Əsas Səhifə > Güney Press > "Camaata başa salmaq olmur, istəyirlər gedib görsünlər, səbr edə bilmirlər"

"Camaata başa salmaq olmur, istəyirlər gedib görsünlər, səbr edə bilmirlər"


30-11-2020, 16:08
"Camaata başa salmaq olmur, istəyirlər gedib görsünlər, səbr edə bilmirlər"
Xəbər verdiyimiz kimi, noyabrın 28-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir, Hacıyev Firudin, Hüseynov Zülfüqar və Adilzadə Zibeydə Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olublar.

İşğaldan azad olunmuş ərazilər minadan təmizlənməmiş həmin ərazilərə mülki şəxslərin girişi qadağan olsa da, bəzən insanlar buna məhəl qoymur.

Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) insanları səbrli olmağa səsləyib. Xanəndə Füzulidə minaya düşərək həlak olan şəxsləri tanıdığını qeyd edib:

“İnsanlar təhlükəni başa düşməlidir. Bizim üçün bundan əvvəl bir Qarabağ təhlükəsi vardı, Qarabağı aldıq, şükürlər olsun. Xalqımızın gözü aydın, şükürlər olsun. İndi də koronavirus müharibəmiz davam edir. İnsanlar başa düşmür ki, bu qorxulu, bütün dünyaya yayılmış xəstəlikdir, bəzisi deyir ki, “əşşi, boş söhbətdir”. Belə düşünənlər cahil, savadsız adamdırlar. Ölkəmizdə bu qədər yayılmağına səbəb insanların sevinci oldu. Xalq sevindi, bir-birini qucaqladı, öpdü, küçələrə axışdı, nəticədə virus çox sürətlə yayılmağa başladı. Xəstəlik həmin vaxt yadımıza düşmədi. Bilirsiniz, ata-baba yurdlarına gizli yollarla gedənləri də haradasa başa düşürəm, amma unutmaq olmaz ki, bu təhlükəlidir. Füzulidə baş verən hadisədə ölənləri tanıyırdım. Onlardan biri oxuyan idi, Aşağı Seyidəhmədlidən idilər. Bütün günü bar-bar bağırırlar ki, oralar minalanmış ərazilərdir, hələlik getməyin. Amma camaata başa salmaq olmur, istəyirlər gedib görsünlər, səbr edə bilmirlər”.

Sənətçi Füzuli rayonundakı ata yurdunun da ermənilər tərəfindən dağıdıldığını bildirib:

“Mənim qohumlarımdan biri də bu yaxınlarda Qoçəhmədliyə getdi, məni də aparmaq istəyirdilər razı olmadım. Həmin adam oradan videolar çəkdi, bizim evi də gördüm, artıq yox idi, dağıtmışdılar. Bütün evləri dağıdıb, yandırmışdılar, onlar dünyaya göstərdilər ki, vandaldırlar, şeytandırlar. Allahın bir bəlasıdırlar, çıxdıqları yerləri darmadağın edirlər, yandırırlar. Füzulidə bayraq taxmağa salamat bir yer qoymamışdılar. Bu insanlardan nə gözləmək olar?! Qohumum deyirdi ki, Qoçəhmədlidə qəbirstanlıqda başdaşlarını çıxarıb yerinə mina düzüblər. Bu saat oralara getmək çox təhlükəlidir, bir az səbrli olaq. Xalq deyilənləri dinləyib, əməl etsə hər şey yaxşı olacaq. İnşallah, hamımız o torpaqlara qayıdacağıq!”

Geri qayıt