Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Ermənilər “Böyük Ermənistan” xülyasından əl çəkməlidirlər”

“Ermənilər “Böyük Ermənistan” xülyasından əl çəkməlidirlər”


3-12-2020, 14:54
“Ermənilər “Böyük Ermənistan” xülyasından əl çəkməlidirlər”
Rusiyalı siyasi analitik, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov AYNA-ya özəl müsahibə verib. Beləliklə:

- Türkiyə dəfələrlə Qarabağ məsələsində onun üçün ən optimal variantın, Rusiya sülhməramlıları ilə birgə patrul xidməti apardığı Suriya variantı olacağını bildirib. Ancaq sonda Qarabağın xaricində bir koordinasiya nöqtəsi yaratmağa qərar verildi...

- Türkiyədə hər şeydən əvvəl olduqca mürəkkəb iqtisadi və daxili vəziyyət var. Ərdoğanın bir tərəfdən əhalini ətrafında toplamaq üçün gözəl qələbələrə və açıqlamalara ehtiyacı var, digər tərəfdən də bunun üçün elə də böyük vəsait xərcləməməyə çalışır. Bu səbəbdən də Azərbaycanda ortaq bir nöqtənin yaradılması Türkiyə daxilində türk diplomatiyasının uğuru və Ankaranın Cənubi Qafqaz problemlərini həll edən güclərin sırasına daxil olması kimi qəbul edilə bilər. Odur ki, Ərdoğan bu vəziyyətdə imic xarakterli bütün məsələləri tamamilə həll edir.

- Üçtərəfli razılaşma çərçivəsində, ermənilər əvvəllər işğal olunmuş bölgələri tərk etdilər. Paralel olaraq, gedişləri zamanı məhv edilə biləcək hər şeyi məhv etdilər. Kəlbəcərdə bir rus şirkəti tərəfindən idarə olunan qızıl yataqları var. Kəlbəcər artıq Azərbaycana verilib. Bu şirkətin taleyi necə olacaq?

- Bunun ayrı bir danışıqlar prosesi olacağını düşünürəm. İndi açıq şəkildə bununla bağlı son qərar yoxdur. Düşünmürəm ki, şirkət məhv olacaq. Bu, tamamilə kommersiya məsələsidir və asanlıqla həll edilə bilər.

- Müharibənin başlaması ilə Fransa Prezidenti Makron Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə həll etməsinə “icazə verməyəcəyini” söylədi. Bu yaxınlarda Fransa Senatına, demək olar ki, yekdilliklə qəbul edilmiş Qarabağın “müstəqilliyinin” tanınması təklifi gəldi. Ancaq sonra Fransa Xarici İşlər Nazirliyi və Makronun özü bunu qətiyyətlə rədd etdi. Bu tərəddüdlərə necə münasibət bildirərdiniz?

- Hazırda Avropada müxtəlif partiyaların, hakimiyyət qollarının nümayəndələrinin emosional, təxribat xarakterli açıqlamalarını davamlı olaraq görürük. Bunlar reytinqlərini artırmağı hədəfləyən çox məsuliyyətsiz çıxışlardır. Avropanın siyasi elitasının böyük bir hissəsinin məsuliyyətsizliyi əsl problemdir. Xoşbəxtlikdən bütövlükdə həm Avropa İttifaqının icra qurumları, həm də ayrı-ayrı dövlətlər daha rahat bir siyasətə sadiqdir. Bunu Fransada da görürük. Xarici İşlər Nazirliyi “tanınmanın” vəziyyəti daha da pisləşdirəcəyini və bu səbəbdən qondarma “DQR”-in heç kim tərəfindən tanınmayacağını söylədiyinə baxmayaraq, Senat belə bir ziddiyətli qərar verdi. Aydındır ki, bu sənəd yalnız məsləhətdir və heç bir rəsmi status daşımır. Burada bir tərəfdən senatorların seçicilər qarşısında daxili istifadə üçün attdıqları addım, digər tərəfdən xarici siyasətdən məsul olanların yeganə doğru seçimləri açıq şəkildə görünür.

- İrəvanda, uduzan və itirən liderin onlara rəhbərlik edə bilməyəcəyinə istinad edərək, Paşinyanın istefasını tələb edirlər. Tutaq ki, o kənarlaşdırıldı və revanşistlər hakimiyyətə gəldi. Zamanı geri çevirməyə çalışacaqlar, yoxsa Ermənistan Qarabağı yenidən Azərbaycandan qopara bilməyəcəyini etiraf etməli olacaq?

- Ermənistan cəmiyyətinin və siyasi elitanın bir hissəsinin revanşist hissləri həqiqətən müşahidə olunur. Ancaq ümid edirəm ki, sağlam düşüncə qalib gələcək. Qeyd edək ki, Paşinyan, müxalifət onu səhv qərarda günahlandırarkən, onlara yalnız qınamağı deyil, konkret bir həll yolu göstərməyi təklif etdi. Yəni onlara dedi ki, “müharibənin davam etdirilməli olduğunu, rus sülhməramlılarının tərk edilməli olduğunu müsbət bir qərar hesab edirsinizsə, bunu elan edin” dedi. Və heç kim heç bir dəqiq cavab vermədi. Buna görə də, ona olan bütün neqativ münasibətimə baxmayaraq, hesab edirəm ki, daxildəki bu partiyanı Paşinyan qazandı. Və onun yerinə başqa bir adam olsaydı belə, yenə eyni addımları atardı. Yeri gəlmişkən, indi Paşinyanın dövlətin başında qalması erməni müxalifətinin özü üçün faydalıdır. Axı, itirilmiş müharibədən gələn bütün mənfi nətciələr onun ayağına yazılacaq. Ermənilər onu tarixlərinə Qarabağın itirilməsində günahkar kimi yazacaqlar. Və yeni səlahiyyətlilər, ümid edirəm ki, qonşularla münasibətləri sıfırdan başlayacaqlar.
-
Rusiyada olduğu kimi, Azərbaycanda da hamı başa düşür ki, müharibədən sonrakı regional nizamlanma prosesində hər iki xalqın dinc yanaşı yaşaması lazım olacaq. Azərbaycan xalqı, fikrimcə, buna hazırdır - onsuz da 30 min ermənimiz var, çox sayda digər etnik qruplar da yaşayır. Sual olunur: Ermənistan buna hazırdırmı? Bunun üçün nə lazımdır?

- Təəssüf ki, Ermənistanda bu proses uzun müddət çəkəcək. Erməni cəmiyyətində hökm sürən ideologiya bir gündə pozula bilməz. İndi “Böyük Ermənistan” mövzusu sadəcə medianı tərk etməli və bu addım dövlət təbliğat sistemindən gəlməlidir. Gələcəkdə Ermənistanın müsbət imici üçün, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, qonşularla sıx iqtisadi və maddi əlaqədə, sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması lazımdır. Bu, çiçəklənən Ermənistanın imicidir. Bu yol Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşmasına, vətəndaşların rifah halının yüksəlməsinə səbəb ola bilər. Əsas odur ki, ermənilər özləri ona inansınlar və ona səs versinlər, orada yaşamaq istəsinlər. Ancaq bunun üçün uzun illər tamamilə fərqli bir istiqamətdə işləyən bütün təbliğat maşınını ciddi şəkildə dəyişdirmək lazımdır.


Geri qayıt