Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı...

Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı...


29-10-2020, 08:31
Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı...
Oktyabrın 29-da Cenevrədə xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi gözlənilir. Təşəbbüs müəllifləri görüşü təşkil etməklə Qarabağ cəbhəsində gərginliyin azaldılamasına nail olmaq istəyirlər. Ancaq bundan əvvəl Moskva, Paris və Vaşinqtonun təşəbbüsü ilə əldə olunan humanitar razılaşmanın hər üç halda işğalçı Ermənistanın terror aktları törətməsi ilə pozulması nikbinliyə yer qoymur.

Məlum olduğu kimi, ilk iki atəşkəs razılaşması Gəncə və Tərtər əhalisinə qarşı terror törədilməsi ilə nəticələndi, Vaşinqtonda əldə olunan razılaşmanın ardınca isə Bərdənin dinc sakinlərinə qarşı qətliamlar törədildi. Bundan sonra Cenevrə görüşündən zərrə qədər də nəticə gözləmək olmaz. Əslində Azərbaycan Prezidenti hələ bir neçə gün əvvəlki çıxışında bu görüş haqda danışarkən demişdi ki, 28 illik danışıqların heç bir mənası olmayıbsa, bundan sonrakılardan da nəticə gözləmir. Ancaq dövlət başçısı dinc tənzimlənməyə önəm verdiyini növbəti dəfə nümayiş etdirdi, Cenevrə danışıqlarından da imtina etmədiklərini söylədi. Lakin bu, bir faktdır ki, ciddi nəticəni nə rəsmi Bakı gözləyir, nə də xalq. İşğalçı Ermənistan humanitar atəşkəsi alçaqcasına pozmaqla, dinc əhalini hədəf seçməklə masadakı müzakirələrə haqq etmədiyini növbəti dəfə nümayiş etdirdi. Ən əsas arqument budur ki, hər dəfə diplomatik təmaslardan, atəşkəs razılaşmasından sonra Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı böyük miqyaslı terror aksiyaları törədir. Bəs bu tip görüşlərə vaxt sərf etməyə bizi nə vadar edir? İmtina etsək, nə olar?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Ermənistan Azərbaycan Respublikasının Bərdə şəhərində növbəti qanlı müharibə cinayəti törətməklə heç bir humanizmə, mərhəmətə layiq olmadığını bir daha sübuta yetirdi: “Bu vəziyyət isə Ermənistanın davranışlarındakı parodoksal vəziyyətə daha ciddi yanaşılmasına zəmin yaradır. Bir tərəfdən Ermənistanın baş naziri imkan tapıb əlaqə saxlaya bildiyi hər kəsdən atəşkəs dilənir, ən ağır şərtlərə razı olduğunu deyir, digər tərəfdən isə Azərbaycanın mülki əhalisinə qarşı amansız müharibə cinayətləri həyata keçirilir. Məhz bu baxımdan yaranmış vəziyyətə beynəlxalq səviyyədə iki rakursdan yanaşılmasına ehtiyac var: birincisi, Qarabağ klanı və onun Ermənistan ordusundakı nüfuz müvəkkilləri artıq Ermənistanın siyasi hakimiyyəti ilə razılaşmır, müstəqil qərarlar qəbul edirlər.

Bu isə ordunun nəzarətdən çıxdığı anlamına gəlir; ikinci amil isə Nikol Paşinyanın ciddi psixoloji xəstə olduğu və bu səbəbdən ziddiyyətli qərarlar verdiyi ehtimalı ilə bağlıdır. Hər iki hal Erməmnistana qarşı ciddi sanksiyaların tətbiqini, bu ölkənin siyasi və hərbi rəhbərliyi ilə bağlı Beynəlxalq Tribunalın çağırılmasını zəruri edir”. Cenevrədə baş tutması gözlənilən danışıqlara gəldikdə isə, E.Mirzəbəyli qeyd etdi ki, son hərbi cinayətdən sonra heç bir nəticənin əldə olunmayacağı öncədən bəllidir: “Amma görüşdən imtina etməyin doğru olmadığını düşünürəm. Azərbaycan bütün müstəvilərdə doğru bildiyini, öz maraqlarına uyğun olanı edir. Görüş isə Azərbaycanın öz mövqeyini ifadə etmək üçün əlavə platformadır. Bu platformadan da ölkəmizin maraqlarına uyğun istifadə ediləcəyinə qətiyyən şübhə etmirəm”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanın 27 ildən artıq danışıqlar prosesində iştirak edir: “Bu danışıqlar demək olar ki, status-kvonun möhkəmlənməsinə hətta Aprel döyüşlərindən sonra ”Qarabağın müstəqilliyini tanıyın" kimi absurd təzyiqlər ediblər bağlı qapılar arxasında. Minsk Qrupu formatında danışıqların mahiyyəti əsasən buna əsaslanıb: işğalın davam etməsinə zəmin yaradaraq Azərbaycanı faktla barışdırmaq. Ona görə də Azərbaycan danışıqlar naminə bu danışıqlara getdi ki, geosiyasi şərtlər dəyişən kimi əraziləri işğaldan azad etsin. Bizim üçün bu danışıqların mahiyyəti aydın olub və bundan sonra da aparılan danışıqlar məhz bu istiqamətdə davam edəcək ki, Qarabağ Azərbaycandan qoparılsın. Prezident İlham Əliyev də bunları açıq ifadə edərək bu kimi danışıqların mənasız olduğunu qeyd etdi". Politoloq hesab edir ki, həmsədrlər Prezidentin bu çıxışından sonra fəaliyyətlərini dayandırmalıdır: “Görünür, bunlar yalnız Ermənistanı qutarmaq üçün çalışırlar. Ermənistan üç humanitar atəşkəsdən sonra Azərbaycanın şəhərlərinə raketlər ataraq mülki insanları öldürüb. Belə ölkə ilə diplomatik danışıqlar faydasızdır. Hesab edirəm ki, Cenevrə danışıqları da mənasız və nəticəsi olmayan danışıqlardır. Vaxt var idi Ermənistan bu danışıqlara yalnız danışıqlar xatirinə qatılırdı. İndi biz danışıqlar xatirinə qatılırıq. Ermənilər indi hər görüşə ümidlə gəlir. Azərbaycan, sadəcə, diplomatik müstəvidə bu danışıqlara qatılır. Onsuz da qalib tərəf Azərbaycandır. 30 ildən sonra masadakı danışıqlarda Ermənistan Azərbaycanın yanında çarəsiz və məğlub tərəfdir. Bu danışıqlara artıq biz qalib tərəf olaraq gedirik”. Ancaq ekspert də hesab edir ki, ermənilərin Bərdəyə hücumundan sonra Cenevrə danışıqlarına getməyə dəyməz: “Onsuz da bu görüş mənasızdır və bizim üçün əhəmiyyətli deyil. Azərbaycan tərəfi üçün bu danışıqlar onda əsaslı ola bilər ki, Ermənistan elan etsin ki, ordumuzu çıxarırıq. Belə bir bəyanat isə olmayacaq və İrəvan buna getməyəcək. Sadəcə, atəşkəs üçün Minsk Qrupu toplanır ki, Azərbaycana vəd versin. Ona görə də Azərbaycan bu kimi danışıqları heçə sayacaq və yol Şuşayadır. Bizim Şuşaya yolumuzu Cenevrə danışıqları kəsə bilməyəcək”.
“Yeni Müsavat”

Geri qayıt