Əsas Səhifə > Güney Press, Üst manşet > Qəbələdə yerli turizm NİYƏ BATIR?

Qəbələdə yerli turizm NİYƏ BATIR?


23-07-2021, 08:49
Qəbələdə yerli turizm NİYƏ BATIR?
Yayın gəlişi ilə hamı üz tutub rayonlardakı səfalı məkanlara. Di gəl ki, hər səfalı guşəni, Allahın hamıya bəxş etmiş olduğu bu gözəlliyi bir Allah qulu mənimsəyib, özü üşün qazanc mənbəyinə çevirib. Bu dəfə Qəbələ rayonunun Qəmərvan kəndi ərazisində yerləşən Çömçəbulaq deyilən bir səfalı guşənin qıfıl altına salınmasından danışmaq istəyirəm.
Bu bulağa dəfələrlə yolumuz düşüb və problem olmadan sərt qayaların, sıldırımların əhatəsindəki buz kimi suyundan içmişik. Bu il nə məsələdirsə, Sərhəd Qoşunları istirahətə gələn insanları əraziyə pasport qeydiyyatından keçirərək buraxır.

Bu da yetməzmiş kimi üzüyuxarı bulağa tərəf qalxmaq istəyəndə keçid yolunu 4 sıravi şəxs şlaqbaumla kəsib, gələndən-gedəndən 2 manat pul istəyir. İndi bu pulu kim yığır?

Kənd sakinləri, yoxsa Sərhəd Qoşunları? Yerli zabitlərdən aldığımız məlumatda bizə deyildi ki, bu məslənin onlara dəxli yoxdur. Yolu kəsənlər də kimə işlədiklərini demək istəmirlər. Hər bulağın başında bir yolkəsən dursa, Dəli Domrulun dastanına dönəcəyik. Keçəndən bir axça, keçməyəndən 5 axça.

Ölkənin turuzm sektoru ilə məşğul olan qurumlar ümumiyyətlə, maaşı nə üçün alırlar? Bu qədər şikayətlər gəlir, özümüz öz əlimizlə işıq gələn yerə barmaq soxub kor edirik? Gərək mütləq yuxarıdan dövlət başçısı silkələyə, kimisə işdən çıxara ki, düzgün işləmə kampaniyası başlaya? (o da bir müddətlik). Mən o 4 nəfərin 2 manat almasına o zaman haqq verərəm ki, onlar bulağın ətrafında hansısa bir şərait quralar, oturacaqlar, masalar düzələr, təmiz bir tualet tikələr və deyələr ki, bura bizim xidmət sahəmizdir. Yoxsa belə? O zaman adam çoxdur deyə hamımız Bakının girəcəyinə şlaqbaum asaq, gələndən-gedəndən pul tələb edək? Nəy isə susum! Dəlinin yadına daş salmayım. Onsuz da bizdən nə desən, çıxır.

Onu da ayrıca olaraq vurğulayaq ki, təbiətə boylanmaq müqabilində pul tələb olunması halları ölkənin çox yerlərində var. İndi haqqında yazdığımız isə onlardan sadəcə, biridir.
Bizimyol.info



Geri qayıt