Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “DTX şəxslərin xarici dövlətlərlə bağlılığını yoxlamalıdır”

“DTX şəxslərin xarici dövlətlərlə bağlılığını yoxlamalıdır”


25-09-2021, 09:15
“DTX şəxslərin xarici dövlətlərlə bağlılığını yoxlamalıdır”
İrandan Xankəndinə qanunsuz olaraq mal daşıyan sürücülərin Azərbaycan tərəfindən saxlanılması geniş müzakirələrə səbəb olub. Vətən müharibəsi günlərində İrandan Ermənistana hərbi təyinatlı yüklər daşınması, buna etiraz edən İran vətəndaşlarının həbsə alınması, həmin günlərdə Ermənistana sərhədlərini açan tək dövlətin İran olması da hər kəsin gözləri qarşısında baş verib.

Müharibədən sonra da bizlər İranın Azərbaycana qarşı xoş olmayan münasibətinin şahidi oluruq. Qarabağdakı separatçılar Xankəndində ikən ora yük maşınları ilə mal daşınır. Bu məsələ Azərbaycanda kəskin etirazlara səbəb olub və İrana yönəlik qəzəb doğurub. Azərbaycanın əleyhinə açıq fəaliyyət göstərən, bizimlə müharibə vəziyyətində olan üçüncü ölkəni müdafiə edən İranı bu fəaliyyətinə görə haqlı çıxarmağa çalışmaq o deməkdir ki, həmin adamlar İrana tamam başqa yollarla, tamam başqa məqsədlərlə bağlıdırlar. Bu mövqenin inanc mövzusu olması da şübhə doğurur. Daha çox xəyanət və dönüklük mövzusu kimi görünür.

Bəs hazırkı situasiyada İranı açıq şəkildə dəstəkləmək hüquqi məsuliyyət yaradırmı? Dövlətə xəyanət maddəsi işə düşə bilərmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a deyib ki, İranın addımlarını təqdir edənlərlə bağlı xüsusi xidmət orqanları öz sözünü deməlidir: “Hər kəs öz mövqeyini bildirir. Baxılmalı, araşdırılmalıdır ki, konkret şəxs müstəqil şəkildə öz fikirini ifadə edir, yoxsa başqa məqsədlərə xidmət edir. Bu, mövzu bizim istəyimizdən asılı olmayaraq sosial şəbəkələrdə müzakirə olunur. Tərəfdarları da, əleyhədarları da var. Xeyli müddət İranda əlaqələrimiz olub. Təbrizdə, Ərdəbildə, Urmiyada, Zəncanda və digər vilayətlərdəki universitetlərdə Qarabağ konfransları, tədbirlər keçirmişik. Məqsədimiz Qarabağ həqiqətlərinin çatdırılması olub. Orada kitablar paylamışıq, qəzetlər bizim görüşlərimizdən yazıb. Həsən Amuli vaxtilə də Azərbaycana qarşı sərt açıqlamalar verib. Onunla bir neçə dəfə görüşmüşük. Belə görüşlərin birində ”Yeni Müsavat" əməkdaşı Elşad Paşasoy Həsən Amuliyə Azərbaycan bayrağını bağışlayıb. Həsən Amulidən müsahibə götürüb qəzetdə də dərc etdirdi. Belə görüşlər münasibətlərin normallaşmasına xidmət edirdi. Hətta Həsən Amuli bizim bayrağımızı öpüb gözünün üstünə qoydu. Biz İrandakı çıxışlarımızda İranın Ermənistanla deyil, Azərbaycanla yaxşı əlaqələr qurmağa çağırmışıq. Biz görüşlərdən birində Həsən Amuliyə dedim ki, Azərbaycanda sizdən bəzi narahatlıqlar var. Xəbər aldı ki, bu narahatlıqlar dövlət səviyyəsindədir, yoxsa cəmiyyət? Cavab verdim ki, dövlət və cəmiyyət səviyyəsində narahatlıqlar var. Dedi ki, başa düşdüm. Sonra da Azərbaycan bayrağını Təbrizdən, Ərdəbildən olan telekanalların kameraları qarşısında öpdü, gözünün üstünə qoydu".

QAT sədri deyir ki, münasibətlərin normallaşmasına çalışmaq lazımdır: “Bizə düşmən deyil, normal münasibətlər lazımdır. Hər dövlətin öz maraqları var. Bu gün Azərbaycan vətəndaşları Azərbaycanın maraqlarını müdafiə etməli, Azərbaycanın maraqlarından çıxış etməlidirlər”.

Qat sədri deyir ki, İranın Azərbaycanın əzəli torpaqlarında yaşayan bir ovuc erməniyə İran maşınlarının yük daşıması anlaşılan deyil: “Burada iqtisadi gəlirdən söhbət gedə bilməz. Qarabağda nə qədər erməni yaşayır ki, İran maşınları ora gedib nə qazanc əldə edəcək? Azərbaycan torpaqları erməni işğalı altında olduğu dövrdə İran rəsmilərindən, imam cümələrindən niyə Ermənistana yük daşınmasına icazə verildiyini soruşurduq. Cavab verirdilər ki, bizə embarqo tətbiq olunur, ehtiyaclarımız var. İndiki şəraitdə belə addımlar açıq-aydın Azərbaycana qarşıdır. Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda İranın xarici işlər naziri ilə görüşdü. Çalışmalıyıq ki, proseslər Azərbaycanın, İranın, Türkiyənin xeyrinə olsun. Bizim istədiyimiz budur”.

Tanınmış vəkil Əziz Qənbərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan vətəndaşı olaraq real hərəkətlərlə düşmənə dəstək verənlər Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər: “Söz və ifadə azadlığı hüququna görə kimlərsə öz fikirlərini sərbəst şəkildə ifadə edə bilərlər. Burada mənəvi məsuliyyətdən söhbət gedir. İnsanın şərəfi, mənəviyyatı olsa, bizimlə düşmənçilik edən, ayaqlarımız altına mina basdıran, hər fürsətdə bizim əsgərə güllə atan, dinc, əliyalın, ahıl, uşaq bilmədən insanlarımızı öldürən düşmənə dəstək verənlərin hərəkətlərini təqdir etməz”.

Vəkilin sözlərinə görə, qanunsuz silahlı dəstələrə hərəkətləri ilə dəstək verənlər mütləq qaydada məsuliyyətə cəlb oluna bilərlər: “İranın hərəkətlərinə, Azərbaycan torpaqlarında yaşayan separatçılara yardım etməsini təqdir edənlər mənəvi məsuliyyət daşıyırlər. Bu gün Azərbaycan Laçın dəhlizində gömrük-keçid məntəqəsini qurmalı, sərhədi möhkəmləndirməlidir. İran Qarabağda yaşayan ermənilərə, hansılar ki, Azərbaycan vətəndaşı sayılırlar, onlara yardım etmək istəyirsə, buyursun, Azərbaycan dövlətindən bunun icazəsini alsın. Bu gün heç bir dövlət icazəsi olmadan öz ərazisinə digər dövlətin yük maşınlarının müvafiq dövlət qurumlarının yoxlamasından keçmədən, vergi və rüsum ödəmədən keçməsinə razı olmaz. Azərbaycan da haqlı olaraq, tam qanuni olaraq ərazisinə yük daşıyan İran maşınlarını saxlayır. Bunun müqabilində bizə əzələ nümayiş etdirən İrana Azərbaycan vətəndaşlarından dəstək verənlərə bu torpağın havası da, suyu da haramdır. Bu adamlar Xocalı soyqırımını, Kəlbəcərdəki Başlıbel, Ağdaban faciələrini törətmiş, dinc Azərbaycan vətəndaşlarını qanına qəltan etmiş erməni separatçılarına yemək, tikinti materialı və digər yardımlar edənlərlə eyni cərgədə dayanmağı necə özlərinə rəva bilirlər?”

Vəkil bildirib ki, hüquq mühafizə orqanları konkret şəxslərin fikirlərinə diqqət edib onların separatçılara, onlara dəstək verənlərlə əlaqələrinin olub-olmamasını yoxlamalı, aydınlaşdırmalıdır: “Söz və fikir azadlığı var. Amma ictimai və mənəvi məsuliyyət də var axı. Dövlət Təhlükəsizliyi Xidməti bu şəxslərin xarici dövlətlərlə bağlılığını yoxlamalıdır. Əgər belə bir əlaqələr üzə çıxarsa, əməllərə adekvat qiymət verilməlidir”.



Geri qayıt