Əsas Səhifə > Güney Press > "Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra...

"Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra...


25-09-2021, 11:51
"Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra...
Azərbaycanın Qarabağ bölgəsində suverenliyi bərpa olunmayan ərazilərdə yerləşən sülhməramlıların davranışları, bir tərəfdən də, İrandan gələn və Gorus-Qafan yolunun ölkəmizin ərazisindən keçən hissəsində yoxlanılan tırlar fonunda yaşananlar ictimaiyyətin diqqətini İrana yönəltməkdədir. Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə maraqlı məqamlara diqqət çəkib.

-Yusif müəllim, bu gün İran tərəfindən gələn tırlarla bağlı yaşanan olayların səbəbləri hansılardır?

-Azərbaycan II Qarabağ savaşından sonra Ermənistan xaric - Gürcüstan, Rusiya, Türkiyə, İranl kimi qonşu dövlətlərlə qardaşlıq, dostluq münasibətlərini saxlayıb və bunu beynəlxalq hüquq çərçivəsində davam edir. Yəni qonşu dövlətlərin daxili və xarici siyasətinə qarışmamaq, onların hüquqlarını, ərazi bütövlüyünü tanımaq, Azərbaycan üçün əsas prioritetdir. Bilirsiz ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra İran regionda Azərbaycanın, Ermənistanın, Gürcüstanın müstəqillyini qəbul edib. Hələ bir qədər də tarixə baxsaq 1981-ci ildə İran Parlamentinin sədri Haşimi Rəfsəncani bəyanat vermişdi ki, əgər gələcəkdə Azərbaycan müstəqil olsa biz onun müstəqilliyi tanıyacağıq. O vaxt Rəfsəncanı İran parlamentinin sədri kimi Azərbaycanın müstəqilliyinin tanınması ilə əlaqədar ilk mesajını vermişdi. İstər Ulu Öndərin vaxtında, istərsə də bu gün Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində İranla əlaqələrimiz çox yüksək səviyyədə qurulub. ABŞ-ın əvvəlki prezidentləri Buş, Trampın vaxtında İrana qarşı müharibə təhdidləri olanda da Azərbaycan dostluq, qonşuluq münasibətlərini pozmayıb. Hətta cənab Prezident ötən il bəyanat vermişdi ki, Azərbaycan heç vaxt İrana qarşı plastarm rolunda çıxış edə bilməz. İranla qonşu dövlətik, İranın ərazi bütövlüyünü tanıyırıq, bizim orda 35-40 milyona yaxın soydaşımız yaşıyır və Azərbaycan onların hüquqlarını da müdafiə eləməlidir.

Hazırda İranda yeni prezident seçilib və o, nominal fiqurdur. Əsas yeri dini rəhbər tutur və münasibətlər onunla həll olunur. Yəni İranda Dini Rəhbər, Prezident, sağ cinah, sol cinah var. Cinahların birində Azərbaycanı istəyən, Azərbaycanın haqqını beynəlxalq hüquq çərçivəsində tanıyan qüvvələr dayanır, o biri cinah isə şovinist ideologiyasında olan insanlardır. Əlbəttə ki, 44 günlük müharibədən sonra İran tırlarının Azərbayacan ərazisinə daxil olması, Xankəndinə yük daşıması qeyri-qanunidir. Azərbaycan tərəfi İran dövlətinə nota verib. Hətta İranın Azərbaycandakı səfiri məsələni müzakirə etmək üçün prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş almışdır. İkinci görüşdən sonra Azərbaycan Gorus-Qafan yoluna həm gömrük, həm polis postu yerləşdirdi. İranın bu hərəkətləri qonşuluq, dostluq çərçivəsinə sığmır. Təbii ki, Azərbaycanın daxili və xarici siyasəti düzgün istiqamətdə gedir.

-Azərbaycan tərəfindən İrana nota verildi, siz də qeyd etdiniz. Bundan sonra İranın bizə qarşı davranışlarında nə dəyişdi?

-İranın münasibəti hələ dəyişməyib. İranda da erməni lobbisi var və kifayət qədər güclüdürlər. Şovinist İran-fars ideologiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra daha da aqresivləşib.

- İranda yaşayan azərbaycanlılar rəsmi İrana qarşı etiraz edib, xəbərdarlıq ediblər ki, sentyabrın 27-nə qədər Azərbaycana qarşı münasibət dəyişməzsə, azərbaycanlılar ayağa qalxıb etiraz edəcəklər. Fikriniz nədir, bununla nə dəyişə bilər, hansı təsirini göstərə bilər?

-Məlumdur ki, Rusiyadan Ermənistana, ordan da Qarabağa hərbi sursatlar daşınanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız öz narazılıqlarını bildirib, nümayişlər, mitinqlər keçirdilər. Bildiyimiz kimi hətta həmin aksiyalarda 11 nəfər azərbaycanlı aktiv xanımı həbs elədilər. Yəni azərbaycanlıların İrandakı nüfuzu kifayət qədər güclüdür. Əlbəttə ki, bizim soydaşlarımızın bu ultimatumu qanundur. Əgər sentyabrın axırına qədər İran tərəfi bu qeyri -qanuni hərəkətlərinə davam eləsə, bu həm Azərbaycan-İran münasibətinə, həm də İranın daxili sabitliyinin pozulmasına gətirib çıxaracaq. İranda azərbaycanlılar həm iqtisadi, həm də siyasi sahədə böyük nüfuz sahibidirlər. Məmurların səsi çıxmasa da, onların da damarından azərbaycanlı qanı axır. Nazirlərin, ordunun içərisində də azərbaycan əsilli insanlar var, fəaliyyət göstərirlər. Təbii ki, İran dövlətinin axırıncı hərəkətləri xoşagələn deyil. Hətta bildiyiniz kimi Azərbaycanla Türkiyənin Xəzər dənizində manevrləri olandan sonra İran tərəfi buna xoş olmayan münasibət bildirdi. Sonra da Araz çayı boyunca hərbi təlimlər keçirdi. Bu da bir mesaj idi. Yəni Azərbaycan öz münasibətlərini beynəlxalq hüquq çərçivəsində qurur və Azərbaycanın tələbi haqdır. Hətta Rusiyanın Ermənistandakı səfiri erməni əsillidir. Yəqin ki, onun da bu proseslərə təsiri var. İllərdir orda oturub, İran-Azərbaycan münasibətlərini pozmağa çalışır.

-Rusiyallı ekspert belə deyir ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa çalışan qüvvələr var, bunlar erməni diasporası, lobbisidir.

-Doğrudan da ermənilər dövlət kimi deyil, diaspora, lobbi kimi yaxşı formalaşıblar. Prezidentin də dediyi kimi, Ermənistan marianet bir dövlətdir, bayrağını endirməlidir və Fransanın, Rusiyanın forpostu olduğunu qəbul etməlidir. Bu diaspora 19-cu əsrin əvvəllərindən yaranıb. 30-cu illərdə Türkiyə ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrlə bağlı müqavilələr imzalananda belə qərar qəbul olunub ki, həmin ticari əlaqələrin başında ermənilər durmalıdır. Bu da türklərin ermənilərə verdiyi böyük üstünlük idi. Ondan sonra ermənilərin Türkiyədən ABŞ- a axını başlayıb. Hətta 1895-ci ildə erməni diasporası ABŞ senatına guya ki, Türkiyədə ermənilərin hüquqlarının pozulması ilə vəsatət qaldırıb. 20-ci əsrin terrorçu təşkilatları ASALA, Daşnaqsütun və digəriləri rəsmi qeydiyyatdan keçib lobbiləşiblər. Və bu gün Rusiyada, Fransada, Amerikada yaşayan ermənilərdən o dövlətlərə təsirləri var. Ermənilər başqa ad familiya ilə yaşamağa öyrəniblər. Hətta onlar bizim qardaş Türkiyə dövlətində də var. Ad-soyadlarını dəyişmiş ermənilər var ki, onlar Türkiyə-Azərbaycan münasibətlərini pisləşdirməyə şərait yaradan adamlardır. Məsələn, CHP millət vəkili Unal Çevik tez -tez Azərbaycan haqqında uyğun gəlməyən bəyanatlar verir. Türkiyənin xarici işlər naziri Çavuşoğlu onun layiqli cavabını verdi və mən də bununla bağlı bir neçə dəfə bəyanat vermişəm.

-Ola bilərmi ki, bu gün İrandan Azərbaycana gələn bəzi neqativ münasibətdə elə erməni lobbisinin təsiri olsun?

-Erməni lobbisinin təsiri var, amma gərək dövlətin özü də buna münasibət bildirsin. İnanıram ki, bu münasibətlər qaydasına düşəcək. Yeni seçilmiş hökumət münasibətlərin kritik həddə çatmasına imkan verməyəcək. Ancaq hərəkətlərində aqressivlik müşahidə olunur. Müşahidələrimə görə yeni təyin olunmuş xarici işlər naziri də həmişə Azərbaycan və Türkiyə haqqında çox aqressiv bəyanatlar vermişdi. O tendensiyanın davam etməyəcəyini deyə bilmərəm.

Amma Azərbaycan bu gün çox güclüdür. Bizim düzgün daxili və xarici siyasətimiz var. Bizim oturuşmuş dövlət aparatımız var. Bizim Türkiyə, Pakistan, İngiltərə, İsrail timsalında güclü dostlarımız var. Ona görə də mən həm pakistanlı qardaşlarımıza, həm yəhudi, Türkiyəli qardaşlarımıza minnətdarlığımızı bildirirəm.

- İranla məsələ aydındır, bəs, Rusiya sülhməramlılarının regionda davranışları kontekstində apardığı siyasət onu hara aparır?

-Azərbaycan belə getsə o bölgədə antiterror əməliyyatı keçirəcək. Bu gün Azərbaycanda Rusiya sülhməramlılarının mandatı qeyri-müəyyəndir. Sülhməramlıların gəlişinə biz hüquqi imza atmamışıq. Bu gün Rusiyanın Ermənistanla İqtisadi münasibətlərində 30 faiz azalma var. Rusiyanın Azərbaycanla iqtisadi münasibətləri 2009-2020-ci illər üzrə 80 faiz artıb. Digər tərəfdən Rusiya sülhməramlıları Abxaziya-Osetiya məsələsində özünü beynəlxalq ictimaiyyətə çox pis təqdim edib. Onların burda sülhməramlı kimi imicinin korlanması ümumiyyətlə rusların hər hansı bir ölkədə sülhməramlı kimi iştirakına son qoyacaqdır. Ona görə də düşünürəm ki, yaxınlarda bölgədə stabilliyin şahidi olacağıq. Bildiyiniz kimi cənab İlham Əliyevin Putinlə telefon danışığı olub. Yaxın günlərdə Ərdoğanın Putinlə görüşü var. Türkiyə, Rusiya tərəfdən verilən mesjlardan belə məlum olur ki, Qarabağla bağlı yarımçıq qalmış müzakirələrin davamı olacaqdır.

-ABŞ-ın regionda fəallaşması müşahidə olunur. Konkret ABŞ dövlət katibinin müavini Valentina Nuland Minsk Qrupu formatını ortaya atıb və deyib ki, bu qurumun mexanizmi ilə bölgədə sülh və əminəmanlığın bərpasına, tərəqqiyə nail oluna bilər. ABŞ-ın regionda fəallaşması nə vəd edir?

-Bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linni Treysi də Minsk Qrupu və Qarabağın “status” məsələsi ilə bağlı boş-boş danışmışdı. Bir məsələ açıq aydındır, ABŞ artıq regionda bu münaqişənin həlli prosesində yoxdur. Bu prosesdə Azərbaycan, Rusiya, Türkiyə və Ermənistan var. ABŞ-ın aktivliyi ona görədir ki, o və Fransa regiona yalnız Minsk Qrupunun fəaliyyətinin bərpası ilə daxil ola bilər. Minsk Qrupu özünü doğrultmadı. Çünki Fransa birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Minsk Qrupunun münaqişəni dondurmaqdan başqa heç bir fəaliyyəti olmadı. Ölkə Prezidenti də dedi ki, Minsk Qrupu formatı öz fəaliyyətini ancaq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına kömək eləməklə qura bilər. Prezident dedi ki, “status” məsələsi ola bilməz. Kim erməniyə status vermək istəyirsə, getsin bunu Koliforniyada, Marseldə etsinlər.


Geri qayıt