Əsas Səhifə > Güney Press > "Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir"

"Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir"


25-09-2021, 11:28
"Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir"
“Yenilik var, iki mahnım bu yaxınlarda işıq üzü görəcək. Sözləri Leyli Bəylərə və musiqisi mənə aid “Heyf mənim ömrümə, heyf mənim sevgimə” adlanır. Digər mahnım isə Cığatel xanımın sözlərinə “Sevmək beləmi olur” mahnısıdır və bu mahnının da musiqisi mənə aiddir. Yeni bir səsdir elə bil ki. Bu üslubda mahnılar yoxdur. Bəzən mən danışıram və ağzımdan söz tuturlar. Amma mən ömrü boyu reallıqla danışmışam, onu demişəm”

Bunu Moderator.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Müğənninin sözlərinə görə bu gün oxunan mahnılarda başqa millətlərin mahnılarını yamsılayırlar:

“İndi şou-biznesdə köhnə xalq mahnılarını çıxmaq şərtiylə səksən faiz Azərbaycan musiqisi oxunmur. Tamam başqa-başqa millətlərin mahnılarını yamsılayıb ortalığa çıxarırlar. Amma mənim mahnım işıq üzü görəcək və özünüz də təsdiqləyəcəksiniz ki, necə gözəl mahnıdır. Mən az yazıram, amma təmiz Azərbaycan dili üslubunda mahnı yazıram”.

Müğənni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə görə Ali Baş Komandana və hərbçilərimizə öz təşəkkürünü bildirib:

“Atam dünyasını dəyişəndə mən onu Ağdamın Əfətli kəndində dəfn etdim. O vaxt mən və evdəkilərlə birlikdə deyirdik ki, Ağdama qayıdacağıq və ona görə atamı o kənddə dəfn etdik. Tez-tez istəyirəm atamın qəbrini ziyarət edim. Anam sağ olanda deyirdi ki, getmə ziyarətə, təhlükəlidir, ermənilər atəş açır. Şükür Allaha, bu gün müharibə qurtarıb, torpaqlarımızı işğaldan azad etmişik. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, komandirlərimizə, əsgərlərimizin hamısına can sağlığı arzu edirəm. Onlar bizim fəxr yerimizdir, qürur yerimizdir. Onların hesabına və Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımızı azad etmişik. Mən indi tez-tez atamın qəbrini ziyarət edirəm”.

T.Şahmalıoğlu otuz ildən sonra Şuşa torpağına ayaq basdığını bildirib:

“Hələ ki, ata yurdumuzu ziyarətə getməyə dostlar qoymadılar, amma indi Şuşadayam. Şuşanın bütün tarixi abidələrini, Cıdır düzünü, İsa bulağını hamısını gəzdik çəkilişlər etdik. Şuşa həsrətim ürəyimdə qalmadı, otuz ildən sonra gəldim gördüm. Bir qalıb Ağdam həsrəti, onu da Allah qoysa həyata keçirəcəm.

Bu mənim arzumdur ki, ata yurdumu bərpa eləyim. Təbii ki, bunlar hələ tam reallaşmayıb. İnşallah o imkan yaransa, ömrümün qalan hissəsini Ağdamda yaşamaq fikrim var. Sonda Moderator.az saytının bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Allahın salamı olsun sizlərə”.

Geri qayıt