Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanın yaratdığı yeni REGİONAL DÜZƏN

Azərbaycanın yaratdığı yeni REGİONAL DÜZƏN


1-12-2020, 16:37
Azərbaycanın yaratdığı yeni REGİONAL DÜZƏN
“İşğaldan azad olunmuş ərazilərdə sülhün təmin olunması üçün Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürüb”.

Bu fikirləri prezident İlham Əliyevin Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə, bölgədə yeni reallıq yaratması haqda fikirlərini dəyərləndirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov Yenicag.az-a açıqlamasında deyib.

Rufiz Qonaqovun sözlərinə görə, Azərbaycan Vətən Müharibəsində qalib olsa da, diplomatik müstəvidə səylərini davam etdirilməlidir. Bu fonda Azərbaycan Ordusu və iqtisadiyyatı daha da güclənəcək:

“Bu gün Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Azərbaycan xalqı bu günü çoxdan gözləyirdi. Nəhayət ki, Ali Baş Komandanın şücaəti və Azərbaycan Ordusunun gücü sayəsində arzumuz reallaşdı, biz qalib gəldik.

Hətta Ağdam, Kəlbəcər və Laçını diplomatik yolla işğaldan azad etdik. Bu isə o deməkdir ki, Azərbaycan hərb meydanında qazandığı qələbəni diplomatik meydanda da qazanıb.

Ölkə başçısı xalqa müraciətində doğru vurğuladı ki, torpaqlarımızın işğaldan azad olunması ilə yeni dövr başlayır. Artıq Dağlıq Qarabağ münaqişəsi adlı termin tarixə qovuşdu. Bundan sonra işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işlərini özündə əks etdirən bir dövr başlayır. Beləliklə, 1 dekabr tarixi Cənubi Qafqazda yeni bir reallığın yaranmasına şərait yaradıb.

Onu da qeyd edim ki, 44 günlük müharibədə Ermənistan ordusu tamamilə sıradan çıxarıldı. Bu gün biz qalib ölkənin qalib vətəndaşlarıyıq. İşğaldan azad olunmuş ərazilərimiz qısa zamanda minalardan təmizlənəcək, məcburi köçkünlərimiz BMT və aidiyyatı qurumların nəzarəti altında öz yurd-yuvalarına qayıdacaqlar.

Nəticədə Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanacaq. Proses çərçivəsində bölgədə yeni əməkdaşlıq formatı yaranacaq. Bunu istəməyən Qərb dairələri və erməni havadarları olsa da, Azərbaycan bütün planlarını həyata keçirəcək”.

Qeyd edək ki, 1930-cu ildə yaradılan Laçın rayonunun ərazisi 1 835 kvadrat kilometr, əhalisi 80 min nəfərdir (1992-ci ildə 65,5 min nəfər).

Laçın rayonu 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarətdir.

Rayon 1992-ci il mayın 18-də işğal edilərkən 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Laçın rayonundan 6 nəfər Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24 min 374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1 071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

İşğal zamanı rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olub.

Geri qayıt