Əsas Səhifə > Güney Press > "Ölkəmiz üçün bundan böyük reklam ola bilməz"

"Ölkəmiz üçün bundan böyük reklam ola bilməz"


25-09-2021, 11:34
"Ölkəmiz üçün bundan böyük reklam ola bilməz"
Deputat Nəsib Məhəməliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

- Nəsib müəllim, sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış edib. Cənab Prezident çıxışı zamanı çox mühüm məsələlərə toxunub. İlk olaraq, bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

- BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyevin çıxışı sülhün təminatı üçün dünya birliyinə, region ölkələrinə edilən növbəti çağırış idi. Prezident, müasir dövrün əsas problemi olan pandemiya ilə mübarizə sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi cəhətdən zəif ölkələrə göstərilən yardımlar, 44 günlük Vətən müharibəsi, müharibədən əvvəlki və sonrakı vəziyyət, Ermənistanın işğal dövründəki dağıdıcı fəaliyyəti, vurulmuş ziyana görə məsuliyyət, dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın verdiyi təkliflər barədə ətraflı məlumat verdi. O, Ermənistanla yanaşı, Minsk qrupunu bərpa etməklə "status" məsələsini qabardan qüvvələrə, müharibə çağırışları səsləndirənlərə də ciddi xəbərdarlıq etdi. Diqqət çəkən əsas məqamlardan biri isə ölkə Başçısının bundan sonra Dağlıq Qarabağ yox, Qarabağ terminini işlətmələri barədə müraciəti idi. Düşünürəm ki, bu, zamanında və yerində edilmiş müraciət idi.

Xatırlatmaq yerinə düşər ki, tam bir il öncə də cənab Prezident 75-ci sessiyada çıxışı zamanı Ermənistan tərəfdən gözlənilən təhdidlərlə bağlı xəbərdarlıq etdiyini bildirməsinə baxmayaraq, beynəlxalq birlik lazımi reaksiya verməmişdi. Nəticə isə göz qabağındadır. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində minlərlə gənc həlak oldu. Erməni ordusu, ümumiyyətlə dünya erməniliyi biabırçı şəkildə məğlub oldu.

Əgər Ermənistan Prezident İlham Əliyevin builki xəbərdarlıqlarından lazımi nəticə çıxarmasa, daha ağır vəziyyətə düşəcək.

Xüsusilə bir məsələni də qeyd etmək istərdim ki, əvvəlkilərdən fərqli olaraq, ilk dəfə Azərbaycan Prezidenti qalib Ali Baş Komandan kimi böyük qürur hissi ilə ölkəsinin nəyə qadir olduğunu, dünyanın 1 nömrəli Beynəlxalq təşkilatı hesab olunan BMT Baş Assambleyasında nümayiş etdirdi. Ölkəmiz üçün bundan böyük reklam ola bilməz.

- İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrlərdə dövlətimizin qələbəsini qəbul etməyən qüvvələrin və ölkələrin əsl siması göründü. Ermənistandakı ABŞ səfiri sərsəm açıqlama verərək, Qarabağ probleminin həll edimədiyini söyləyib. Uzun illərdir ki, ərazi bütövlüyümüzün bərpası, Azərbaycan-Ermənistan arasındakı münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunda təmsil edilən ölkənin səfirinin bu cür açıqlama verməsi nə qədər məntiqlidir?

- ABŞ-ın Ermənistandakı səfirinin son bəyanatları regionda sülhün yaranmasına xidmət etmir. ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin həlli istiqamətində cüzi də olsa, irəliləyişə nail olmayıb və Azərbaycanın bu problemi təkbaşına həll etməsi ilə beynəlxalq hüququn normaları bərpa olunub. Onlar ölkəmizin qələbəsini həzm etmək istəmirlər və münaqişə ocağının saxlanmasında maraqlıdırlar. Artıq gecdir, qatar gedib.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İğdırdan Azərbaycana yol çəkəcəyini söyləyib. Bu yolun çəkilməsinin Azərbaycan-Türkiyə üçün hansı iqtisadi və siyasi əhəmiyyəti var?

- Hörmətli Ərdoğanın təşəbbüsü alqışlanmalıdır və İğdırdan Azərbaycana çəkiləcək yol gələcəkdə Zəngəzur dəhlizindən keçərək, tarixi İpək Yolunun bir qoluna çevriləcək, iqtisadi baxımdan dövlət büdcəsinə dividendlər gətirəcək. Eyni zamanda, bu yolun siyasi-coğrafi əhəmiyyəti də danılmazdır.

- Nəsib müəllim, Füzuli Beynəlxalq Hava Limanı fəaliyyətə başladı. Bundan əlavə, cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Laçına səfər edən zaman beynəlxalq hava limanının təməlini qoydular. Gələcəkdə Xocalı və Xankəndi Beynəlxalq Hava Limanının da açılması mümkündürmü?

- Qısa zaman kəsiyində Füzuli Beynəlxalq Hava Limanının açılması tarixi hadisədir və Qarabağ bölgəsinin sosial-iqtisadi, siyasi həyatında əhəmiyyəti son dərəcə böyükdür. Eyni zamanda bu, yenicə müharibədən çıxmasına baxmayaraq, iri tutumlu maliyyə resursları tələb edən möhtəşəm infrastruktur layihələrini icra etmək qabiliyyətində olan dövlətin iqtisadi gücünün göstəricisidir.

Əlavə olaraq, Zəngilan və Laçın rayonlarında da beynəlxalq hava limanlarının tikintisinə başlanılıb.

Gələcəkdə Xankəndində və Xocalıda hava limanlarının açılması zamana bağlı məsələdir. İndiki zamanda əsas məsələ Ermənistanla dayanıqlı sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılmasıdır. Ondan sonra, zərurət yaranarsa, istənilən layihəni icra etmək mümkündür.

- Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini söyləsə də, digər tərəfdən Zəngəzur dəhlizinin açılması əlehyinə fikirlər səsləndirməkdə davam edir. Paşinyanın bir-birini təkzib edən addımlar atması və fikirlər səsləndirməsi Ermənistan üçün nə ilə nəticələnə bilər?

- Paşinyan öz çıxışlarında, fikirlərində stabil mövqe sərgiləyən adam deyil. Tez-tez fikirlərini dəyişir və yaxud təzadlı, ziddiyətli ifadələr səsləndirir. Onun səsləndirdiyi fikirlərdən daha çox, qəbul etdiyi qərarlara, atdığı addımlara diqqət etmək lazımdır. Məlumdur ki, o, populist adamdır və çıxışlarının əksəriyyəti daxili auditoriyaya hesablanır. Digər tərəfdən, Ermənistan müstəqil dövlət olmadığı üçün prinsipial qərarları da onun əvəzindən başqa qüvvələr verir. Düşünürəm ki, hər şey arzuladığımız kimi olacaq.

- İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir. Bu gün hər kəsi maraqlandıran məsələ məcburi köçkünlərimizin Qarabağa köçürülməsi məsələsidir. Məcburi köçkünlərimizin mərhələli şəkildə Qarabağa köçürülməsi nə zamandan başlana bilər?

- Məcburi köçkünlərin öz yerlərinə qayıtmaq arzuları başa düşüləndir. Hər şey mərhələli şəkildə aparılmalıdır. Ərazilər tam minalardan təmizlənməli, insanların yaşayışını təmin etmək üçün məişət şəraiti, infrastruktur layihələri icra olunmalıdır. Bütün proseslər Prezidentin gündəlik şəxsi nəzarətindədir və işlər görünməmiş sürətlə aparılır. Konkret vaxtı söyləməkdə çətinlik çəkirəm. Lakin düşünürəm ki, yaxın iki ildə bəzi ərazilərdə məskunlaşma başlana bilər.


Geri qayıt