Əsas Səhifə > Güney Press > Naxçıvanla Zəngilanı birləşdirəcək “Mehri koridoru” barədə ermənilərdən

Naxçıvanla Zəngilanı birləşdirəcək “Mehri koridoru” barədə ermənilərdən


25-11-2020, 11:45
Naxçıvanla Zəngilanı birləşdirəcək “Mehri koridoru” barədə ermənilərdən
Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin əməkdaşları rus sərhədçilərilə birlikdə Mehri rayonunda olub və ərazini araşdırıblar.
Yeniavaz.com Ermənistanın aparıcı nəşrlərindən olan "Hraparak" qəzetinə istinadən bildirir ki, bu barədə Ermənistanın İranla sərhədində yerləşən Mehri rayonunun bələdiyyə başçısı Mxitar Zakaryan məlumat verib.
Mxitar Zakaryan bildirib ki, bəziləri "yolların çəkilişi illər çəkəcək" deyərək bizi təskinləşdirməyə çalışarkən, məlum olur ki, heç də belə deyil: “İmzalanan üçtərəfli bəyanatın mürəkkəbi hələ qurumamış Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin əməkdaşları rus sərhədçilərilə birlikdə Mehridə olub və ərazini araşdırıblar”.
Mehri rayonunun bələdiyyə başçısı həmçinin qeyd edib ki, bu perspektivli bir məsələdir, hazırda konkret heç nə yoxdur, amma söhbət dəmir yolundan gedir.
Qeyd edək ki, 9 noyabr tarixində Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev 10 noyabr saat 01:00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və rus sülhməramlılarının münaqişə bölgəsinə daxil olması barədə ortaq bəyanat imzaladılar. Həmin bəyanatın 9-cu maddəsində Naxçıvanı Azərbaycanın qərb bölgələri (Zəngilan rayonu) ilə birləşdirəcək yolların inşası da nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Naxçıvanı Zəngilan rayonu ilə birləşdirəcək yollar Ermənistanın Mehri rayonu ərazisindən keçəcək. Yeni çəkiləcək yolların Mehri rayonunun ərazisindən Ermənistan-İran sərhədi boyunca keçəcəyi gözlənilir və hazırda bu ərazi Rusiya sərhədçiləri tərəfindən qorunur.

Geri qayıt