Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi”

“Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi”


25-09-2021, 10:14
“Şoyqunun “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı Azərbaycan idi”
“Ərdoğan-Putin görüşündən öncə İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib. O, Bakının bu görüşdən böyük gözləntiləri olduğunu deyib: “Sərhədin delimitasiyası üzrə müqavilə, sülhz sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və sairə. Soçi görüşündə bu istiqamətində ciddi addımların atılacağı mümkündür, xüsusilə Türkiyənin təklif etdiyi “altılıq platforması”nın (beşlik də ola bilər) reallaşması perspektivlərinin aydın göründüyü vaxtda. Əliyev isə görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir:

– “Dağlıq Qarabağ” və “status” yoxdur, olmayacaq da;

– Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır;

– Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər;

“Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər”, – Əliyev açıq danışır. Müsahibədə əsas məqamlardan biri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığını davam etdirəcəyinə dair Prezidentin dedikləri idi. “Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, – İlham Əliyev bildirir”.

Asif Nərimanlının sözlərinə görə, müharibədən sonra Rusiyanı narahat edən, Bakı-Moskva xəttində son dövrlər müşahidə olunan gərginliyin səbəbləri sırasında rus silahları da yer alır: “Qarabağ məsələsinin bitməsi ilə rusların Cənubi Qafqazda silah bazarı zəiflədi. Azərbaycan ordusunun modernləşməsi prosesində rus istehsalı silahlara üstünlük verilməyəcəyini anladılar. Şoyqunun Moskvada Karapetyana “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı da Azərbaycan idi. Ruslar Bakının silah tədarükündən pay almaq istəyir. Bakı da istəyinə nail olmaq üçün Moskvanın istəyi ilə razılaşır. Hərbi-texniki əməkdaşlıq davam edəcək. Prezidentin bunu Ərdoğan-Putin görüşündən öncə açıqlaması görüşdən istədiyi nəticəni almaq gözləntisindən irəli gəlir”.

Geri qayıt