Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Əmanətlərin sığortalanmasında YENİ DÖNƏM:

Əmanətlərin sığortalanmasında YENİ DÖNƏM:


26-11-2020, 17:07
Əmanətlərin sığortalanmasında YENİ DÖNƏM:
“Əmanətlərin dövlət tərəfindən Azərbaycan valyutası ilə sığortalanması təmin edilməlidir”.

Bu sözləri dekabrın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin başa çatmasına münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, qeyd olunan qanunun müddəaları və icrası ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var:

“Son dövr ərzində iqtisadi vəziyyət xeyli dərəcədə dəyişib. Bununla yanaşı, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun əvvəlki icrası ilə bağlı müəyyən problemli məqamlar var idi.

Ona görə də ilk növbədə, xarici valyutada yerləşdirilən əmanətlərin sığortalanması məsələsinə baxılmalıdır. Ümumiyyətlə, xarici valyutanın ölkəmizdə dövriyyəsi tədricən olmaq şərti ilə birdəfəlik uzaqlaşdırılması zəruridir.

Çünki Azərbaycan Konstitusiyasına görə, ölkənin ərazisində yeganə ödəniş vasitəsi və istifadə gücünə malik valyuta manatdır. Belə olan halda manatın investisiyalar liqasına çevrilməsinə nail olunmalıdır.

Ölkə ərazisində investisiya resursu kimi xarici valyuta ilə hər hansı formada əməliyyatların aparılması son dərəcədə yanlış addımdır. Əmanətlərin dövlət tərəfindən Azərbaycan valyutası ilə sığortalanması təmin edilməli və eyni zamanda, bank sektorunun məsuliyyətinin artırılmasına imkan yaradılmalıdır”.

Elşad Məmmədov hesab edir ki, bank sektorundakı əmanətlərin sığortalanma faizləri ilə bağlı göstəricilərə də yenidən baxılması vacibdir:

“Sığortalanan əmanətlərin həcminin azaldılması doğru olmaz. Çünki vəsaitlərin bank sektorunda və xüsusilə də, milli valyutada saxlanılması üçün həmin əmanətlərin sığortalanan hissəsinin həcminin azalması məqsədəuyğun hesab olunmur. Hazırda faiz dərəcələri yüksək olduğu üçün bu məsələyə yenidən baxıla bilər.

Onu da təəssüflə qeyd edim ki, depozitlərin faizi aşağı düşəndə belə bank sektorumuz real iqtisadiyyata kredit qoyuluşlarının artımına lazımi səviyyədə getmir. Bütün bunları nəzərə alaraq, bütövlükdə bank sektorunun sağlamlaşdırılmasına ehtiyac var”.

Geri qayıt