Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Qaz İdarəsinin işçiləri sayğacı dəyişəndən 2 saat sonra ev yandı”

“Qaz İdarəsinin işçiləri sayğacı dəyişəndən 2 saat sonra ev yandı”


1-12-2020, 10:19
“Qaz İdarəsinin işçiləri sayğacı dəyişəndən 2 saat sonra ev yandı”
Bakının Maştağa qəsəbəsi, Daş karxanası 5 ünvanda baş verən yanğın 7 ailəni evsiz qoyub.

“Uzanmışam yorğun-döşəkdə bir də gördüm tüstü.. O biri iki otaq iç-içədir. Bir də gördüm tüstü qəflətən içəri doldu. Güc-bəla ilə uşaqları səsllədim, o biri otaqdan gəldilər. Məni güclə bayıra çıxardılar”, - zərərçəkənlərdən Gülağa Kazımov deyir.

Evlərin qaz partlayışı səbəbindən yandığı deyilir. Gülağa Kazımov deyir ki, noyabrın 24-də Qaz İdarəsinin işçiləri gəlib sayğacı dəyişiblər:

“Onlar sayğacı dəyişəndən sonra, heç 2 saat çəkmədi yanğın oldu”.

Digər zərərçəkən Şamil Kazımov isə aidiyyatı qurumların laqeydliyindən narazıdır:

“Zəng etdim 102-yə, ordan məni yönləndirdilər 119-a. 119-a zəng edirəm, deyir: “Zənd elə polisə”. Biz hara gedək? Qalmışıq yağışın altında, heç kim də gəlmədi”.

Gecələməyə yeri olmayanlardan biri də Ramil Kazımovdur:

“Kimin evində gedib qalım? Hara müraciət edim? Hamamda gecələyirəm”.

“Qurban olum, mən getmişdim işə. Heç xəbərim yox idi. Xəstə kişi üçün siqaret pulu qazanacaqdım. Gəldim, yolda dedilər: “Gülağanın evi yandı”. Çatdırdım özümü. 4 ailə, hamısı da uşaqlar. Güclə çıxarıblar içəridən”, - zərərçəkən Tərivaz Kazımova deyir.

Zərərçəkən Rahilə Səfərova da aidiyyati qurumlardan narazıdır:

“Gəlib yazıb gedirlər. Əhəmiyyət verən yoxdur bizə. Bəs bu ailə harada yaşasın?”

“Prezidentdən, Mehriban xanımdan, varlı adamlardan kömək istəyirəm. Hamımız küçələrdəyik. Kirayə tapmıram, pulum yoxdur. Pulum olsaydı, kirayə qalardım”, - Tərivaz Kazımova deyir.

Meydan TV Sabunçu Rayon İcra Hakimiyyətindən, eləcə də qurumun Maştağa qəsəbə nümayəndəliyindən məsələyə münasibət öyrənə bilməyib.


Geri qayıt