaq, mən dərslərin 80 dəqiqə davam etməsinə müsbət yanaşıram. Mühazirə qoşa saatdırsa, bunun ilk 45 dəqiqəsinin 10 dəqiqəsi salam-əleykimə, jurnalın yoxlanmasına, “kim var-kim yox”a sərf olunur. 45 dəqiqənin son 10 dəqiqəsində də tələbələr saatlarına baxır, dəqiqələri sayır, diqqətləri yayınır. Fasilədən sonra növbəti 45 dəqiqənin ilk 10 dəqiqəsi də yerbəyer olmağa sərf olunur. Ümumilikdə müəllim üçün 70 dəqiqə mühazirə vaxtı qalır, aradakı söhbətləri, müzakirələri nəzərə almasaq. 80 dəqiqənin fasiləsiz olması tələbənin diqqətinin yayınmaması və 20 dəqiqənin hədər getməməsi baxımından münasibdir. Amma bir şərtlə ki, auditoriyada da bunun üçün münasib şərait olsun, tələbələr sıxılmasın, darıxmasın, müəllim də elə mühazirə desin, elə dərs aparsın ki, tələbə ona həvəslə qulaq assın.


Geri qayıt