Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qafqazın siyasi arxitekturasını dəyişən möhtəşəm gün

Qafqazın siyasi arxitekturasını dəyişən möhtəşəm gün


25-09-2021, 09:57
Qafqazın siyasi arxitekturasını dəyişən möhtəşəm gün
Sentyabrın 27-si - “iti qovan” əməliyyatının başlanğıc günü... Azərbaycan əsgərinin məhv etdiyi “Ohanyan xətti”, dağıdılan erməni mifi, 30 illik işğala son qoyulması, BMT qətnamələrinin Ordumuz tərəfindən icra olunması və nəhayət, Qafqazın bu qələbə ilə yenidən şəkillənməsi - 27 sentyabrı özündə belə ehtiva edir. Cəmi 44 gün ərzində aparılan əks-hücum əməliyyatları və “Dəmir yumruq”la erməni ordusu çilik-çilik edildi. Bundan sonra çətin ki, özlərinə gəlsinlər.

Və heç bir beynəlxalq qüvvə Azərbaycanın bu savaşına, torpaqlarını azad etməsinə əks-arqument gətirə bilmədi. Çünki bütün güclər, həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı və torpaqların işğal edilməsi faktı qətnamələrlə təsdiqlənirdi.

“Yeni Müsavat” bildirir ki, artıq Anım Günü yaxınlaşır. Ayın 27-də ölkənin hər yerində qanı ilə bu torpaqları suvaran şəhidlərimiz yad ediləcək, bir dəqiqəlik sükutla onların ruhuna ehtiram göstəriləcək. Şübhə yox ki, Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr 2020-ci il bizdən uzaqlaşdıqca həmin tarixin Azərbaycan üçün, region üçün önəmi daha dərindən dərk ediləcək.

Azərbaycan Ordusu 44 günə faktiki bölgənin geosiyasi arxitekturasını dəyişdi. Azərbaycanın, Azərbaycan-Türkiyə alyansının xeyrinə təbii ki. Bu yeni reallıq erməni lobbisinin təsiri altında olan qlobal güc mərkəzlərinin və çevrələrinin xalqımıza qarşı illərdir hazırladıqları məkrli planları pozdu. Onların bəd niyyətlərini gözündə qoydu. Ölkəmizə qarşı 30 il davam edən beynəlxalq riyakarlığa son qoydu. Gerçək belədir ki, beynəlxalq vasitəçilər illərlə həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləməklə münaqişənin nizamlanmasına yox, dondurulmasına çalışdılar, nəticədə BMT qətnamələri kağız üzərində qaldı. Onların icrasını məhz ordumuz təmin eləməli oldu. İndi dünyanın və qonşuların bizə baxışı dəyişib. Azərbaycanın dostları ilə birgə addımları, qardaş ölkənin Cənubi Qafqazda varlığı beynəlxalq aləm tərəfindən qəbul olunur, hesablaşılır. Bu prizmadan baxanda hərbi zəfərimiz bir il sonra möhtəşəm və qürurverici görünür. Xalqın qaməti dikəldi, üzərimizdəki məğlubiyyət damğası götürüldü, qisas alındı, Şirin Mirzəyevlərin, Allahverdi Bağırovların, Əliyar Əliyevlərin ruhu şad edildi və bütün bu qalibiyyətin memarı Azərbaycan əsgəridir.

Bəzən cəmiyyətdən, fərqli düşünən siyasətçilərdən belə fikirlər səslənir ki, Qarabağın dağlıq ərazilərində suverenlik təmin olunmayıbsa, iş yarımçıq qalıb. Lakin Prezident İlham Əliyev BMT-nin tribunasından bir daha bəyan etdi ki, artıq Dağlıq Qarabağ adı inzibati ərazi vahidi yoxdur. Sadəcə, ermənilərin kompakt yaşadığı həmin ərazilərə sülhməramlı qüvvə yerləşdirilib və ermənilər ya Azərbaycan qanunları ilə yaşamalı olacaqlar, ya da başqa ölkələrə getməyi seçəcəklər. Fakt isə budur ki, işğala son qoyulub və indi hansısa revanşizm arzuları belə üfüqdə görünür. Ermənistan hakimiyyəti də vəziyyətlə barışdığını dolayısı ilə etiraf edir, Türkiyə və Azərbaycanla əlaqələrin qorulmasından danışılır, bölgədə nəqliyyat-kommunikasiyaların açılması müzakirə olunur, artıq rəsmi Bakı Zəngəzurdan danışır, Gorus-Qafan yolunun bizə aid hissəsində post qurmuşuq və vəziyyət fundamental şəkildə xeyrimizə dəyişib. Bəs bu gün 1 il öncə qazanılan zəfər eyforiyadan kənar, soyuq başla düşünəndə necə görünür?

Türkiyədə yaşayan azərbaycanlı professor Torğul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan öz gücü ilə işğal edilmiş torpaqlarını təmizləyib və ərazi bütövlüyünü bərpa edib. Onun fikrincə, bu qələbə həm də separatçı qüvvələrin iflasını ortaya çıxarıb: “Amma sadə məsələ deyil, problemlər bir gündə həll olmur. Hazırda üçtərəfli müzakirələr gedir. Amma Azərbaycan artıq əzilən və haqqı yeyilən ölkədən sözü keçən bir dövlət halına gəlib. Təbii ki, regiondakı reallıqları da qəbul etmək lazımdır - Rusiyanın gücü, İranı bəzi məsələləri qəbul etməməsi, Qərbdən olan çıxışlar... Amma bölgədə balans Azərbaycanla Türkiyənin xeyrinə dəyişib. Bu reallığa qarşı tərəflərin sərt reaksiyalarını görə bilirik, kimisi Minsk Qrupunu xortlatmaq istəyir, kimisi hansısa qətnamələr çıxarır. Mahiyyət isə dəyişmir, Azərbaycan qanuni şəkildə işğal altında olan ərazilərini azad edib”.

Professora görə, müharibənin başladığı ilk günlərdə Azərbaycan cəmiyyəti belə nəticələnəcəyini gözləmirdi: “Çünki aprel savaşından irəli gələrək bir narahatlıq var idi. Ancaq bu 44 günlük müharibə həm də Azərbaycanın modern ordu sisteminə daxil olduğunu üzə çıxardı. Bizim ordu üçün bir sınaq oldu və müasir texnologiyalardan istifadə edərək uğurlu nəticə qazandıq. Eyni zamanda, Vətən müharibəsi erməni tərəfinin provokasiyalarna baxmayaraq, Azərbaycan cəmiyyətini vəhdət halına gətirdi, vətən, millət məsələsi gələndə bütün siyasi təşkilatlar bir araya gəldi. Bu göstərdi ki, Azərbaycan cəmiyyəti daha şüurludur. Əlbəttə, daxildə siyasi polemikalar ola bilər, amma milli məsələdə xalqımız fədakarlığını, ruh yüksəkliyini və həmrəyliyini ortaya qoydu. Bunlar qələbəni təmin edən faktorlardır”.

T.İsmayılın sözlərinı görə, Azərbaycan münaqişənin keçmişdə qaldığını söyləməsinə baxmayaraq, ayrı-ayrı güclər prosesi süni şəkildə gərginləşdirməklə, “status” məsələsini tez-tez gündəmə gətirməklə öz imperialist zehniyyətini göstərir: “Amma Putin öz çıxışında deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əslində dost ölkələr istisna, kimsə ermənilərin bölgədən çıxmasını istəmirdi. Mən ABŞ-ın bədnam 907-ci düzəlişini də yada salmaq istəyirəm. Onlar Türkiyə və Azərbaycanın Ermənistanı blokadaya saldığını iddia edirdilər, Minsk Qrupu isə kababa yeyib, səyahət etməklə məşğul idi. Rusiyanın müttəfiqi Ermənistana dəstəyi, İranın sözdə bizim ərazi bütövlüyümüzü tanıyıb, işin mahiyyətinə gələndə Ermənistana dəstək verməsi... bunlar bir başqa məsələdir. Amma bu gün daldan atılan daş Azərbaycanı narahat etməməlidir. Azərbaycan qanuni hərəkət edib. Ayrı-ayrı dövlətlərin provokativ hərəkətləri bölgədə gərginliyi artıra bilər, lakin mahiyyətini dəyişmir”.



Geri qayıt