Əsas Səhifə > Güney Press > Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi


30-11-2020, 16:20
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
Gəncə Dövlət Universitetinin dosenti Qurban Bəylərov vaxtsız vəfat edib.

Trend-in məlumatına görə, dosent COVİD 19-a yoluxub, daha sonra dünyasını dəyişib. Qurban Bəylərov 1968-ci il, yanvarın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1983-cü ildə Kəlbəcər rayonunun 2 saylı orta məktəbini bitirib.

Qurban müəllim 1985-ci ildə H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasına qəbul olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

1992-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı əsasında Gəncə Dövlət İnstitutunun “Fizikanın tədrisi metodikası” kafedrasında saxlanılmışdır.

2005-ci ildə "Orta məktəb fizika kursunun ibtidai hərbi hazırlıq fənni ilə əlaqəli tədrisi problemləri" mövzusunda elmi iş müdafiə etmişdir. Fizikanın tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Hazırda Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının dosentidir.

Ailəlidir, 4 övladı var.

Geri qayıt