Əsas Səhifə > Güney Press > “Qismən mülayimləşsə də, yoluxuculuğu yüksəkdir”

“Qismən mülayimləşsə də, yoluxuculuğu yüksəkdir”


29-10-2020, 12:09
 “Qismən mülayimləşsə də, yoluxuculuğu yüksəkdir”
Dünyanı əsarətinə alan koronavirus pandemiyasının ikinci dalğası daha sürətlə yayılır.

Son bir həftə ərzində dünyada 2,8 milyon insan koronavirusa yoluxub, təxminən 40 min ölüm qeydə alınıb. Virusa yoluxma ən çox Avropada artıb. Azərbaycanda da virusun yayılma arealı əvvəlki aylarla müqayisədə çoxdur. Artıq gündəlik yoluxma 1000-ə çatıb, ölüm sayı 10-u keçib, sağalanların sayında isə azalma müşahidə olunur. Bir sözlə, infeksiyanın yayıma sürəti ilə bağlı ölkədə təhlükəli hal yaranıb.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla virusla bağlı bütün dünya üzrə artım tendensiyasının olduğunu qeyd edib. O, bu dövrü koronavirusun ikinci mərhələsi adlandırıb:

“Hazırda koronavirusun ikinci dalğası deyil. Çünki virusun özü xeyli mutasiyaya uğrayıb, xassəsini dəyişib, klinik gedişində qismən mülayimləşmə olsa da, kantagiozluğu, yəni yoluxuculuq qabiliyyəti yüksək səviyyədə qalır. Virusun ikinci mərhələsi bütün dünya üzrə müşahidə olunmaqdadır. Amma bir məqamı nəzərə almalıyıq ki, epidemioloji coğrafiya fərqlidir. Məsələn, epidemiyanın başlandığı Çində bu, demək olar ki, lokollaşdırılıb. ABŞ kimi səhiyyəsi, itisadiyyatı güclü olan ölkədə infeksiya tüğyan edir. Bu durum həmçinin, Avropa ölkələrinə aiddir”.

Həkim Azərbaycandakı duruma da toxunub. O deyib ki, Azərbaycanın da öz spesifik durumu var və əvvəl virus xeyli lokallaşdırılmışdı:

“Ümumi götürəndə, adambaşına saya görə bizdə elə də dəhşətli vəziyyət deyildi. O baxımdan, ölkədə infeksiyanın belə artmasına səbəb son vaxtlar baş verənlərdir. Vətən uğrunda haqq savaşı gedir. Ölkəmizin torpaqlarının yağılardan təmizlənməsi fonunda əhalidə yaranmış emossional durumda karantin davranışları arxa plana keçib və bəzi məsələlər artıq unudulub. Artıq televiziya kanallarında koronavirusdan qorunmaqla bağlı təbliğat kampaniyaları görünmür. Nazirlər Kabineti yanında Operativ Qərargahının iclasları baş tutmur. Gücləndirmə tədbirləri demək olar ki, yoxdur. İctimai nəqliyyatda bərbad vəziyyət var. Məktəblərin özündə müəyyən potensial yarandı. Savaş başlayandan sonra rayonlara gediş-gəliş yumşaldı. Əhali sanki iqnor situasiyası yaşayaraq karantin tələblərini pozdu. Bütün bunlar yoluxmanın əsasında dayanır və bugünkü mənzərə məhz bununla əlaqədardır. Düşünürəm ki, biz çox məsuliyyətli olmalıyıq. Nəzərdə tutmalıyıq ki, ön cəbhədə çox məsul işlə məşğuluq. Ona görə infeksiyanın ön cəbhəyə transfer olunması, yayılması, eskalasiyası ürəkaçan olmaz. Bu, ümumi işimizə zərbə vura bilər. Hər bir şəxs özü-özülüyündə ictimai şuura malik olmaqla karantin davranışlarını gözləməli, dövlət də üzərinə düşən tədbirləri görməlidir”.

Geri qayıt